HELSİNKİ UNİVERSİTETİ (fin dilindә Helsingin yliopisto, İsveç dilindә Helsingfors universitet) – Finlandiyada әn qәdim vә әn iri çoxprofilli ali tәhsil müәssisәsi. Əsası 1640 ildә İsveç kraliçası Kristina Avqusta tәrәfindәn Abo (Turku ş.-nin İsveç dilindә adı) kral akademiyası kimi qoyulmuşdur. Finlandiya Rusiya İmperiyasına birlәşdirildikdәn (1809) sonra akademiya 1828 ildә Helsinqforsa (Helsinki ş.-nin İsveç dilindә adı) köçürülmüş vә Finlandiyada imperator Aleksandr un-ti, 1917 ilәdәk Helsinqfors universiteti adlandırılmışdır. Un-tin mәzunları arasında riyaziyyatçı L.Alfors, E.Lönnrot, riyaziyyatçı R.Nevanlinna, Arktika tәdqiqatçısı N.A.E.Nordenşeld; Nobel mükafatı laureatları A.İ.Virtanen, R.Granit, F.E.Sillanpyaa olmuşlar. Un-tin tәrkibindә 11 fakültә, 16 elmi tәdqiqat bölmәsi, o cümlәdәn Aleksanteri in-tu – Rusiya vә Şәrqi Avropa mәrkәzi (1996), Fizika in-tu (1996), Bio texnologiya in-tu (2005), Molekulyar tibb in-tu (2006) vә s., Rusiyanın tәdqiqi mәrkәzi (2012); Helsinkidә 4 vә Finlandiyanın digәr şәhәrlәrindә 9 kampus, Milli vә un-t kitabxanası (2006), Finlandiya tәbiyyat tarixi muzeyi (1988), botanika bağı (1829) fәaliyyәt göstәrir; 40 mindәn artıq tәlәbә tәhsil alır (2016).










