HEMİPLEGÍYA (yun. ήμι – yarım + πληγή – zәrbә, zәdәlәnmә) – bәdәnin bir yarısının (tәrәfinin) әzәlәlәrinin iflici. Baş vә onurğa beynin orqanik zәdәlәnmәlәri, beyin qan dövranının pozulmaları (qan axma, tromboz, emboliya, baş beyin damarlarının spazmı), infeksiyaları (ocaqlı ensefalit, meningit, beyin absesi), doğuş travmaları, şişlәr, baş vә onurğa beyninin irsi vә digәr xәstәliklәri zamanı inkişaf edir. Bu patoloji hallarda H. orqanik adlanır (çünki isteriya zamanı baş verәn funksional H.-dan fәrqli olaraq bu zaman hәrәki aktlara cavabdeh olan piramid sistem zәdәlәnir). Orqanik H. üçün әllәrin vә ayaqların iflici, onlarda әzәlә tonusunun vә vәtәr reflekslәrinin artması, patoloji reflekslәrin meydana çıxması vә s. xarakterikdir. Zәdәlәnmә yerindәn asılı olaraq özünün xüsusi klinik mәnzәrәsi vә gedişi olan bir neçә forma H. (qabıq, piramid-ekstrapiramid, piramid-beyincik, piramid-talamik vә s.) ayırd edilir. Piramid sistemin zәdәlәnmә xarakterindәn vә dәrәcәsindәn asılı olaraq normal hәrәkәt tam bәrpa oluna bilәr vә ya qalıq әlamәtlәr (parezlәr, hissiyyat pozulmaları vә s.) qala bilәr. Funksional H. adәtәn tamamilә keçib gedir. Bir әtrafın iflici monoplegiya, bütün dörd әtrafın iflici tetraplegiya; bir әtrafın yarımçıq ilfici (parez) – monoparez, bәdәnin birtәrәfli әzәlәlәrinin yarımçıq iflici – hemiparez, bütün dörd әtrafın yarımçıq iflici – tetraparez adlanır.
M ü a l i c ә s i: H.-da zәdәlәnmәnin sәbәbindәn vә xarakterindәn asılıdır. Pozulmuş funksiyaların bәrpası üçün müalicә sxeminә mütlәq fizioterapevtik prosedurlar, müalicә gimnastikası, masaj daxil edilir.










