HÉLSİNGÖR (Helsingør) – Danimarkada, Zelandiya a.-nın şm.-ş.-indә şәhәr. Eyni adlı bәlәdiyyәnin inz. m.-dir. Əh. 47 min (2021). Eresunn boğazında port. H.-lә Helsinqborq (İsveç) arasında d.y. bәrә әlaqәsi var; gәmiqayırma, kimya, toxuculuq sәnayesi inkişaf etmişdir. H. adı ilk dәfә kral II Valdemarın hakimiyyәti dövründә nәşr olunmuş (1231) kitabda qeyd edilir. Orta әsrlәrәdәk burada bazar olmuşdur. 1200 ildә ilk kilsә tikilmiş, sonra onun әtrafında bir neçә monastır inşa edilmişdir. Şәhәr 1420-ci illәrdә Danimarka kralı Pomeraniyalı Erik tәrәfindәn salınmışdır. Şәhәrin roman üslubunda inşa edilmiş әn qәdim Müq. Olaf baş kilsәsi (13 әsr – 1559) freskaları ilә diqqәti cәlb edir. Şimali Avropanın Renessans dövrü memarlığında mühüm yer tutan Kronborq qәsri (inşası 1574 ildә başlamışdır; U. Şekspirin “Hamlet” faciәsindә hadisәlәrin cәrәyan etdiyi mәkan) Ümumdünya irsi siyahısına daxil edilmişdir.










