HERAT MÜNAQİŞƏLƏRİ – 1838–41 vә 1851–63 illәrdә İngiltәrә ilә İran arasında Herat xanlığına (17–18 әsrlәrdә Sәfәvilәrin, Əfşarların vә Qacarların hakimiyyәti altında olmuş, 19 әsrin әvvәllәrindәn müstәqil dövlәt idi) sahib olmaq uğrunda hәrbi münaqişәlәr. Xәzәr dәnizindәn Hind çayına, İran körfәzindәn Amudәrya çayına gedәn yollar ayrıcında yerlәşәn Herat İngiltәrәnin Orta Asiya, Əfqanıstan vә Hindistanda ekspansionist planlarının hәyata keçirilmәsindә mühüm yer tuturdu. Rusiya H.m.-ndә İranı müdafiә edirdi. 1837 ildә İran qoşunları Herat qalasını mühasirәyә aldılar. 1838 ildә İngiltәrә İranla diplomatik münasibәtlәri kәsәrәk hәrbi gәmilәrini İran körfәzinә yeritdi. İran hökumәti Heratın mühasirәsini lәğv etmәyә mәcbur oldu. Münaqişәnin nizama salınması ilә İngiltәrә-Rusiya münasibәtlәri dә yaxşılaşdı. 1841 ildә İngiltәrә ilә İran arasında diplomatik münasibәtlәr bәrpa olundu vә ticarәt müqavilәsi bağlandı. 1851 ildә Herat hakimi Yarmәhәmmәd xan öldükdәn sonra İngiltәrә, İran vә Əfqanıstan Heratda başlanan daxili ara vuruşmalarına qarışdılar. 1853 ildә İngiltәrә İranı Heratın işlәrinә qarışmamaq haqqında tәәhhüd imzalamağa mәcbur etdi. Əfqanıstan Qәndәharı tutduqdan (1855, noyabr) sonra İranın Heratı әfqanlardan müdafiә etmәk bәhanәsi ilә 1856 ildә ora qoşun yeritmәsi İngiltәrә-İran müharibәsinә (1856–57) sәbәb oldu. 1863 ildә Herat Əfqanıstana birlәşdirilirdi.










