HELVÉSİYA RESPUBLİKASI – 1798–1803 illәrdә İsveçrә (bax Helvesiya) әrazisindә mövcud olmuş unitar dövlәt. Böyük Fransa inqilabının tәsiri vә Helvesiya klubunun (1790–91 illәrdә Parisdә fәaliyyәt göstәrmişdir) keçmiş üzvlәrindәn olan İsveçrә inqilabçıları (“vәtәnpәrvәrlәri”) tәrәfindәn fәal dәstәklәnәn Direktoriya qoşunlarının müdaxilәsi nәticәsindә yaradılmışdı. “Vәtәnpәrvәrlәrin” (F.S. de Laqarp vә b.) Vaadt (indiki Vo) kantonunda üsyan tәşkil etmәsi vә onların 1797 il dekabrın 9-da qoşun yeridilmәsi xahişilә Parisә petisiya göndәrmәsi Fransanın müdaxilәsi üçün bәhanә oldu. 1798 il martın 5-dә fransızlar Bern ş.-ni işğal etdikdәn sonra İsveçrә konfederasiyası parçalandı. 1798 il aprelin 12-dә Arau ş.-ndә “vahid vә bölünmәz H.r.”-nı elan edәn konstitusiya qәbul olundu. Geniş muxtariyyәtә malik olan kantonlar lәğv edilәrәk әyalәtlәrә çevrildi. Fransa İsveçrәnin bir hissәsini – Cenevrә, Bazel, Bil vә Mülhauzeni (indiki Müluz, Fransa) öz әrazisinә qatdı. H.r.-nda qanunverici hakimiyyәt Böyük şura vә Senat, icraedici hakimiyyәt Direktoriya tәrәfindәn hәyata keçirilirdi. Bütün rәhbәr vәzifәlәrә “vәtәnpәrvәrlәr” tәyin olunurdu. 1798 il avqustun 18-dә Fransa ilә hücum-müdafiә ittifaqı bağladığı üçün H.r. 2-ci antifransa koalisiyası ilә müharibәyә cәlb edildi. Bu isә H.r.-n da hәm iqtisadi vәziyyәti mürәkkәblәşdirdi, hәm dә siyasi mübarizәni kәskinlәşdirdi vә xalq arasında çaxnaşmalara sәbәb oldu. Unitarizm prinsipinin tәrәfdarları olan “vәtәnpәrvәrlәr” ilә federalizmә meyilli respublikaçılar arasında kәskin qarşıdurma baş verdi. Qalib gәlәn respublikaçılar 1800 ilin yanvarında Direktoriyanı, avqustda isә Böyük şura vә Senatı lәğv etdilәr. 1802 il fevralın 27-dә qәbul edilmiş yeni konstitusiyasına әsasәn mәrkәzi hakimiyyәt saxlanıldı, 18 kantona mәhdud özünü idarәetmә verildi. Lakin bu, federalistlәri qane etmәdi. 1802 ildә Fransa qoşunlarının çıxarılmasından sonra federalistlәr, demәk olar ki, H.r.-nın bütün әrazisini bürüyәn üsyan hazırladılar. 1803 il fevralın 19-da Napoleon İsveçrәyә әvvәlki kantonal quruluşu qaytaran “Mediasiya haqqında akt” qәbul etmәyә mәcbur oldu. H.r. lәğv edildi.










