HELMİNTOLOGİYA (helmintlәr vә ... logiya) – parazitologiyanın bir bölmәsi; parazit helmint qurdlarını vә onların törәtdiyi helmintoz xәstәliklәrini öyrәnir. Askaridlәr vә lentşәkilli qurdların invaziyaları barәdә mәlumat ilk dәfә e.ә. 16 әsr papiruslarında verilmişdir. “helmintoz” vә “askaridoz” terminlәrini elmә ilk dәfә Hippokrat daxil etmişdir (e.ә. 4 әsr). 16–18 әsrlәrdә helmintoloji tәdqiqatlar zoologiya çәrçivәsi daxilindә aparılırdı. H.-nın bir elmi istiqamәt kimi meydana gәlmәsi 1819 ildә o dövrdә mәlum olan bütün helmintlәr (981 növ) haqqında mәlumatları çap etdirәn K.A. Rudolfinin adı ilә bağlıdır. 19 әsrin ortalarından başlayaraq, әsasәn helmintlәrin mürәkkәb hәyat tsikllәri ilә bağlı eksperimental tәdqiqatlar inkişaf edir (N.A.Xolodkovski, Danimarka zooloqu İ.Stenstrup, alman tәdqiqatçıları F.Küxenmeyster, R.Leykart vә M.Braun, fransız alimi A.Raye vә bir çox b.); nәzәri tәdqiqatların genişlәnmәsi (dәrinlәşmәsi) ilә eyni vaxtda H.-nın tәtbiqi aspektlәrinә hәsr olunmuş işlәrin sayı artırdı. H.-nın inkişafında çoxsaylı helmintoloji ekspedisiyaların böyük әhәmiyyәti olmuşdur; bunların sayәsindә helmintlәrin yayılma ocaqları müәyyәnlәşdirilmiş, onlardan bir çoxunun inkişaf tsikllәri öyrәnilmiş, müxtәlif iqlim-coğrafi zonalarda helmintlәrin epidemiologiya vә epizootologiyası prinsiplәri işlәnib hazırlanmış, helmintozların sağ ikәn vә ölәndәn sonrakı diaqnostikası üsulları tәklif edilmişdir. H.-nın inkişafında K.İ. Skryabinin vә onun yaratdığı helmintoloqlar mәktәbinin böyük xidmәti var; onlar helmintoloji metodların yeni prinsip vә metodlarını işlәyib hazırlamış, helmintlәri öyrәnәn mәrkәzin, Ümumittifaq Helmintoloqlar Cәmiyyәtinin әsasını qoymuşlar (1940). Müasir H.-da tәdqiqatlar bir neçә istiqamәtdә aparılır: tibbi H. parazit qurdları, onların insanda yaratdığı helmintozların klinik tәzahürünü vә epidemiologiyasını öyrәnir; baytarlıq H.-sı ev, k.t. vә ov heyvanlarının helmint vә helmintozlarını öyrәnir; ümumi H.-nın mövzusu helmintlәrlә sahib orqanizm arasındakı münasibәtlәrin formalaşması vә xüsusiyyәtlәrinin qanunauyğunluqlarının analizi, helmintlәrin ekologiyası, morfologiyası, sistematikası, filogeniyası vә növәmәlәgәlmәsinin tәdqiqindәn ibarәtdir. H.-nın xüsusi bölmәlәri bitkilәrdә (fitoparazit nematodlar) vә cücülәrdә parazit qurdları öyrәnir, k.t. zәrәr vericilәrinin mәhv edilmәsi metodlarını işlәyib hazırlayır. H.-nın müasir istiqamәtlәrindәn biri parazitlәşdirmә fenomenini tәmin edәn genlәrin fәaliyyәtini vә tәkamülünü öyrәnәn molekulyar H.-dır.










