HELSİNKİ AKTI, Y e k u n a k t ı – 1973–75 illәr әrzindә keçirilmiş Avropada tәhlükәsizlik vә әmәkdaşlığa dair müşavirәnin yekun sәnәdi. 1.8.1975 ildә Helsinki ş.-ndә 33 Avropa dövlәti, hәmçinin ABŞ vә Kanada tәrәfindәn imzalanmışdır. H.a.-nın qәbulu müxtәlif sahәlәrdә dövlәtlәrarası әmәkdaşlığın inkişafına mühüm töhfә vermiş, Avropada tәhlükәsizliyin möhkәmlәndirilmәsinә vә bütövlükdә beynәlxalq gәrginliyin azaldılmasına yardım etmişdir. Dövlәtlәrarası qarşılıqlı münasibәtlәr prinsiplәrinin bәyanı H.a.-nda mәrkәzi yer tutur. Müşavirә iştirakçıları qarşılıqlı münasibәtlәrdә suveren bәrabәrlik, gücdәn, yaxud güclә tәhdiddәn istifadә etmәmә, sәrhәdlәrin toxunulmazlığı, dövlәtlәrin әrazi bütövlüyü, münasibәtlәrin sülh yolu ilә nizamlanması, daxili işlәrә qarışmama, insan hüquqlarına hörmәt, xalqların bәrabәrhüquqluluğu vә öz müqәddәratlarını tәyin etmәk hüququ, dövlәtlәrarası әmәkdaşlıq vә beynәlxalq hüquqa uyğun olaraq öhdәliklәrin vicdanla yerinә yetirilmәsi prinsiplәrini rәhbәr tutmaq öhdәliyini öz üzәrlәrinә götürdülәr. H.a.-nda siyasi vә hәrbi sahәdә gәrginliyin azaldılmasına, dövlәtlәr arasındakı inamın artırılmasına (iri hәrbi tәlimlәr barәdә xәbәrdar etmәk, onlara müşahidәçilәr dәvәt etmәk vә s.), ciddi vә effektiv beynәlxalq nәzarәt altında silah sizlandırma prosesinә yardıma yönәlmiş razılaşmalar tәsbit edilmişdir. Sәnәddә dövlәtlәrarası münasibәtlәrin razılaşdırılmış prinsiplәrinә, o cümlәdәn dövlәtlәrin daxili işlәrinә qarışmama, vә suveren hüquqlarına hörmәt prinsiplәrinә riayәt etmәklә iqtisadiyyat, elm, texnika vә әtraf mühitin mühafizәsi sahәlәrindә әmәkdaşlığa dair müxtәlif sazişlәr әks olunmuş, bu әmәkdaşlığın әsas istiqamәtlәri vә formaları müәyyәnlәşdirilmiş, hәmçinin humanitar sahәlәrdә (mәdәniyyәt, tәhsil, informasiya, insanlar arasında әlaqә vә s.) әmәkdaşlığın dәrinlәşmәsinә vә genişlәnmәsinә yönәlmiş razılaşmalar qeyd olunmuşdur. H.a.-nın yekun fәslindә iştirakçı dövlәtlәrin nümayәndәlәri arasında görüşlәrin tәşkili yolu ilә Avropada tәhlükәsizlik vә әmәkdaşlığa dair müşavirә ilә başlanan çox tәrәfli prosesin davam etdirilmәsi zәrurәti vurğulanmışdır.










