HERAKLİT (Ηράκλειτος) Efesli (tәqr.e.ә. 540 – tәqr. e.ә. 480) – qәdim yunan filosofu, siyasi vә dini-әxlaqi sahәlәrdә islahatçı tәmayüllü mütәfәkkir. İrsi basilevs (hökmdar-kahin) titulundan qardaşının xeyrinә әl çәkmişdir. Rәvayәtә görә, Artemida mәbәdinә ithaf olunmuş yeganә әsәrin (üç fәsildәn ibarәt “Kainat, dövlәt, ilahiyyat haqqında” kitabı) müәllifidir; 100-dәn artıq sitat-fraqmenti günümüzәdәk saxlanmışdır. H.-in kitabı metaforik dillә, qәsdәn çoxmәnalı sözlәr, pritçalar, alleqoriyalar vә tapmacalardan istifadә etmәklә yazılmışdır (kitabın interpretasiya çәtinliklәri buradandır). Peripatetik doksoqrafiyası H.-in metaforalarını hәrfi mәnada anlayaraq, onu birtәrәfli qaydada “fizik” kimi şәrh etmişdir, lakin qrammatik Diodotun sözlәrinә görә, H.-in әsәri “tәbiәt haqqında” deyil, “dövlәt haqqındadır”. H. ilk antik utopistdir; o, Platonun “Dövlәt” әsәrinin mövzusunu ondan öncә işlәmiş, insanın dil vә tәfәkkürünün radikal islahatından başlayaraq, cәmiyyәtin, dinin vә әxlaqın “tәbii qanun” әsasında yenidәn qurulması haqqında yazmışdır. H.-in dünyagörüşü vә fәlsәfi mövqeyinin özünәmәxsusluğu onun hәm epik mif әnәnәsinә (Homer, Hesiod), hәm dә İoniya maarifçiliyinın (Ksenofan, Miletli Hekatey) rasionalizminә qarşı çıxmasındadır. H. düşüncәsinin tәmәlindә “tәk” vә “çox” (yaxud “hәr şey”) qarşılaşdırılması durur. Ontologiya, kosmologiya, teologiya, siyasәt vә etikada H. “tәk”in “çox” üzәrindә üstünlüyünü tәsbit edir: yalnız “tәk” hәqiqidir vә realdır, o, “bu kosmos”un substratı ilә eynidir, o, yeganә hәqiqi Allahdır, o, özünü “tәbii qanun”da aşkarlayır, o, hәm dә ali etik dәyәrdir (çünki filosofluğun mәqsәdi ilahilәşdirmәdir); müvafiq olaraq, “çox”un fenomenal dünyası çoxallahlılıq, demokratiya (“çox”un idarәçiliyi), hedonizm (hissi çoxluğa sevgi) ilә әlaqәlәndirilir vә qeyrihәqiqi, dәyәrsiz olduğu üçün H. tәrәfindәn rәdd edilir. H.-in formal monizmi Eleya mәktәbinin monizminә oxşar olsa da, metodu ona tam әksdir. Rasionalist Parmenid vәhdәt haqqında tezisi mәntiqi deduksiya vasitәsilә sübut etdiyi halda, H. eyni şeyi xalis sensualizm (fraqment 5 – “mәn nәyi görmәk, eşitmәk, tanımaq mümkündürsә, ona üstünlük verirәm”) nümayiş etdirmәklә, bütün fenomenal dünyanı bir-birinә әks cütlәrә ayırmaqla vә onların hәr birinin eyniliyini (H.-dәn qalma fraqmentlәrin böyük hissәsi әksliklәrin bu cür üst-üstә düşmәsinin nümunәlәridir) göstәrmәklә edir. H.-dә “әksliklәrin vәhdәti” onların “birlәşmәsi”, yaxud “bağlılığı” deyil (bu hal onların ayrı-ayrılıqda fәrdiliyini nәzәr dә tutardı ki, bunu da H. inkar edirdi), bir-birindәn fәrqlәnmәzliyә qәdәr “tam üst-üstә düşmәsi”, mütlәq “eyniliyi”dir (ταύτόν). Obyektiv (“tәbiәtinә görә”) “tәk” empirik olaraq “cüt” kimi üzә çıxır. Belәliklә, mәhz “hadisәlәrin” antitetik strukturu “gizli tәbiәt” in – kosmik Allahın pozulmaz “harmoniya”sına vә mütlәq vәhdәtinә sübutdur. H.-in epistemiologiyası onun ad fәlsәfәsi ilә bağlıdır vә “dünya nitq (loqos) kimi” metaforik modelinә – “gözümüzün qarşısında olan”a, tәbiәtin görünәn “nitqi”-nә, bilavasitә hisslәr vasitәsilә qavranılan fiziki kosmosa әsaslanır. Tәbiәtin kitabını (nitqini) onun yazıldığı dili bilmәdәn oxumaq (eşitmәk) mümkün deyil; ayrı-ayrı şeylәr bu nitqin “sözlәr”idir. Yunan yazısında mәtn sözlәrә ayrılmadan yazıldığına görә, fәlsәfә düzgün oxunuş (interpretasiya) vә hissi mәtni “sözlәrә-şeylәrә” bölmә sәnәti kimi başa düşülür. Filosofun vәzifәsi sensor mәlumatlar arasından әkslik cütlüklәrini bir söz-anlayışda “götürәrәk” ayırmaqdır. İnsanlar isә “bu loqosu” “tәbiәtinә görә” ayırmayıblar vә nәticәdә insan dilinin bütün sözlәri tәbiәt adlarının yalnız mәnasız “hecalar”ıdır, insanın dili (vә tәfәkkürü) isә yatmış adamın rabitәsiz danışığına bәnzәyir. Düzgün oxunmuş (eşidilmiş) nitq olan dünya “tәk”, düzgün oxunmayan isә “cәm”dir. Bәşәriyyәt sәhv de şifrәlәnmiş rәy-doksalar dünyasında yaşayır. İnsanlar reallıqla üz-üzә “gәlir”, lakin onu görmürlәr, çünki “öz şüurlarına” qapılmışlar; onlar “mövcud ikәn, yoxdurlar” (fraqment 2) vә yalnız öz yuxularını görürlәr. Alimlәr empirik faktları cәmlәmәklә başa düşmürlәr ki, yalnız öz nadanlıqlarını çoxaldırlar: “hadisәlәr”in dәrki bitlәri tutmağa oxşayır – nә qәdәr çox “gördün vә tutdun”, o qәdәr az qalacaq. “Varlıq gizlәnmәyi xoşlayır” (fraqment 8): qızıl hәqiqәt zәrrәsini tapmaq üçün dağ boyda boş “hadisә” süxurunu qazımaq lazımdır (fraqment 10). Lakin bu mәşәqqәtli zәhmәti çәkәn kәs başlanğıc nöqtәsinә gәlәcәk vә öz-özü ilә qarşılaşacaq: “mәn öz-özümü axtarırdım” (fraqment 15). Ontoloji mütlәq idrak subyekti ilә eyniyyәt tәşkil edir (advayta-vedantada Brahman vә atmanın eyniyyәti). “Bu kosmos” sağlam düşüncәdә “müntәzәm alışan, müntәzәm sönәn, әbәdi yaşayan alov” kimi üzә çıxır, onu “[әnәnәvi] allahlardan heç biri, insanlardan heç kәs yaratmayıb, olub, var vә olacaq” (fraqment 51). “Alov” Tәbiәt mәbәdinin Kosmos mehrabında çәkilәn hissi әtriyyatın (“gecә – gündüz”, “qış –yay” vә s.) “qarışdığı” “xalis mahiyyәt”i, yaxud “qavranılmayan substrat”ı bildirәn sakral metaforadır. Ölәri insanlar yalnız әtirlәri (yәni “hadisәlәri”) qavrayır vә sәhvәn onlara “hәr birinin әtirinә” görә “ad” verirlәr, әslindә isә bütün bu adların yeganә real әsası (“tәbiәti”) “alov”dur. H.-in “alov”u hәyata, şüura, providensial iradәyә malikdir vә “Perun” adı altında “kainatı idarә edir” (fraqment 79), yәni Zevslә eynilәşdirilir. O, kosmik әdalәt mühakimәsinin daşıyıcısı (Dike) vә zamanların sonunda günahkarları cәzalandıran zәhmli Hakimdir. Yunan sözü “πύρ” gözlә görünәn “alov”dan daha çox “qızğınlıq, hәrarәt” (qәdim hindlilәrdә tanas) demәkdir vә H.-dә alov enerjisi, kosmik ruh mәnasını qazanır, çünki maddi, cismani varlığın potensialı kimi ona qarşı qoyulur. Kosmik silsilәnin başlanğıcında alovun “sönmәsi” onun 4 elementdәn ibarәt parçalanmış kosmosun hissi qavranılan cismindә tәcәssümü ilә nәticәlәnir. Özünü hava, su, torpaq kimi ayaltı elementlәrә sәrf etmiş kosmik Allahın “ehtiyac” vә әzabları dövrü başlayır, lakin bu müddәt bitdikdәn sonra alovlu ruh tәcәssümündәn çıxır vә “Bolluqdan”dan hәzz alır. Kainatın bu silsilәli dövrlәşmәsi sonsuz vә labüd olaraq qaçılmazdır. H.-in kosmoqoniyasında ölәn vә dirilәn İlahinin әzabları haqqında mifin izlәri aydın görünür. Onun “faciәvi pessimizm”i dә buradandır: biz varlığın degenerasiyası dövründә yaşayırıq, lakin bәşәriyyәtin gәlәcәyi indisindәn daha qorxuncdur (H. haqqında “ağlayan filosof” әfsanәsi). İnsan, elә kosmos kimi, işıq vә qaranlıqdan (ruh vә bәdәndәn) ibarәtdir vә onların bir-birinә növbәli şәkildә üstün gәlmәsi (“yanma vә sönmә”) oyaqlıq vә yuxunun, hәyat vә ölümün bir-birini әvәzlәmәsinә sәbәb olur: ölәrәk insan cismani mövcudluğunun ölümündәn “ayılır”. Bizim yaşadığımız real dünya ölülәr çarlığı (Aid), bәdәnimiz isә canın qәbridir. “Canlar” elementlәrdәn yalnız alovun olmadığı kosmik burulğana daxil edilmişlәr. Odur ki, yenidәn doğulmalar dairәsindәn çıxmaq vә әzablardan qurtulmaq üçün öz canını “quru” etmәlisәn, yәni onu “alov”a yaxınlaşdırmalısan. “Quruluğa” yetişmә askeza tәlәb edir: pәhriz (vegetarianlıq), cinsi әlaqәdәn çәkinmә vә ümumiyyәtlә hissi hәzzdәn imtina. H. kitabının siyasi bölümündәn fraqmentlәr saxlanmamışdır. Ehtimal ki, onun siyasi idealı utopik maarifçi monarxiya, yәni çoxluğun “iradәsi” ilә qәbul vә rәdd edilәn yazılı qanunlara deyil, әbәdi “Tәbiәt kitabı”nda yazılmış “vahid, ilahi” qanuna әsaslanan “әn yaxşının” (fraqment 98), filosofun idarәçiliyi idi. O, hәmin monarxiyanı Kosmopolislә eynilәşdirdiyinә görә, ehtimalki, anarxist-kosmopolit olmuşdur (kiniklәr onu mәhz belә başa düşürdülәr). H.-ә görә, politeizm tәk Allahın kultu ilә әvәzlәnmәlidir: “Tәk Müdrik Varlığı, bütün Kainatı idarә edә bilәn Ruhu (Гνώμη) qәbul etmәk” (fraqment 85). H.-ә Daranın monoteist islahatı tәsir göstәrә bilәrdi (buna görә onu Zәrdüştlә müqayisә edirdilәr), lakin bu tәsirin nә dәrәcədә olması diskussiya predmetidir.










