HEKSAMETAPOL – fosfat turşusunun heksametiltriamidi, [(CH3)2N]3PO. Rәngsiz maye, tqayn. 232℃; suda, spirtdә, efirdә hәll olur, alkanlarda hәll olmur; CHCl3 vә CH2Cl2 ilә davamsız komplekslәr (bunlar H.-u sudan ekstraksiya etmәk üçün istifadә olunur) әmәlә gәtirir. H. qәlәvi metalları, çoxlu sayda duzları, metal-üzvi birlәşmәlәri vә alkoqolyatları hәll edir; HCl vә HBr ilә molekulyar komplekslәr, keçid metallarla kompleks birlәşmәlәr әmәlә gәtirir; spirt vә aminlәri fosforlaşdırır, karbon turşularını amidlәşdirir. H., adәtәn, fosfor oksixloridin POCl3 dimetilaminlә reaksiyasından alınır. Üzvi sintezdә (әsasәn, aproton dipolyar hәlledici kimi), polivinilxloridin fotostabilizatoru vә xemosterilizator kimi istifadә edilir. H. insan vә onurğalı heyvanlar üçün zәhәrlidir.










