HELİOSFER (helio…vә yun. σφατρα – şar) – Günәş tacının vә onun davamı olan Günәş külәyinin daxil olduğu günәşәtrafı fәza. Hesab edilir ki, H. heliopauza ilә mәhdudlaşır. H.-in ölçülәri Plutonun orbitini dә aşaraq, Günәşdәn 100 a.u. tәrtibindә olan mәsafәlәrә qәdәr uzanır. Günәş sistemi ulduzlararası mühitә nisbәtәn 20–25 km/san sürәtlә hәrәkәt etdiyinә görә H.-in forması sferik formadan fәrqlәnir. H.-dә plazma Günәşdәn sәs sürәtindәn böyük sürәtlә uzaqlaşır vә Günәşdәn uzaqlaşdıqca sürәti azalır. Bu sürәtin sәs sürәtindәn aşağı olduğu sahәdә H.-in xarici sәrhәdindә Oxatan bürcü istiqamәtindә Günәş külәyindә zәrbә dalğası әmәlә gәlir. Ulduzlararası qazda Günәşә nisbәtәn sәs sürәtindәn böyük sürәtlә hәrәkәt etdiyindәn, ulduzlar arası plazmanın tormozlandığı hissәdә başqa bir zәrbә dalğası da yaranmalıdır. Günәşdәn böyük mәsafәlәrdә (10 a.υ.-dәn artıq) Günәş külәyi ulduzlararası mühitinin yalnız ionlaşmış komponentinin hәrәkәtinә tәsir edir. Günәş radiasiyasının vә başqa faktorların neytral atomların hәrәkәtinә tәsiri Günәşdәn yalnız 5 a.υ.-ә qәdәr olan mәsafәlәrdә hiss olunur. Ona görә dә ulduzlararası mühitin neytral hidrogeni H.-ә daxil olur vә Əkizlәr bürcü istiqamәtindә (Oxatan bürcünә әks istiqamәtdә) onun konsentrasiyası artır.










