HÉGEL Georq Vilhelm Fridrix (27.8.1770, Ştutqart – 14.11.1831, Berlin) – alman filosofu, “mütlәq idealizm” sisteminin yaradıcısı. Mәmur ailәsindә doğulmuşdur. Ştutqart gimnaziyasında qәdim dillәri, antik tarix vә әdәbiyyatı öyrәnmiş, bu sahәyә maraq vә sevgisini bütün hәyatı boyu saxlamışdır. 1788–93 illәrdә Tübingen teologiya in-tunda F.V.Şellinq vә F.Hölderlinlә birlikdә oxumuşdur. 1793–1800 illәrdә Berndә vә Frankfurt-Maynda ev müәllimi olmuş, bu cür hәyat tәrzini öz tәhsilini tәkmillәşdirmәk üçün daha münasib hesab etmişdir. 1801–06 illәrdә Yena Un-tindә dәrs demiş, ilk mәqalәlәrinin çap olunduğu “Tәnqidi fәlsәfә jurnalı”nı Şellinqlә birlikdә nәşr etdirmişdir. Tәşәkkülü Yenada başa çatmış H. fәlsәfәsi başlıca әsәri olan “Ruhun fenomenologiyası”nda (“Phänomenologie des Geistes”, 1807) geniş әsaslandırılmışdır. 1807–08 illәrdә Bamberqdә “Bamberq qәzeti”nin redaktoru olmuşdur. 1808–16 illәrdә Nürnberqdә gimnaziya direktoru olmuş, 3 cildlik fundamental “Mәntiq elmi” (“Wissenschaft der Logik”, 1812–16) әsәrini nәşr etdirmişdir. 1816 ildәn Heydelberq (1816–18), 1818 ildәn Berlin un-tlәrindә prof. kimi çalışmışdır. Tәlәbәlәr üçün dәrs vәsaiti kimi “Mәntiq elmi” (1812–16 illәrin “Böyük mәntiq”indәn fәrqli olaraq, “Kiçik mәntiq”), “Tәbiәt fәlsәfәsi” vә “Ruh fәlsәfәsi” әsәrlәrindәn ibarәt “Fәlsәfә elmlәri ensiklopediyası”nı (“Encyklopädie der philosophischen Wissen schaften im Grundrisse”, 1817) vә Berlindә “Hüquq fәlsәfәsi”ni (“Grundlinein der Philosophie des Rechts”, 1820) nәşr etdirmişdir. H.-in tarix fәlsәfәsi, din fәlsәfәsi (Allahın varlığının sübutları haqqında kursla birlikdә), fәlsәfә tarixi vә estetikaya dair mühazirәlәri özünün vә dinlәyicilәrinin qeydlәri әsasında ölümündәn sonra şagirdlәri tәrәfindәn hazırlanmış “Seçilmiş әsәrlәri”nin tәrkibindә işıq üzü görmüşdür.

İlk әsәrlәri. 1790-cı illәrdә yazılmış әsәrlәrin (ilk dәfә 1907 ildә nәşr olunmuşdur) mәrkәzindә din problemi vә onun “xalq ruhu”nun formalaşmasındakı rolu dayanırdı. H.Tübingen vә Bern dövrlәrinin tamamlanmamış “Xalq dini vә xristianlıq” (“Volksreligion und Christentum”) vә “Xristian dininin pozitivliyi” (“Die Positivität der christlichen Religion”) әsәrlәrindә ümumxalq fantaziyasında vә azad siyasi bir gәyaşayışda kök salmış “ürәyin” “canlı” dinini (H. qәdim yunan dinini bu cür din hesab edirdi) xalq hәyatına yad olan avtoritar hökmlәr sistemi kimi “pozitiv” xristian dininә qarşı qoyurdu. Frankfurt dövrünün “Xristianlığın ruhu vә onun taleyi” (“Der Geist des Christentums und sein Schicksal”) traktatında qәdim yunan “gözәllik dini”nin antipodu qismindә artıq xristianlıq deyil, tәbiәtdәn ayrılmanın tәcәssümü kimi qәdim yәhudi dini (Bibliya iudaizminin “qanunpәrәst ruhu”nun tәnqidi H.-dә Kant etikasının moralist riqorizmi ilә birlәşir) çıxış edir, xristianlıq isә bu ayrılmanı “sevgi”nin tәbliği ilә aşmaq cәhdi kimi başa düşülür ki, bu cәhd özü dә qeyri-kamil vә ziddiyyәtlidir. “Hәyatın sonsuz dolğunluğu” nu bәrpa edәn, bütün şüur mәhdudiyyәtlәrini aradan qaldıran vә “tale” (yadlaşmış “obyektivlik” hakimiyyәti) ilә barışdıran әsl “vәhdәt” kimi “sevgi” H.-in o dövrdә dindә axtardığı obyektivlik vә subyektivliyin “canlı” vәhdәtinin yalnız subyektiv mәqamı olaraq qalırdı; Yena dövründә isә “ruhun” konkret tamlığının әn adekvat ifadә forması kimi fәlsәfә tam şәkil dә dinin yerini tuturdu. Yena dövrü әsәrlәrindә (“Fixte vә Şellinq fәlsәfi sistemlәri arasında fәrq” – “Die Dif ferenz des Fichteschen und Schel lingschen Systems der Philosophie”, 1801; “İnam vә bilik, yaxud Kant, Yakobi vә Fixte fәlsәfәlәri qismindә, formalarının bütünlüyü ilә götürülmüş subyektivliyin reflektiv fәlsәfәsi” – “Glauben und Wissen, Oder die Reflexionsphilosophie der Subjektivitat, in der Vollständigkeit ihrer Formen, als Kantische, Jacobische und Fichtesche Philosophie”, 1802) öz sәlәflәri vә müasirlәrindәn ayrılması prosesindә H. әvvәllәr bölüşdüyü Şellinqin eyniyyәt fәlsәfәsindәn kәnarlaşmış vә “Ruhun fenomenologiyası”nın ilk hissәsi kimi nәzәrdә tutduğu yeni “elm sistemi”nin әsaslarını axtarmağa başlamışdı.
“Ruhun fenomenologiyası”. Kitabın, ehtimal ki, Kant fәlsәfәsinin tәnqidi kontekstindә yaranmış ilkin adı (“Şüur tәcrübәsi haqqında elm”) sonradan “Ruhun fenomenologiyası” olmuşdur; belә ki, şüur tәcrübәsini nәzәrdәn keçirәrkәn aydınlaşır ki, bütün әvvәlki şüur formaları yalnız “fenomenlәr”, özünüdәrk yolunda ruhun hallarıdır vә onda öz substansiyasında olduğu kimi әks edilir. Yeni dövr transsendental fәlsәfә әnәnәsini başa vuran “Ruhun fenomenologiyası” varlığı yalnız onun şüurda tәzahürü vә şüur üçün “müәyyәnliyi” aspektindә nәzәrdәn keçirir: şüurun müәyyәnlik kimi tanıdığı varlıq şüurun predmeti kimi qәbul edilir. Şüur eyni zamanda hәm öz predmetinin, hәm dә özü özünün dәrki olduğundan, özünün predmet haqqında biliyini predmetin özü ilә müqayisә edir vә biliyinin qeyri-adekvat olduğuna әmin olduqdan sonra onu dәyişir. Lakin predmet haqqında biliyin dәyişmәsilә şüurda güman olunan predmet dә dәyişir. Predmetin şüurda yenidәn әks olunan “özündә varlıq” mәqamı predmetin “şüur üçün” varlığına, müxtәlif formalarının ardıcıl dәyişmәsi ilә “mütlәq bilik” sәviyyәsinә ucalan biliyә çevrilәrәk, daim fenomenoloji tәcrübәdә üzә çıxır. Şüurun öz-özündә hәyata keçirdiyi, “şübhә” vә “ümidsizlik”lә müşayiәt olunan vә yeni predmetin güman edilmәsinә gәtirib çıxaran bu “dialektik hәrәkәt”in özü elә şüur tәcrübәsidir; bu tәcrübәnin sonrakı pillәsi özündәn әvvәlki pillәnin “doğruluğu”nun hәqiqәti kimi üzә çıxır. Belә ki, şüurun ilk obrazının (“geştaltın”) – özü nün tәkliyi ilә bilavasitә var olan “hissi yәqinliyin” hәqiqәti “bu”, “burada”, “indi”, “mәn” kimi mücәrrәd-ümumi anlayışlardır, çünki dil yalnız şüurun yeni formasının – “qavrayış”ın predmeti olan ümumini ifadә edir. Şüurun “hissi yәqinlik”, “qavrayış” vә “fәhm” pillәlәrini keçәn birinci “dairә”sinin sonunda H.-in kimi qәbul etdiyi vә “sonsuzluq” adlandırdığı spekulyativ struktur aşkarlanır. “Sonsuzluq” strukturu öz-özü ilә әlaqәli olan özündә fәrqli, öz “digәr”ini (öz әksini) güman edәn vә bu “ikilәşmә”dә onu özünә götürәn bütövlük kimi fenomenoloji hәrәkәtin bütün sonrakı “dairә”lәrindә yenidәn canlanır. Şüur anlayışının vә onun predmetinin üst-üstә düşdüyü “özünüdәrk” şüurun “hәqiqәti” kimi çıxış edir. Özünüdәrk dәrk edәn üçün özündә olan demәkdir, bu da onun digәr özünüdәrk tәrәfindәn “tәsdiqlәnmәsi” sayәsindә baş verir. Özünüdәrkin bu “ikilәşmәsi”ndә hәr bir özünüdәrk özünün özü üçün varlığını tәsdiq emәyә çalışarkәn, hәm dә digәr özünüdәrk üçün mövcud olur vә bu qarşılıqlı münasibәtin hәr iki qütbü “hökmranlıq” vә “kölәlik” kimi dramatik “tanınma” tәcrübәsindә açılır. Bu mәrhәlәdә yalnız “hәyati dolğunluqdan” mәhrum “xalis düşüncә”yә gedişdәn ibarәt olan özünüdәrkin (H.-dә bunun tarixi analoqu “stoiklik” vә “skeptiklik”dir) azadlığı hәlә mücәrrәd qalır. Özünüdәrkin hәqiqәti “ağıl”dır (“bütün reallıqdan ibarәt olan şüurun yәqinliyi”) vә bu zaman “özünüdәrk vә varlıq eyni bir mahiyyәtdir”. Bunun aşkarlanması qanunları dәrk edәn “müşahidәçi ağıl”ın vә özünü gerçәklikdә reallaşdıran “fәal ağıl”ın mövzusudur. Lakin bu gerçәklik, universal ağlın real substansiyası (vә subyekti) ilk növbәdә “xalqın mәnәvi hәyatı” kimi çıxış edәn ruhdur. Ruhun fenomenoloji hәrәkәtin ilk ontoloji mәnbәyi kimi çıxış etmәsi fenomenoloji hәrәkәtin öz xarakterini dәyişir: o, real bütövlük kimi ruhun zaman içindә baş verәn tarixi forma dәyişikliklәrinin (“dünyaların”) fenomenologiyasına çevrilir ki, bunun da mücәrrәd mәqamları yuxarıda nәzәrdәn keçirilәn “şüur”, “özünüdәrk” vә “ağıl”dır. Xalqın vә ailәnin “mәnәvi dәyәrlәr”dә ifadә olunan bilavasitә bütövlüyü kimi “canlı mәnәvi dünya” (“mәn” “biz”, “biz” isә “mәn” demәkdir) vә onun dağılmasından yaranan formal ümumiliyә vә mücәrrәd “sima” anlayışına malik “hüquqi vәziyyәt” dә elә bu cürdür; “savadlılıq dünyası” (“mәdәniyyәt”, Bildung) ilә “vicdan”da öz-özünün gerçәkliyinә malik ruhu özünә qaytaran “әxlaq dünyası” vә “inam dünyası”nın qarşı-qarşıya durması öz daxilindә ikilәşmiş “özündәn uzaqlaşmış ruh” dünyası üçün sәciyyәvidir. Din ruhun özünüdәrki kimi çıxış edir vә o, “tәbii din”, “sәnәt dini” (qәdim yunanların dini vә sәnәti onun proobrazıdır) vә “vәhy dini” (“xristianlıq”) tarixi formalarında aşkarlanır. Lakin ruh dindә yalnız “tәsәvvür prosesi forması”nda özünü dәrk edir vә ona yeganә adekvat olan “anlayış forması”na hәlә yetişmir; “anlayış forması” ruhun özünü dәrkindә sonuncu – “mütlәq ruhun” öz qarşısından keçәn “obrazlar qalereyası” haqqında özünәmәxsus xatırlamalarından ibarәt “mütlәq biliyi” (yaxud “elm”) sәciyyәlәndirir.
“Mәntiq elmi” kateqoriya ardıcıllığını gözlәmәklә “mütlәq bilik” mәzmununun sistematik izahından ibarәtdir; bu zaman hәr sonrakı pillә әvvәlkinin nәticәlәrini saxlamaqla, daha çox inkişaf etmiş konkret tam kimi çıxış edir. Sonsuzluq anlayışı bütün mәntiqi kateqoriyaların quruluşu üçün model rolunu oynayır; bu anlayış әsәrdә sonsuzluğun özünüfәrqlәndirmәsi, “mәnfi sonsuzluq” qismindә sonlu ilә qarşıdurması vә yenidәn müsbәt, yaxud “әsl” sonsuzluq qismindә özünә qayıdışından ibarәt üç pillәli proses kimi tәsvir edilir. “Sonsuzluq” özündәziddiyyәtli vә buna görә hәrәkәtdә olan vәhdәt kimi götürülәn “varlıq” şәklindә “Mәntiq elmi” şәrhinin ilkin çıxış nöqtәsinә çevrilir: mücәrrәd “başlanğıc” kimi “xalis varlıq” özünün qeyri-müәyyәnliyinә görә “heçnә” ilә eyni olmaqla, varlıq vә qeyri-varlığın, yaranma vә yoxolmanın vәhdәti kimi “tәşәkkül”ә keçidi bildirir. Tәşәkkülün nәticәsi kimi “mövcud olan”, yaxud müәyyәn, varlıq, özünә әks olan “digәr”i ilә әlaqәli “nәsә” çıxış edir; öz “sәrhәdi” sayәsindә “nәsә” eyni zamanda özündә varlıq vә digәri üçün varlıqdır ki, bunların arasındakı fәrq dә öz-özünә uyğun gәlәn özü üçün varlıqda aradan qalxır. “Varlıq haqqında tәlim” (“Mәntiq elmi”nin 1-ci hissәsi) keyfiyyәt, kәmiyyәt, ölçü kimi kateqoriya qruplarını; “Mahiyyәt haqqında tәlim” (2-ci hissә) “mahiyyәt”in bir sıra “refleksiv”, yәni bir-birinә qarşılıqlı sәbәbiyyәt vә qarşılıqlı inikası olan anlayışlarını (hadisә vә qanun, eyniyyәt vә fәrq, tam vә hissәlәr, xarici vә daxili, sәbәb vә fәaliyyәt vә s.); “Anlayış haqqında tәlim” (3-cü hissә) “subyektiv” anlayışdan (ümumi, xüsusi vә tәk kimi mәqamları ehtiva edәn vә mülahizәlәrdә, әqli nәticәlәrdә açılan özözlüyündә anlayış) “obyektiv” anlayışa (insan tәrәfindәn dәrk olunan әsas obyekt tiplәri kimi “mexanisizm”, “kimyaçılıq” vә “teologiya”) vә “ideya”ya keçidi şәrh edir: H.-dә “mütlәq ideya” “Mәntiq elmi”nin bütün әvvәlki anlayışlarını bütünlükdә әhatәlәyәn, dialektik sәbәbiyyәtlәrin hәrәkәtini başa çatdıran әn ali vә әn zәngin kateqoriyadır.
Berlin dövrü әsәrlәri. “Ruhun fәlsәfәsi”ndә subyektiv (antropologiya vә psixologiyanın predmeti kimi fәrdi can), obyektiv (azad iradәnin reallaşması kimi sosial hәyat sahәsini әhatә edir) vә mütlәq ruhu (burada incәsәnәt ilk dәfә H.-dә ruhun özünüdәrk prosesindә din vә fәlsәfәdәn әvvәlki müstәqil mәrhәlә kimi çıxış edir) ayıran H. obyektiv ruhun geniş izahını “Hüquq fәlsәfәsi”ndә vermişdir. Sonuncu su insan azadlığının hüquq, әxlaq vә onları birlәş dirәn ailә, vәtәndaş cәmiyyәti vә dövlәtdәn ibarәt mәnәviyyat kimi obyektivliklәri vasitәsilә açılır. J.J.Russonun irәli sürdüyü müqavilәli dövlәt nәzәriyyәsini rәdd edәn H. dövlәti “mәnәvi ideyanın fövqәlfәrdi gerçәkliyi” (real tәzahürünә qәdәr zәrәrli olsa belә) kimi müәyyәnlәşdirirdi. H. konstitusiyalı monarxiyanı ideal dövlәt quruluşu hesab edirdi. “Hüquq fәlsәfәsi”nin ön sözündә ifadә etdiyi “ağıllı olan hәr şey gerçәkdir vә gerçәk olan hәr şey ağıllıdır” mәşhur tezisi ictimai yenidәnqurmaların mümkünlüyü vә sәrhәdlәri haqqında qızğın mübahisәlәr predmetinә çevrildi. Tarixilik, inkişaf prinsipi H.-in Berlin dövrü mühazirә kurslarındakı materialın şәrhini müәyyәnlәşdirirdi. O, fәlsәfә tarixini müxtәlif dağınıq düşüncәlәrin toplusu kimi deyil, erkәn, “әn kasad vә abstrakt” sistemlәrdәn onları ehtiva edәn daha inkişaf etmiş vә konkret sistemlәrә doğru fәlsәfi fikrin ardıcıl hәrәkәti, bu sistemlәrin tarixi dәyişkәnliyindә ideyanın bütövlüyünün ardıcıl açılması kimi nәzәrdәn keçirirdi. “Özündә varlıq” kimi ruh mahiyyәtcә azadlıq olduğundan, ruhun zaman daxilindә özünü aşkarlaması kimi ümumdünya tarixinin ardıcıl hәrәkәt mәzmunu vә son mәqsәdi bu azadlığın dәrkidir. Əgәr Şәrq xalqlarında yalnız bir insan (despot, hökmdar), yunan-Roma dünyasında bәzilәri (qullar deyil, vәtәndaşlar) azad idilәrsә, xristianlığın meydana gәlmәsi ilә bütün insanların azad olması düşüncәsi yarandı. Hәr mәrhәlәdә müәyyәn xalq tәrәfindәn yaradılan vә onun konkret ruhunu ifadә edәn dövlәt bu azadlığın obyektiv reallaşmasıdır. Öz dövrlәrinin mәnasını tәcәssüm etdirmiş Makedoniyalı İsgәndәr, Yuli Sezar, Napoleon kimi dahilәri H. ayrı-ayrı insanların “ehtiraslar oyunu”nu, şәxsi mәqsәd vә maraqlarını istifadә etmәklә özünә yol açan dünya ruhunun “inanılmış şәxslәr”i adlandırırdı. Estetikada H. alman romantik mәktәbinin ideyalarını (F.Şlegel vә digәrlәri tәrәfindәn inkişaf etdirilmiş “klassik” antik vә yeni, “romantik” sәnәtin antitezisi vә s.) yenidәn işlәyәrәk, “sәnәtdә gözәlliyin” tarixi formalarının, yaxud ideyanın hissi tәzahürü kimi “ideal”ın sistemli konsepsiyasını yaratdı: hәlә qeyri-müәyyәn olan, özünün xarici ifadәsini axtaran simvolik forma; ruhun ideal anlayışına uyğun gәlәn hissi-konkret obrazı kimi “gözәl fәrdilik” özünә adekvat olan bәdii tәcәssümünü qazanan klassik forma (qәdim yunan heykәltәraşlığının “mәsum allahlar”ı); sonsuz subyektiv daxili hәyatdan ibarәt olan, ruhi elementin üstünlüyü ilә sәciyyәlәnәn romantik forma (xristianlıq әsasında yetişәn orta әsrlәr vә Yeni Avropa incәsәnәti). H.-in ideyaları 19–20 әsrlәrdә fәlsәfi fikrin inkişafına böyük tәsir göstәrdi. Onun mütlәq ruh (dinin vә fәlsәfәnin qarşılıqlı münasibәtlәri), dialektik mәntiq konsepsiyaları, dövlәt haqqında tәlimi artıq әn yaxında vamçılarında sәrt diskussiyalar predmetinә çevrilmişdi. Ortodoksal hegelçiliklә qarşıdurmada, bir tәrәfdәn L.Feyerbaxın antropoloji konsepsiyasında vә K.Marksın sosial fәlsәfәsindә H. dialektikasının materialist yenidәndәrki baş verirdisә, digәr tәrәfdәn 19 әsr dini-fәlsәfi fikrindә Şellinqin son dövr yaradıcılığındakı “vәhy fәlsәfәsi”, S.Kyerkeqorun ekzistensial fәlsәfә cәrәyanları, Tübingen katolik mәktәbin tәmsilçilәrinin (İ.A.Möler, 1796–1838; F.A.Ştaudenmayer, 1800–56) H.-in dövlәt konsepsiyasına qarşı çıxan Kilsә haqqında tәlimi, Rusiyada slavyanofillәrin dini fәlsәfәsi vә s. formalaşırdı. 19 әsrin 2-ci yarısı – 20 әsrin әvvәllәrindә neohegelçiliyin müxtәlif versiyaları (Britaniya mütlәq idealizmi vә s.) yarandı. 20 әsrdә H.-in tәsiri neomarksizm (Frankfurt mәktәbi), fransız ekzistensializmi, fәlsәfi hermenevtika vә s.-dә özünü göstәrirdi.










