ƏLİYEV Mehdi Sadıq oğlu (21.12.1907, Gəncə – 4.5.1972, Bakı) – Azərb. pedaqoqu və fiziki. Fizika-riyaziyyat elmləri namizədi (1949), Azərb. SSR əməkdar elm xadimi (1969) və əməkdar müəllimi. Gəncə müəllimlər seminariyasını (1924) və Azərb. Dövlət Un-tini (1930) bitirmişdir. Gəncədə müəllimlik etmiş, ADPİ-də dekan (1931–35) və rektor (1962–65), Azərb. Dövlət Un-tində dosent, dekan (1944 ildən), prorektor (1952 ildən) və rektor (1965–70) işləmişdir. Tədqiqatları əsasən, bərk cisimlərin öyrənilməsinə həsr olunmuşdur. Azərb. dilində ilk “Optika” dərsliyinin həmmüəllifidir. Elmi kadrların hazırlanmasında xidməti var. Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir.










