HEKSAMETİLENDİAMİN, 1,6-h e k s a n d i a m i n, 1,6-d i a m i n h e k s a n NH2(CH2)6NH2 – birli alifatik diaminlәrә aiddir; zәif ammonyak iyli rәngsiz kristal maddә; tәr. 39–42℃, tqayn. 204–205℃. Suda, spirtdә, efirdә, karbohidrogenlәrdә vә maye ammonyakda yaxşı hәll olur; hiqroskopikdir, CO2-ni havadan asan udur. H. alifatik aminlәr üçün sәciyyәvi olan kimyәvi xassәlәrә malikdir. Karbonil birlәşmәlәrlә Şiff әsasları, Ag, Au, Cu vә Pt-in duzları ilә rәngli vә çәtin hәll olan kompleks birlәşmәlәr, karbon vә mineral turşularla duzlar әmәlә gәtirir. H. sәnayedә adipin turşusunun dinitrilinin katalitik hidrogenlәşmәsindәn alınır. Əsasәn poliamid liflәrin, heksametilendiizosianatın alınmasında, hәmçinin laktamların polimerlәşmәsindә katalizator, Al vә onun әrintilәrinin korroziya inhibitoru kimi istifadә edilir. H. qıcıqlandırıcı tәsirә malikdir, dermatitlәr törәdir.










