HERBİSİDLƏR (lat. herba – ot vә caedo – öldürmәk) – lazımsız ot bitkilәrini mәhv etmәk üçün işlәdilәn kimyәvi dәrmanlar (vasitәlәr), pestisidlәrә aid edilir. H. hәm dә arborisidlәr (sәrfolunma normasını artırmaq yolu ilә), desikantlar, defoliantlar, hәmçinin komponentlәrdәn biri kimi algisidlәrin tәrkibinә daxil edilir. Sәpin sahәlәrindә vә k.t. bitkilәri әkinlәrindә alaq bitkilәrinin qarşısını alan, mühafizә edilәn bitkiyә tәsir etmәyәn vә ya böyümәni müvәqqәti lәngidәn seçici tәsirli preparatlar tәtbiq edilir. İstifadә edilәn H.-in çoxu bunlara aiddir. Tam tәsir edәn preparatlar hәr bir bitkini mәhv edir. Bunlar çoxillik bitki әkinlәrindә, herik qoyulmuş tarlalar da, yolların kәnarında, aerodromlarda, elektrik xәtlәrinin altından keçәn yerlәrdә vә s. tәtbiq edilir. Bir bitki növünü mәhv etmәk vә onunla birgә olan digәr bitkiyә toksiki tәsir göstәrmәmәk qabiliyyәti (seçicilik, yaxud selektivlik) bitkinin anatomik-morfoloji quruluşunun xüsusiyyәtlәri, onlarda gedәn biokimyәvi proseslәr, preparatların kimyәvi xassәlәri, onların sәrfolunma normaları ilә müәyyәn edilir. Müxtәlif botaniki siniflәrә aid bitkilәrә göstәrdiyi tәsirdәn asılı olaraq H. taxıl bitkilәri әleyhinә (qraminisidlәr) vә ikilәpәlilәr (enliyarpaqlılar) әleyhinә olmaqla iki hissәyә ayrılır. Hәmçinin, taxıl bitkilәrini vә ikilәpәlilәri inkişafdan saxlayan H. dә vardır. H. geniş vә mәhdud tәsir spektrli, yәni bir çox növün, yaxud 1–2 növ bitkinin mәhvinә sәbәb ola bilәr. Tәtbiq üsullarına görә torpağa verilmәk üçün vә vegetasiya (yәni yarpaq preparatları) dövründә bitkilәrin dәrmanlanması mәqsәdilә işlәdilәn preparatlar var. Birincilәr alaq bitkilәri cücәrәnәdәk, ikincilәr alaqların inkişafının erkәn mәrhәlәlәrindә, ayrı-ayrı hallarda isә alaq otlarının hünd. 15–20 sm-ә çatanda tәtbiq edilir. Dәnәvәrlәşdirilmiş preparatlar sәpәlәmәk, qalan digәr preparat formaları isә torpağa, yaxud bitkiyә çilәmәk üçün tәyin edilmişdir. Torpaq vә bitkilәr başdan-başa zolaqlı (cәrgәli), lokal (ocaqlı) işlәnә bilәr. Bitkiyә tәsirinә görә H. kontakt vә sistem tәsirli preparatlara ayrılır. Kontakt tәsirlilәr bitkinin sәthindә qalır vә yalnız yer üstü hissәlәrin, sistem tәsirlilәr isә keçirici sistemlә hәrәkәt edәrәk bütün bitkinin mәhvinә sәbәb olur. Bitkilәrin bu vә ya digәr hәyat әhәmiyyәtli proseslәrinin pozulması ilә nәticәlәnәn, kimyәvi quruluşuna vә zәhәrli tәsirinә görә fәrqlәnәn üzvi maddәlәr H. kimi istifadә edilir. Fotosintezi yatırtmaq üçün triazinlәr, triazinonlar, hidroksibenzonitrillәr, bis-karbamatlar, piridazinonlar, tiadizinonlar vә karbamid törәmәlәri tәtbiq edilir; mitoz üçün dinitroanilinlәr, lipidlәrin sintezi üçün tiokarbamatlardan istifadә olunur. Bitkilәrin böyümәsini tәnzimlәyәn fenoksisirkә, fenoksipropion, benzoy vә pikolin turşularının törәmәlәri auksin mübadilәsini pozur; ariloksifenoksipropion turşusunun, imidazolinonların, tsikloheksandionların vә triazolopirimdinlәrin törәmәlәri yağ turşularının sintezi üçün zәruri olan asetil-CoAkarboksilaza fermentinin inhibitorlarıdır; amin turşularının sintezindә iştirak edәn asetolaktatsintazanın inhibitorları ilә sulfonilsidikturşusu vә imidazolinonlar. 1000-dәn artıq herbisid xassәli birlәşmә mәlumdur. 2005 ildә RF-nda alaq bitkilәrinin mәhv edilmәsi üçün әsasında müxtәlif preparat forması (emulsiya konsentratları, sulu mәhlullar, isladıcı tozlar, quru axıcı suspenziyalar, qranulalar vә b.) istehsal olunan 100-әdәk tәsiredici maddә tәtbiq edilmişdir. H.-in әksәriyyәti insan üçün orta tәhlükәli, cüzi hissәsi isә tәhlükәlilәrә aiddir (tәhlükәlilik siniflәri vә H.-lәrlә işlәyәrkәn tәhlükәsizlik qaydaları üçün Pestisidlәr mәqalәsinә bax). H. әsasәn, bir vegetasiya mövsümündә torpaqda tamamilә parçalanır vә yalnız onlardan bәzilәri bir neçә il әrzindә torpaqda qala vә gәlәcәk bitkilәrә zәhәrli tәsir göstәrә bilәr. 300 növdәn artıq alaq bitkisinә uzunmüddәtli tәsir nәticәsindә müәyyәn H.-ә qarşı rezistentlik әmәlә gәlir. Onun gәlәcәkdә inkişafının qarşısını almaq üçün zәhәrlilik mexanizminә görә fәrqlәnәn H.-i növbәlәşdirmәk tәtbiq edilir.










