HELMİNTÓZLAR (helmintlәr + ... öz), q u r d x ә s t ә l i k l ә r i, q u r d i n v a z i y a l a r ı – insan, heyvan vә bitki orqanizmindә parazitlik edәn qurdların (helmintlәrin) törәtdiyi xәstәliklәr. İ n s a n h e l m i n t o z l a r ı. H.-ı, әsasәn, trematodlar (bax Trematodozlar), sestodlar (bax Sestodozlar), nematodlardan (bax Nematodozlar) olan parazit qurdlar törәdir. H., hәmçinin, antroponozlara vә zoonozlara bölünür. H.-ın yoluxma mәnbәyi insan, әhli vә vәhşi heyvanlardır. Yoluxma ağızdan vә dәri vasitәsilә (qansoran hәşәratlar sancdıqda) baş verir. İnkubasiya dövrü 2 hәftәdәn 18-ayadәkdir. H.-ın kәskin mәrhәlәsi kәskin allergik xәstәlik tipindә inkişaf edir vә sürfәlәrin qanda miqrasiyası ilә şәrtlәnir. H.-ın xroniki mәrhәlәsi latent dövründәn sonra olur vә helmintin cinsi yetişkәnlik dövrü vә onun bu vә ya digәr orqan, yaxud toxumaya tropizmindәn asılı olur. Xәstәliyin meydana çıxması çox sәbәblәrdәn asılıdır: qurdun növündәn, onun miqdarından, lokallaşmasından, orqanizmin ümumi vәziyyәtindәn vә s. Demәk olar ki, hәmişә çәkinin itirilmәsi, ümumi әzginlik, başgicәllәnmә, tez qıcıqlanma, әmәk qabiliyyәtinin aşağı düşmәsi, uşaqlarda – fiziki vә psixi inkişafda geriqalma; qurdlar bağırsaqlarda parazitlik etdikdә isә qәbizlik, ishal, ürәkbulanma, qusma qeyd edilir. H.-ın diaqnostikası nәcisin, sidiyin, duodenal möhtәviyyatın, ödün, bәlğәmin, rektal vә anusәtrafı seliyin, qanın, әzәlә toxumasının laborator müayinәsinin kömәyilә aparılır. Hәmçinin seroloji üsullar (vasitәli hemaqqlütinasiya, immunoflüoresensiya, komplementin birlәşmәsi reaksiyaları vә s.), mәdә-bağırsaq traktının endoskopiyası da tәtbiq edilir. M ü a l i c ә s i qurdqovucu dәrmanlarla hәyata keçirilir; exinokokkoz zamanı cәrrahi müdaxilә istifadә edilir. P r o f i l a k t i k a s ı: әtraf mühitdә helmintlәrin mәhv edilmәsi, әhali arasında sanitariya ilә bağlı maariflәndirmә işinin aparılması. Vәhşi, ov vә ev h e y v a n l a r ı n d a 20 minә yaxın helmint növü parazitlik edir; bunların 10 mindәn çoxu nematod, 6 mindәn çoxu trematod, 2 minә qәdәri sestod vә 1,5 minә qәdәri akantosefallardır. Bu növlәrin әksәriyyәti insan üçün dә patogendir. Helmintlәr inkişafin sürfә vә cinsi yetişkәnlik mәrhәlәsindә, gedişinin vә nәticәsinin ağırlığına görә müxtәlif H. törәtmәklә praktiki olaraq bütün orqan vә toxumalarda parazitlik edә bilirlәr. Helmintlәrin sistematikasına müvafiq olaraq heyvan H.-ı sestodozlara, trematodozlara, akantosefalyozlara, nematodozlara ayrılır. Dünyanın bütün regionlarında yayılmışlar; heyvanların ölümü vә ya mәhsuldarlığının azalması ilә nәticәlәnәn xeyli iqtisadi ziyana sәbәb olurlar. Ən mühümlәri alveokokkoz, exinokokkoz, trixinellyoz, opistorxoz, fassiolyoz vә b.-dır. Balıqçılıqda әn çox ziyan verәn balıq H.-ı diplostomozlar, kaviozlar, filometroidozlar vә b. sayılır. Arılarda H. yaradan başlıca olaraq sferulyariya cinsinә (Sphaerularia) vә mermitidlәr fәsilәsinә (Mermithidae) mәnsub nematodlardır. H.-ın profilaktikası vә onunla mübarizә mәqsәdilә ümumi zoogigiyenik tәdbirlәr (cavan heyvanların tәcrid olunmuş halda yetişdirilmәsi, saxlanması vә otarılması, mәdәni otlaqların yaradılması, yemlәrin keyfiyyәtinә nәzarәt, peyinin çıxarılması vә biotermik zәrәrsizlәşdirilmәsi vә s.) keçirilir, hәmçinin heyvanların, binaların, inventarın vә ağılların müalicәvi vә profilaktik dehelmintizasiyası aparılır. Zәrәrli cücülәrlә bioloji mübarizә mәqsәdilә, onlarda H. törәdәn 1500 növdәn artıq nematoddan istifadә olunur. Bitki helmintozları üçün – bax Fitohelmin tozlar mәqalәsinә.

Helsingör. Kronborq kral qәsri.










