HERÁT – Əfqanıstanın q.-indә şәhәr. Herat әyalәtinin inz. m. Əh. 592,9 min (2021). Hәrirud çayı vadisindә, tәqr. 925 m yüksәklikdә yerlәşir. Avtomobil yolları qovşağı. E.ә. 2–1-ci minilliklәrdә indiki H. vahәsinin әrazisi iri Areya (Ariya) mәdәni vil.-nin mәrkәzi olmuşdur. E.ә. 6 әsrdәn bu әrazi Əhәmәnilәr dövlәtinin tәrkibindә idi. H. şәhәrinin (yunan mәnbәlәrindә Aleksandriya-Ariana adlanır) salınması Makedoniyalı İsgәndәrlә әlaqәlәndirilir. Sasanilәrin dövründә mühüm şәhәr idi. 652 (digәr mәlumatlara görә 660) ildә әrәblәr tәrәfindәn tutulmuşdu. Samanilәr dövründә H. Xorasanın әsas şәhәrlәrindәn biri olmuşdur. 1221 ildә monqollar tәrәfindәn işğal edilmiş vә tamamilә dağıdılmışdı (1236 ildә bәrpa olunmuşdur). Teymurilәr dövründә (15 әsr) Orta Şәrqin әn iri ticarәt, sәnәtkarlıq vә mәdәni mәrkәzinә çevrilmiş vә çiçәklәnmә dövrünü yaşamışdır. 16 әsrdәn Sәfәvilәr dövlәtinin tәrkibindә idi. 1716 ildә baş vermiş üsyan nәticәsindә Herat әmirliyi yaradılmış, lakin 1732 ildә Nadir xan (bax Nadir şah) burada Sәfәvilәrin hakimiyyәtini bәrpa etmişdir. 1747 ildә Dürranilәr dövlәtinin tәrkibinә qatılmış, 19 әsrin әvvәllәrindә bu dövlәtin parçalan masından sonra müstәqil Herat xanlığının mәrkәzi olmuş, Herat münaqişәlәrindәn (1838–41 vә 1851–63) sonra, 1863 ildә qәti olaraq Əfqanıstanın tәrkibinә keçmişdir. Çiy kәrpicdәn inşa edilmiş әnәnәvi tikililәri olan, kvadrat formalı divarlarla әhatәlәnmiş Köhnә şәhәrdә әsası Makedoniyalı İsgәndәr tәrәfindәn qoyulan (15 әsrdә yenidәn qurulmuşdur) yarım dağılmış içqala ucalır. Şәhәrin çoxsaylı memarlıq abidәlәrinә (o cümlәdәn Cümә mәscidi, әsası 1201 ildә qoyulmuş, 1498–1500 illәrdә Teymurilәr dövrünün memarlığı üslubunda yenidәn tikilmişdir) 20 әsrin sonlarında baş vermiş münaqişәlәr xeyli ziyan vurmuşdur. Gövhәrşad türbәsi vә dövrümüzәdәk gәlib çatmayan möhtәşәm Müsәlla ansamblına (1417–38; ansamblın tikintisindә azәrb. memar Xoca Əli Hafiz Tәbrizi dә iştirak etmişdir) daxil olan minarәlәr, Xoca Abdulla Ənsari türbәsi (1428–29, hamısının memarı Qәvamәddin Şirazidir), hәmçinin Əlişir Nәvainin türbәsi H.-ın tarixi memarlıq abidәlәridir. 15–16 әsrin әvvәllәrindә H. memarlıq, tәsviri (Herat miniatür mәktәbi) vә dekorativ sәnәt mәrkәzi idi. Muzey var. Yeyinti, toxuculuq sәnayesi müәssisәlәri fәaliyyәt göstәrir. Xalça vә parçaların kustar istehsalı inkişaf etmişdir. Elektrik yarımstansiyalar var.

Herat cümә mәscidi.
Herat qalası.










