HELVÉTSİ (Helvétius) Klod Adrian (26.1.1715, Paris – 26.12.1771, Paris) – fransız filosofu. Parisin yezuit kolleclәrindәn birindә tәhsil almış, antik vә yeni fәlsәfәni, әdәbiyyatı vә dillәri öyrәnmişdir. 1751 ildә Parisә köçәrәk orda ensiklopedistlәr çevrәsinә daxil olmuş vә “Ensiklopediya”nın yaradılması işinә cәlb edilmişdir. H.-nin materialist görüşlәri Maarifçilik ideyaları mәcrasında formalaşırdı. O, tәbiәti әn xırda hissәciklәr olan atomların birlәşmәsi vә ayrılması nәticәsindә meydana gәlәn maddi cisimlәrin mәcmusu kimi başa düşürdü. H. sensualizm mövqeyindә duraraq tәxәyyülü, yaddaşı, düşüncәni, tәfәkkürü duyğulara müncәr edir, cahilanә hökmlәri isә sәhvlәrin mәnbәyi sayırdı. H.-nin “Ağıl haqqında” (“De İ´Esprit”, vol. 1–2, 1758) әsәrinin nәşri fransız maarıfçiliyi tarixindә әlamәtdar hadisә oldu. Sorbonna Un-tinin teologiya fakültәsi vә Paris parlamenti tәrәfindәn mәhkum edilәn әsәr yandırıldı. Bu hücumların vә bir çox hәmfikirlәrin sәrt tәnqidinin sәbәbi H.-nin yürütdüyü utilitarizm konsepsiyası idi. O, insanın bütün hisslәrini, davranışını, insanlar arasındakı münasibәtlәri vә cәmiyyәtin düzәnini bu mövqedәn izah edirdi. Yaxınına sevgi özünә sevginin nәticәsidir, dostluğun әsasında tәmәnnalı maraq, dostdan kömәk vә mәslәhәt almaq ümidi durur (Volter hesab edirdi ki, dostluğun bu cür izahı onu “alçaq hisslәr” cәrgәsinә aid edir). İnsan tәmәnna ilә idarә olunmasaydı, öz hәyatını tәnbәllik vә rahatlıqda keçirәrdi (H. ilә polemikaya girәn D. Didro öz hәyatlarını vәtәn uğrunda qurban verәnlәrin, yaxud Q.V.Leybnits, İ.Nyuton vә b. alimlәrin tәmәnnasızlığından danışırdı). 1773 ildә Haaqada dostlarının sәyi ilә H.-nin “İnsan, onun әqli qabiliyyәtlәri vә tәrbiyәsi haqqında” (“De I´Homme, de ses facultes intellectuelles et de son education”) kitabı çap olundu. H.-nin bu kitabdakı antropoloji konsepsiyasının mәrkәzindә tәrbiyә problemi durur: “İnsanlar bir-birinә zidd namәrdliyә vә comәrdliyә ya meyilli, ya da meyilsiz doğulurlar. Demәli, onlar yalnız tәrbiyәnin mәhsuludur”. Tәrbiyәnin hәr şeyә qabil olmasına әminliyi H.-nin demokratik sosial-siyasi proqram yaratması ilә nәticәlәndi. Kiçik respublikaların konfederasiyası olan vә maarifçi monarxın әslindә dövlәtin prezidenti rolunda çıxış etdiyi Fransa onun idealı idi. Bütün vәtәndaşlar üçüncü zümrәnin üzvlәrinә çevrilir vә bәrabәr siyasi hüquqlar әldә edirlәr, onların әmlak vәziyyәtlәrindәki fәrq çox böyük olmamalıdır. H. tamamlanmış utilitarizm sisteminin әsasını qoymuşdur; İ.Bentam, vә C.S.Mill onun davamçısı oldular.










