HÉRLEN (Heerlen) – Niderlandın c.-unda, Limburq әyalәtindә şәhәr. Əh. 86,8 min (2019). D.y. qovşağı. Limburq daş kömür hövzәsinin mәrkәzi. Kimya, elektrotexnika, şüşә-keramika, tikiş, yeyinti sәnayesi müәssisәlәri; kilsә (12 әsr), Tervorm qәsri (15 әsr) var. әrazisindә ilk yaşayış mәskәni Neolit dövrünün Mixelsberq mәdәniyyәtinә (e.ә. 4400–3500) aiddir. Bu, Niderlandın müdafiә istehkamı (torpaq bәndi) olan әn erkәn mәskәnidir. Eramızın 1-ci minilliyindә romalılar burada Koriovallum (Coriovallum) hәrbi düşәrgәsini salmışdılar. 1940 ildә H.-dә Roma termaları aşkarlanmışdır (1977 ildәn muzeydir). 1065 ildә Lyej yepiskopluğunun tәrkibindә olmuş, 1244 ildә Brabant hersoqluğuna keçmişdir. Niderland inqilabı (16 әsr) zamanı dәfәlәrlә İspaniya vә Birlәşmiş әyalәtlәr hakimiyyәtinә keçmiş, 1661 ildә Niderlanda qatılmışdır. 1793–1814 illәrdә Fransanın, 1830–39 illәrdә Belçikanın tәrkibindә olmuş, sonra isә qәti olaraq Niderland krallığına daxil edilmişdir. İkinci dünya müharibәsi zamanı alman qoşunları tәrәfindәn işğal olunmuşdur (1940–45). 1982 ildә H. Hunsbruk ş. ilә birlәşmişdir.

Herlen. Tervorm qәsri.










