HEMİNQUÉY (Hemingway) Ernest Miller (21.7.1899, Çikaqo yaxınlığında, Ok-Park – 2.7.1961, Aydaho ştatı, Ketçem) – amerikan yazıçısı, jurnalist. Nobel mükafatı laureatı (1954), Pulitser mükafatı laureatı (1953). Hәkim ailәsindә doğulmuşdur. Mәktәbi bitirdikdәn (1917) sonra әyalәt nәşrlәrindә reportyor işlәmişdir. Birinci dünya müharibәsi (1914–18) illәrindә H. sәhәttinә görә ABŞ ordusunda xidmәt edә bilmәmişdir. 1918 ildә Avstriya-İtaliya cәbhәsindә Amerikanın “Qırmızı Xaç” dәstәsinin heyәtindә könüllü sürücü işlәmiş, ağır yaralanmışdır. 1919 ildә Amerikaya qayıtmış vә jurnalistlik fәaliyyәtini davam etdirmişdir. 1921 ildә “Toronto Star” qәzetinin müxbiri kimi Parisә getmiş, 1928 ilәdәk orada yaşamışdır. H.-in jurnalistlik fәaliyyәti onun әdәbi üslubunun formalaşmasında әhәmiyyәtli rol oynamışdır. Parisdә H.-in C.Coys, Ş.Anderson, E.Paund, F.S.Fitscerald vә b. ilә ünsiyyәti onda әdәbi eksperimentlәrә, yeni tәhkiyә texnikasını yaratmağa xeyli maraq oyatmış vә bu, Parisdә çıxan “Üç hekayә vә on şeir” (1923), “Bizim zәmanәmizdә” (1924) toplularında öz әksini tapmışdır. Müharibә, “itirilmiş nәsl”in taleyi H.-in 20-ci illәr yaradıcılığının әsas mövzusu idi. Müharibә iştirakçısı olmuş amerikalı vә avropalı gәnclәrin cәmiyyәtdә öz yerlәrini tapa bilmәmәlәrini, daxili alәmlәrindә yaranmış boşluğu, gәlәcәyә ümidsizliklәrini әks etdirәn “Günәş doğur” (1926) romanı H.-ә әdәbi şöhrәt qazandırmışdır. “Qadın sız kişilәr” (1927) hekayәlәr toplusu, “Fiyesta” (1927), “Əlvida, silah!” (1929), “Olsun, olmasın” (1937) romanları dövrünün mühüm ictimai-siyasi vә mәnәvi-әxlaqi problemlәrinә hәsr olunmuşdur. 30-cu illәrin ikinci yarısında İspaniyadakı (1936–39) hadisәlәr H.-in yaradıcılığında xüsusi rol oynamışdır. Hәrbi müxbir kimi İspaniyaya yollanan H. orada hәmçinin bir sıra hәrbi әmәliyyatların birbaşa iştirakçısına olmuşdur. “Beşinci dәstә” (1938) pyesindә, “İspan torpağı” (1938) ssenarisindә vә “Zәnglәr kimin üçün çalınır” (1940) romanında ispan xalqının faşizmә qarşı mübarizәsinә rәğbәt öz ifadәsini tapmışdır. İkinci dünya müharibәsi başladıqdan sonra H. hәrbi müxbir kimi Avropaya yollanmış, faşizmә qarşı fәal mübarizәyә qoşulmuşdur. 1944 ildә Parisin azad olunması uğrunda gedәn döyüş әmәliyyatlarında iştirak etmişdir. “Çayın o tayında, ağacların kölgәsindә” (1950) romanının, “Qoca vә dәniz” (1952) novellasının müәllifidir. Depressiya vә alkoqolizmdәn ağır ruhu böhran keçirәn H. intihar etmişdir. Ölümündәn sonra bir sıra әsәri çap olunmuşdur: 1920-ci illәr Paris hәyatı ilә bağlı “Hәmişә sәninlә olan bayram”, 1964; “Okeanda adalar” (bitmәmişdir)1970; “Cәnnәt bağı”, 1986 vә s. Əsәrlәri bir çox dilә, o cümlәdәn Azәrb. dilinә tәrcümә olunmuş, ekranlaşdırılmışdır.

Ə s ә r l ә r i: Qoca vә dәniz.B.,1959; Əlvida silah. B., 1961; Избранное. М., 1986; Seçilmiş әsәrlәri. B., 2010.
Əd.: Хемингуей в воспоминаниях современников. М., 1994; Ч е р т а н о в М. Хемингуей. М., 2010.










