HELİOSEYSMOLOGİYA – Günәşin quruluşunu tәdqiq etmәk üçün onda baş verәn mәxsusi akustik (sәs) rәqslәrin vә dalğaların tezliklәrinin ölçülmәsinә vә analizinә әsaslanan metod. R.Leyton әmәkdaşları ilә birgә 1960 ildә Maunt-Vilson (ABŞ) rәsәdxanasında Günәş atmosferindәki struktur törәmәlәrinin şüa sürәtlәrini ölçәrkәn, Günәşdә tәxminәn 5 dәqiqәlik periodla baş verәn rәqslәri (titrәyişlәri) ilk dәfә müşahidә etmişdi. Sonrakı tәdqiqatlar göstәrdi ki, bu rәqslәr akustik tәbiәtә malikdir vә qlobal xarakter daşıyır, yәni onlar bütün Günәşi әhatә edir vә nәinki Günәşin sәthi boyu, hәmçinin onun dәrinliklәrinә dә sabit fazalı sәs sürәti ilә yayılır. 1976 ildә Krım astrofizika rәsәdxanasının vә tәxminәn eyni zamanda Birminhem Un-tinin tәdqiqatçıları Günәşdә tәxminәn 160 dәqiqәlik periodla baş verәn qlobal söyüntüləri müşahidә etmişlәr. Günәş diski üzәrindә müxtәlif sahәlәrin parlaqlığını ölçmәklә, hәmçinin bu sahәlәrdә spektral xәtlәrin sürüşmәsinә әsasәn (bax Dopler effekti) qazların hәrәkәt sürәtini tәyin etmәklә Günәşdә baş verәn akustik dalğaları tәdqiq etmәk olar. Bunun üçün xüsusi spektrofotometrlәrin kömәyi ilә uzun müddәt әrzindә bu oblastlarda hәm parlaqlığın, hәm dә qazların sürәtinin dәyişmә xüsusiyyәtlәrini eyni zamanda ölçmәk lazım gәlir. Bu akustik dalğaların tәdqiqi üçün bәzi xüsusi şәrtlәr dә ödәnilmәlidir: qazların sürәtinin dәyişmәsinin ölçülmә dәqiqliyi saniyәdә bir santimetrdәn çox olmamalıdır; Günәş spektrinin, xәyalın minimum tәhrifinә uyğun olan mümkün qәdәr dar zolağından istifadә edilmәlidir. Günәşin parlaqlığının rәqs amplitudu fotosferin parlaqlığının tәxminәn 10–5 hissәsini tәşkil edir vә rәqslәrin periodu 3–15 dәq olur. Ən böyük amplituda (sürәtin 20 sm/san qәdәr qiymәtindә) malik rәqslәrin periodu tәxminәn 5 dәq olduğundan, bütün bu diapazonda baş verәn rәqslәri Günәşin 5 dәq-lik rәqslәri kimi adlandırmışlar. H.-nın kömәyi ilә Günәşin tәdqiqindә mühüm nailiyyәtlәr әldә edilmişdir; ölçmәlәr әsasında konvektiv zonanın qalınlığının 200 min km olduğu müәyyәn edilmişdir ki, bu da Günәşin daxili quruluşu haqqında tәsәvvürlәrin dәqiqlәşdirilmәsinә sәbәb olmuşdur. Mәxsusi rәqslәrin spektrinin analizinә әsasәn konvektiv zonada olan maddәlәrin kimyәvi tәrkibi vә elәcә dә Günәşin xarici qatlarında heliumun miqdarı haqqında mühüm mәlumatlar alınmışdır. Bu mәlumatlar ulduzların tәkamül nәzәriyyәsinin tәkmillәşmәsinә tәkan vermişdir. Belә ki, Günәş daxilindә baş verәn fırlanma proseslәrinin xarakteri (konvektiv zonanın alt hissәsindә fırlanma sürәtinin kәskin dәyişdiyi oblastın olması, Günәşin orta hissәsinin bәrk cism kimi fırlanması, konvektiv qatın diferensial fırlanma qanunauyğunluğu) müәyyәn edilmişdir. Günәşin fırlanma sürәtinin zamana görә dәyişmәsi vә elәcә dә rәqs modlarının parametrlәrinin Günәş aktivliyinin tsiklinin fazasından asılı olaraq dәyişmәsi tәyin edilmişdir. H.-nın lokal metodları ilә Günәşin aktiv oblastlarının tomoqrafiyası alınmış vә Günәş lәkәlәrinin dәrinliyi tәyin olunmuşdur.










