HÉHELƏR (özlәrini w a h e h e adlandırırlar) – Cәnubi Tanzaniyada (әsasәn, İrinqa vil.-ndә vә Mbeya, Dodoma vә Moroqoro vilayәtlәrinin sәrhәdyanı rayonlarında) bantu qrupundan xalq. Usunqva dağlarında vә Böyük Ruaha, Kiçik Ruaha vә Kilombero çayları hövzәsindәki yaylada yaşayırlar. Sayları 1,3 mln. nәfәrdir (2016). Hehe (kihehe) dilindә danışırlar; yazıları latın qrafikası әsasındadır. Suahili dili dә yayılmışdır. Dindarları, әsasәn, xristiandır; müsәlmanlar, rastafarianlar vә әnәnәvi kultlara sitayiş edәnlәr dә var. 19 әsrdә H.-in 15 icma birliyi mövcud idi. Hәmin әsrin ortalarında nqonilәrin hücumunu dәf etmәk mәqsәdilә Nquruhe icma birliyinin hakimiyyәti altında Uhehe ittifaqında birlәşmişdilәr. Uhehenin әn qüdrәtli dövrü fil dişi vә duz karvan ticarәtinә nәzarәt edәn Mkvavanın hakimiyyәt illәridir. Mkvava alman müstәmlәkәçilәri әleyhinә üsyan qaldırmış (1891–98), lakin mәğlub olduqdan sonra intihar etmişdir (onun kәllәsi Almaniyaya gәtirilmiş, 1954 ildә Tanqanikaya qaytarılmışdır. Tanzaniyanın milli qәhrәmanı kimi onun şәrәfinә yaradılmış İrinqa ş. yaxınlığındakı Kalenqa muzeyindә saxlanılır). Ənәnәvi mәdәniyyәtlәri Şәrqi Afrika әkinçilәri üçün sәciyyәvidir. Toxa әkinçiliyi ilә (bәzi yerlәrdә növbәli әkin vә gübrәlәrdәn istifadә edirlәr) mәşğul olurlar. Yastı dam örtüklü, düzbucaqlı möhrә evlәr (tembe) sәciyyәvidir. Ağac üzәrindә oyma (ev әşyaları, mebel, koma qapısı, antropomorf heykәllәr), dulusçuluq, toxuma inkişaf etmişdir. Sosial tәşkilatlanma kәnd icması vә böyük ailәli icmalar, qohumluğu ata xәtti üzrә hesablanan qәbilәlәr, yaş siniflәrindәn ibarәtdir. Poliginiya, kros skuzen nikahı, nikah üçün ödәmә mövcuddur. Levirat vә sororat mәlumdur. “Yağış çağıranlar” xüsusi nüfuza malikdirlәr. Musiqi folklorları inkişaf etmişdir.










