HELMİNTLƏR (yun. ̔ έλμινς, yiyәlik halda ̔έλμινϑος – qurd) – cinsi yetişkәnlik, yaxud cinsi yetişkәnlik vә sürfә inkişafı fazasında parazit hәyat tәrzi keçirәn tikanbaşlılar, yastı qurdlar vә nematodlar tipinә aid olan onurğasız heyvanlar. Monogeneylәr, sestodlar, trematodlar, tikanbaşlılar yalnız parazit formalarla tәmsil olunur. Nematodlara hәm bitki vә heyvan parazitlәri, hәm dә sәrbәstyaşayan formalar daxildir. H.-in әksәriyyәti yetkin halda insan vә onurğalı heyvanların bәdәnindә olur (mәs., askaridlәr, insan tükbaşı, bizquyruq qurd, exinokokk). Onurğasız heyvan parazitlәri dә hәmçinin H.-ә aid edilir (mәs., cücü parazitlәri qılqurdlar, başı-ayaqlı molyuskların parazitlәri mezozoilәr). Yayıldıqları yerdәn (sahibin bәdәn sәthindә, yaxud bәdәni daxilindә) asılı olaraq H. ekto- vә ya endo parazitlәrә, inkişaf tsiklindәn asılı olaraq geo helmintlәrә vә biohelmintlәrә ayrılır. Hәzm yolunun müxtәlif hissәlәri ilә yanaşı H. sahiblәrin bir çox başqa orqanlarında (o cümlәdәn, qara ciyәrdә, böyrәklәrdә, ağciyәrlәrdә, gözlәrdә, beyindә, ürәkdә, әzәlәlәrdә, qandamar sistemindә) yaşayır. H. çoxlu sayda növü birlәşdirir; yalnız insanda 250 növdәn artıq helmint qeydә alınmışdır. H.-in törәtdiyi xәstәliklәr helmintozlar, H.-i öyrәnәn elm helmintologiya adlanır.










