HEGEMONLUQ (yun. ήγεμονία – hökmranlıq) – hәr hansı qüvvәnin hökmranlığı, yaxud üstünlüyü. Qәdim Yunanıstanda kimin, yaxud nәyinsә (dövlәtin, ordunun, gәminin) üzәrindә ali sәrәncam vermә hüququ “H.” anlayışı ilә ifadә edilirdi; Yunan-İran müharibәlәri dövründәn “H.” termini yunan dövlәtlәrindәn birinin (adәtәn, Sparta, yaxud Afina; reallıqda H. ümumi hәrbi әmәliyyatlara rәhbәrlik kimi hәyata keçirilirdi) siyasi liderliyi mәnasını qazandı. Siyasi münasibәtlәr sahәsindә “H.” anlayışı müәyyәn ictimai sinfin hakimiyyәt sistemindә rolunun, hәmçinin dövlәtlәrin beynәlxalq arenada yürütdüklәri siyasәtin sәciyyәlәndirilmәsi üçün istifadә edilir. H. öz-özlüyündә hakimiyyәt deyil, tәsir vә öndәrlikdәn ibarәt iki başlanğıcın birlәşәrәk yekun H. fazası olan hökmranlığa keçmәsidir. Siyasi praktika sahәsindә H. probleminin konseptual tәhlili 20 әsrdә marksizmin inkişafının, daha sonralar isә universal siyasi diskursun әn mühüm aspektlәrindәn biri oldu. İlkin dövrdә “H.” anlayışı kapitalist cәmiyyәtinin inqilabi yenidәnqurulmasında proletariatın rolu vә yeri ilә әlaqәdar istifadә edilsә dә, A.Qramşinin elmi işlәri nәticәsindә onun mәzmunu kompleks sәciyyә qazandı. H. ictimai konsensusun dinamik vә fasilәsiz tәmin olunması prosesi kimi nәzәrdәn keçirilmәyә başladı. 20 әsrin 2-ci yarısında Qram şinin tәsәvvürlәri neomarksizm tәrәfdarları vә beynәlxalq münasibәtlәrin sülh-sistem tәhlili nümayәndәlәri (İ. Valerstayn vә b.) tәrәfindәn yaradıcılıqla yozuldu; onlar H. probleminin tәhlili zamanı dövlәt daxili hakimiyyәt münasibәtlәrinin nәzәrdәn keçirilmәsi hüdudlarından kәnara çıxaraq, onu beynәlxalq münasibәtlәrin problemi kimi şәrh etmişlәr.










