HELİÉYA (ήλιαία, doricә ảλία, ảλίζω – toplamaq sözündәn) – Qәdim Yunanıstanda (әvvәllәr bütün dori icmalarında) vәtәndaşların yığıncağı; Qәdim Afinada andlılar mәhkәmәsi H. adlanırdı. Solonun islahatlarına (e.ә. 6 әsrin әvvәli) gedib çıxan Afina H.-sı e.ә. 5 әsrin (“Perikl әsri”) ortalarında formalaşmış, ali mәhkәmә vә nәzarәt orqanı kimi xalqın iradәsini ifadә etmişdir. 30 yaşına çatmış tamhüquqlu Afina vәtәndaşları arasından püşkatma ilә 1 il müddәtinә seçilәn 6000 hakimdәn (5000 әsas vә 1000 ehtiyat) ibarәt idi; adәtәn 500 üzvdәn ibarәt mәhkәmә palatalarına – dikasteriyalara bölünürdü. Xüsusi әhәmiyyәtli mәsәlәlәrin hәlli üçün 1000, hәtta 1500 nәfәrdәn ibarәt palatalar tәşkil edilirdi. Xidmәtlәri müqabilindә kiçik mükafatlar alırdılar. Qәrarlar sәs çoxluğu ilә qәbul olunurdu.










