HELMİNTOZOONOZLAR (yun. έλμίνς (έλμινθός) – qurd, bağırsaq qurdu, ώον – heyvan vә νόσος – xәstәlik) – törәdicilәri hәm heyvanlarda, hәm dә insanlarda parazitlik edәn helmintozlar qrupu. “H.” termini ilk dәfә 1929 ildә K.İ.Skryabin vә R.S.Şults tәrәfindәn elmә daxil edilmişdir. H.-ın yayılmasında әt mәhsullarına baytarlıq-sanitariya nәzarәtindәki vәziyyәtin, әhalinin sanitariya vә ümumi mәdәniyyәt sәviyyәsinin, onun mәişәt vә әmәk xüsusiyyәtlәrinin, otlaqların vә su hövzәlәrinin fekalla çirklәnmәdәn mühafizәsinin, tәbiicoğrafi şәraitin böyük rolu var. Bir çox H. geniş yayılmışdır; lakin әhalinin vә heyvanların xәstәliyә yoluxma dәrәcәsi geniş hüdudlarda tәrәddüd edir; bәzi H. (trixi-nellyoz, difillobotrioz, opistorxoz vә b.) üçün tәbii ocaqlılıq sәciyyәvidir. H. iki qrupa ayrılır. Birinci qrupa törәdicilәri yalnız heyvanlara uyğunlaşmış vә insanın onlar üçün mәhz fakultativ sahib olduğu H. aiddir. İkinci qrup törәdicilәri üçün obliqat sahib olan insanın mütlәq iştirakı ilә inkişaf edәn H.-ı özündә birlәşdirir. Birinci qrupa qara ciyәr parazitlәri olan trematodlar vә bәzi sestodlar (Dicrocoelium lanceatum, Fasciola hepatica, Fasciola gigantica; Dipylidlum caninum, Hymenolepis diminuta, Cystisercus cellulosae, Coenurus cerebralis) ikinci qrupun tipik nümayәndәlәri Taenia solium, Taeniarhynchus saginatus lentvarı qurdlarıdır. Buraya Diphyllo bothrium latum, Diphyllo bothrium skrjabini vә b. sestodları da aid etmәk olar. H.-la yoluxma mәnbәlәri çox müxtәlifdir. İnsan vә heyvanlar geohelmintlәr vasitәsilә alimentar yolla, xüsusilә çirklәnmiş qida vә su ilә, bәzәn dә sürfәlәrin (ankilostomidlәrdә) zәdәlәnmәmiş dәriyә aktiv müdaxilәsi nәticәsindә yoluxurlar. İnsan vә heyvanlar biohelmintlәr vasitәsilә törәdici sürfәsini aralıq sahiblә (metastrongilüslәr, qongilonemalar) birlikdә udduqda, helmintlәrlә (trixinellәr, exinokokklar, sistiserklәr) yoluxmuş heyvanların әtini yedikdәn sonra, qansoran cücülәrin (filyariatlar) sancması nәticәsindә yoluxurlar. H.-ın yayılma mәnbәlәri onurğalıların (mәmәlilәr, quşlar, sürünәnlәr, balıqlar), hәmçinin onurğasız heyvanların (molyusklar, xәrçәngkimilәr vә cücülәr) çoxlu sayda nümayәndәlәri ola bilәr.










