HEKATÉY MİLÉTLİ (Έκαταἳος ὁ Μιλἡσιος), M i l e t l i H e k a t e y (tәqr. e.ә. 546–480) – Herodotun sәlәflәri olan erkәn yunan tarixçi loqoqraflarından әn görkәmlisi. Adlı-sanlı nәsildәn idi; yunan-İran müharibәlәri zamanı doğma şәhәri Miletin ictimai hәyatında fәal iştirak etmişdir. Yaxşı tәhsil almış (o cümlәdәn Anaksimandrın “Tәbiәt haqqında” әsәri ilә tanış idi), çox sәyahәt etmiş H.M. yalnız yazıçı vә tarixçi deyil, hәmçinin coğrafiyaçı vә etnoqraf olmuşdur. Onun tәrtib etdiyi iki әsәrdәn biri olan “Dünyanın tәsviri” coğrafi vә etnoqrafik xarakter daşıyırdı. Əsәr iki kitaba bölünürdü, birinci kitabda Avropanın, ikincidә Asiya vә Liviyanın (Afrikanın), xüsusilә Misirin tәsviri verilirdi. Onun dörd kitabdan ibarәt tarixi xarakterli “Genealogiya” әsәri qәdim mifik dövrlәrdәn başlayaraq Fessaliyanın әfsanәvi qәhrәmanı Devkalionun, onun nәslindәn olan digәr qәhrәman vә hökmdarların tarixindәn, arqonavtların sәfәrindәn, Heraklın şücaәtlәrindәn vә Heraklidlәrin taleyindәn bәhs edirdi. H.M.-nin әsәrlәrinin yalnız müәyyәn parçaları dövrümüzәdәk gәlib çatmışdır. Saxlanılmış fraqmentlәrә әsasәn belә qәnaәtә gәlmәk olar ki, H.M.-nin tarixi әsәri özündә әnәnәvi materialın rasionalist işlәnmәsini (mәs., Heraklın şücaәtlәri haqqında rәvayәt mәhz belә verilmişdir) әks etdirirdi. “Dünyanın tәsviri” әsәrindә yunanlar tәrәfindәn dәnizaşırı mәskәnlәrin salınması haqqında hekayәlәr xüsusilә qiymәtlidir. H.M. xronologiyanın nizamlanması ilә mәşğul olan ilk tarixçilәrdәn biridir. O, hәr bir nәsil üçün 40 illik müddәt müәyyәnlәşdirәrәk zamanın nәsillәr üzrә hesablanması üsulunu tәtbiq etmişdir.










