HELİOBİOLOGİYA (helio ... vә ...biologiya) – biologiyanın Günәş aktivliyinin Yer biosferinә tәsirini öyrәnәn bölmәsi. Günәş aktivliyinin rәqslәri ilә canlı orqanizmlәr arasındakı әlaqәni alman astronomları Q.Şvabe (1843), S.Arrenius (19 әsrin sonu – 20 әsrin әvvәllәri) vә b. alimlәr göstәrmişlәr. Kosmosun öyrәnilmәsi, 20 әsrin 2-ci yarısında geofizikada qazanılan nailiyyәtlәr H. sahәsindә aparılan tәdqiqatlar üçün mühüm stimul oldu. Günәş aktivliyinin canlı orqanizmlәrә tәsiri hәm bir başa (elektromaqnit şüalanma, hissәciklәr axını), elәcә dә vasitәli (günәş radiasiyasının ionosferә, maqnitosferә vә Yer atmosferinә tәsiri vasitәsilә) ola bilәr. Dövri olaraq dәyişә bilәn Günәş aktivliyinin intensivliyi vә ağac gövdәlәrinin illik artımı, dәnli bitkilәrin mәhsuldarlığı, heyvanların çoxalması vә miqrasiyası (mәs., cücülәr, balıqlar), insan da vә heyvanlarda bir sıra xәstәliklәrin yaranması vә kәskinlәşmәsi arasında әlaqә müәyyәn edilmişdir. Bu onunla әlaqәdardır ki, günәş aktivliyi (Günәşin rentgen, ultrabә növşәyi vә radioşüalanma intensivliyinin dәyişikliklәri, hәmçinin korpuskulyar hissәciklәr ilә müşayiәt olunan) özünün davamlı çoxillik dövriliyi ilә sәciyyәlәnir. Günәş aktivliyinin 11, 23, 90 illik vә digәr dövriliyi ilә bağlı bir sıra bioloji proseslәrin dövriliyi aşkar edilmişdir. H. biologiya, tibb, astronomiya vә fizika elmlәrinin digәr istiqamәtlәri ilә sıx bağlıdır. Heliofiziki hadisәlәrin tәbiәtinin vә proqnozlaşdırılmasının öyrәnilmәsi ekologiya, kosmik biologiya, tibb, k.t. vә b. üçün әhәmiyyәtlidir.










