HEPÁRD (Acinonyx jubatus) – pişiklәr fәsilәsindәn mәmәli. Bәdәninin uz. 110–150 sm, kütlәsi 72 kq-adәk olur. Gövdәsi qamәtlidir; әtrafları uzun, güclüdür; ayaqlarında dartılmayan caynaqları var. Quyruğu uzundur (60–80 sm), eyni bәrabәrdә tüklüdür. Başı kiçikdir; qulaqları qısa, girdәdir. Xәzi qısa, seyrәk, coddur; kiçik yalı var. Rәngi sarımtıl, yaxud kürәnidir; qarnından başqa bütün bәdәninә xırda tünd xallar sәpәlәnmişdir; quyruğunda qara halqalar var. Eyniadlı cinsin yeganә növüdür. Afrika vә Qәrbi Asiyada yayılmışdır; hәr yerdә azdır, әsasәn qorunan әrazilәrdә qalmışdır. Açıq landşaftlara – savannalara, gilli, daha az qumlu sәhralara üstünlük verir. Gündüzlәr fәaldır. H. tәk-tәk, yaxud cüt-cüt yaşayır. Əsasәn, dırnaqlı kiçik heyvanlarla qidalanır. Ovunu tәqib edәrkәn qısa mәsafәlәrdә (500 m-dәn çox olmayan) 110 km/s.-adәk (әn sürәtli quru mәmәlisi hesab edilir) sürәtlә qaçır. Boğazlıq dövrü 84–95 gündür. Balaları (2–4) gözübağlı, saya rәngli doğulurlar; 13–20 aydan sonra analarından ayrılırlar. H. bağlı şәraitdә (heyvanxana vә s.) daha yaxşı çoxalır; әvvәllәr әhlilәşdirilmiş bu heyvandan ov üçün istifadә edirdilәr. Azәrb.-da Qobustan qayalarının birindә Neolit yaşlı çöküntülәrdә H.-ın alt çәnә sümüyü aşkar edilmişdir. H. TTEBMİ-nin “Qırmızı kitab”ına daxil edilmişdir.

Hepard (Acinonyx jubatus).










