HÉRDER İohann Qotfrid (25.8.1744, Morungen – 18.12.1803, Veymar) – alman filosofu. 1762–64 illәrdә Köniqsberq Un-tin dә tәhsil almış, orada İ.Kantın mühazirәlәrini dinlәmiş, İ.Q.Hamanla yaxınlaşmışdır. 1764 ildәn Riqada Dom mәktәbinin müәllimi vә vaiz olmuşdur. 1770 ildә Strasburqda İ.V.Göte ilә görüşmüşdür. 1771–76 illәrdә Bükkeburqda konsistoriya müşaviri, 1776 ildәn Veymar da generalsuperintendant (lüteran kilsәsinin başçısı) idi. H. yaradıcılığı alman Maarifçiliyinin zirvәsidir. Öz inkişafında maarifçi rasionaliz min mәhdudluğunu dәf edәn H. tәbii varlığın vә insan cәmiyyәtinin tarixiliyini vurğulamaqla, müxtәlif mәdәni-tarixi fenomenlәri qәrәzsiz nәzәrdәn keçirmәklә dünyanın bütöv mәnzәrәsini yaratmağa çalışmışdır. İlk әsәrlәri olan “Ən yeni alman әdәbiyyatı haqqında” (“Über die neuere deutsche Literatur”, 1767) vә “Tәnqid meşәlәri” (“Kritische Wälder”, 1769) ilә H. aparıcı alman tәnqidçilәri vә estetiklәri cәrgәsinә daxil oldu. 1769 ildә dәniz yolu ilә Fransaya sәfәri zamanı yazdığı “Mәnim sәyahәtimin gündәliyi...” (“Journal meiner Reise...”, bütöv halda ilk dәfә 1846 ildә nәşr edilmişdir) H.-in bütün sonrakı yaradıcılığının tematikasını ehtiva edәn kulturoloji-fәlsәfi әsәrdir. H.-in ilk әsәrlәrindә onun fәlsәfi düşüncәsinin sinkretikliyi, “hәyati-praktik” vә “canlı” olana istiqamәtlәnmә (varlığın “üzvi” konsepsiyası; fәlsәfә insanın, onun şәxsiyyәtinin vә hәyat tәrzinin kamillәşmәsi üçündür) kimi xüsusiyyәtlәri üzә çıxırdı. H. mәntiqi konstruksiya kimi fәlsәfәyә böyük әhәmiyyәt vermirdi: sonralar o, öz hәyatipraktik fәlsәfәsi mövqeyindәn İ. Kantın tәnqidi fәlsәfәsini rәdd edirdi. H.-in dini görüşlәri teizm vә panteizm arasında tәrәddüddәn ibarәtdir: o, gah varlığı, tәbiәti, bәşәriyyәti öz-özünә inkişafda, öz-özünә qane olan bir şey kimi nәzәrdәn keçirir, gahda ali başlanğıcın müdaxilәsini mümkün sayırdı. H. fәlsәfәsinin daxili ziddiyyәtlәrindәn biri özünәmәxsusluğu ilә dәyәrli olan mәdәniyyәt formalarının konkretliyinә diqqәti yönәldәrkәn, özünü büruzә verir; belә ki, H. eyni zamanda “ümumbәşәri”liyi dә qeyd etmәyә tәlәsdiyi üçün dövrün konkret tarixi mәzmunu itmәyә başlayırdı. 1769 il “Gündәliyindәn” sonra H.-in fәlsәfi düşüncәsi estetika vә poeziya nәzәriyyәsi, tarix fәlsәfәsi, insan şüurunun yaradıcı mәhsulu kimi sәciyyәlәndirdiyi dil fәlsәfәsi olmaqla bir neçә istiqamәtdә inkişaf etdi. 1770-ci illәrin әvvәllәrindә H. Almaniyanın әn nüfuzlu mütәfәkkirlәrindәn biri, “Fırtına vә tәzyiq” hәrәkatının әsas ideoloqu olmuşdur; onun “Alman xarakteri vә incәsәnәti haqqında” toplusu (“Von deut scher Art und Kunst”, 1773) bu hәrәkatın ideyalarının parlaq ifadәsi idi. H.-in bu topludakı U.Şekspir vә Ossian haqqında mәqalәlәri xalq ruhunun tәkrarsız ifadәsi olan xalq poeziyasına yeni münasibәtin әsasını qoydu. H.-in Bibliya haqqında “İnsan nәslinin әn qәdim sәnәdi” (“Älteste Urkunde des Menschengeschlechts”, 1774–76) әsәri Bibliyanın xalqın poetik yaradıcılıq mәhsulu, hәtta milli epos kimi tәqdim olun masından ibarәt eyni tәsәvvürlәr kompleksini inkişaf etdirirdi. “Bir dә tarix fәlsәfәsi” (“Auch eine Philosophie der Geschichte zur Bildung der Menschheit”, 1774) әsәrindә bәşәriyyәt tarixi ağaca bәnzәdilir: burada qәdim xalqlar onun gövdәsini, nisbәtәn yeni xalqlar isә onun budaqlarını әmәlә gәtirir; xalqların tarixi müxtәlif yaş dövrlәri olan insan hәyatı kimi göstәrilirdi. İfrat optimizmlә aşılanmış “Bәşәriyyәt tarixi fәlsәfәsinә dair ideyalar” (“İdeen zur Philosophie der Geschichte der Menschheit”. 1784–91) әsәrindә bütün tarix varlıqda әzәldәn qoyulmuş qüvvәlәrin ardıcıl yüksәlişi, inkişafı vә çiçәklәnmәsi prosesi kimi nәzәrdәn keçirilir (Yerin geoloji tarixindәn ruh sferasına rәvan keçid bu mәnada sәciyyәvidir). Bәşәriyyәt bütünlükdә son mәqsәdә – humanistliyә vә xoşbәxtliyә nail olmağa can atır; tәbii kataklizmlәr vә tarixi fәlakәtlәr yekun faciәvilikdәn mәhrum olan zәruri vә xoşagәlmәz epizodlar xarakteri daşıyır; ayrıca insan hәyatı mәhvedilmәzdir, onun substansiyası yenidәn doğularaq, daha yüksәk, bizә mәlum olmayan formalara keçir (Ş.Bonnedә inkişaf etdirilmiş “palingenesiya” ideyası). “Humanistliyi tәşviq etmәyә dair mәktublar” (”Briefe zur Be förderung der Humanität”, 1793–97) әsәri “İdeyalar...”ın davamıdır. B.Spinoza vә A.Şeftsberi fәlsәfәsinin yenidәn işlәnmәsi olan “Allah” (“Gott”, 1787) dialoqu tәbiәtin vә insanın ilahiliyi haqqında himndir. H.-in bu dövrә aid estetik әsәrlәri (“Plastika” – “Plastik”, 1778) dә varlığın ruhi-maddi vәhdәti, harmoniyası, bölünmәz bütövlüyü vә simvolikliyi haqqında tәsәvvürlәrlә aşılanmışdır. “İdeyalar”ın nәşrindәn sonra H. fәlsәfәsinin zәif tәrәflәrini (yoxlanılmamış fәrziyyәlәr әsasında mülahizәlәr qurmaq, sübutsuz teleologizm vә s.) göstәrәn resenziya ilә çıxış etmiş İ.Kantla H. arasında dәrin münaqişә yarandı. H.-in 1790-cı illәrin sonlarında yazdığı bir çox әsәri (“Xalis zәkanın tәnqidinin metatәnqidi” – “Metakritik zur Kritik der reineen Vernunft”, 1799; “Kalliqona” – “Kalligone”, 1800) mәnәvi-fәlsәfi empirizm mövqeyindәn Kanta qarşı yönәlmişdir. 18 әsrin sonlarında H.-in ideyaları artıq ümumi sәrvәtә çevrildi. H. 18 әsrin çox tәrәfli tәbiyyat-elmi vә fәlsәfi axtarışlarını dәqiq vә anlaşıqlı formada sintez edә, dünyanın üzvi inkişafını vahid dünya orqanizminin müxtәlif mәrhәlәlәri kimi cansız vә canlı tәbiәtdә, bәşәr tarixindә izlәmәklә formulә edә bildi. Bununla yanaşı, alman fәlsәfi fikrinin müxtәlif cәrәyanları H. fәlsәfәsinin bu vә ya digәr tәrәfini vurğulayırdılar. Mәs., romantiklәr H.-in ümumhumanist pafosunu zәiflәdәrәk, mәnәvi mәdәniyyәtin milli formalarının әhәmiyyәtini tam şәkildә әxz etdiklәri halda, G.V.F.Hegel fәlsәfәsindә H.-in tarixi universalizmi yeni sәviyyәdә bәrpa edildi. Alman fәlsәfi düşüncәsinin 20 әsr hәyat fәlsәfәsi vә fәlsәfi antropologiyası da daxil olmaqla, bütün sonrakı inkişafında H.-in tәsiri özünü göstәrir.










