HERODÓT (Ἡρóδοτος) (tәqr. e.ә. 484, Kiçik Asiyanın c.-q.-indә Halikarnas ş. – tәqr. e.ә. 425, Cәnubi İtaliya, Furiya ş.) – qәdim yunan tarixçisi, “tarixin atası” (Siseron, Cic. Deleg. I, 1). Antik müәlliflәrin vә Bizans leksikoqraflarının mәlumatlarına görә, H. tanınmış nәsildәn idi (ehtimal ki, yunan-kariyalı). Yaxşı tәhsil almış, yunan epik poeziyasına (Homer), erkәn lirik şairlәrin vә nasir loqoqrafların (o cümlәdәn, Miletli Hekateyin) әsәrlәrinә bәlәd olan H. eyni zamanda Şәrq xalqlarının mәdәniyyәtini mәnimsәmәyә qabil idi. Gәncliyindә vәtәnindә siyasi mübarizәdә iştirak etmiş, lakin mәnsub olduğu qruplaşma mәğlubiyyәtә uğradıqdan sonra Halikarnası tәrk etmәyә vә Samos a.-nda mәskunlaşmağa mәcbur olmuşdur. Bir neçә illik sürgündәn sonra vәtәnә qayıtmağa müvәffәq olsa da, yeni siyasi uğursuzluqlar onu doğma şәhәrini birdәfәlik tәrk etmәk mәcburiyyәtindә qoymuşdur. Fitri biliyә vә öyrәnmәk hәvәsinә malik, eyni zamanda varlı olan (onun vәtәnindә malikanәsi qalmışdı) H. çoxlu sәyahәt etmiş, Kiçik Asiyanın bir çox vilayәtindә, Mesopotamiyada (Babil) vә Qәrbi İranda, Suriyada, Finikiyada, Misirdә (Memfisdә qalmış, Nil çayında üzәrәk birinci astanalara qәdәr qalxmışdır), ehtimal ki, Kirenaikada (indiki Liviyada vilayәt) da olmuşdur. H.-un digәr marşrutu boğazlar zonasından vә frakiyalıların torpaqlarından şimala, Skifiyaya vә Şimali Qara dәniz yanıya keçmişdir; Olviyada yaşamış, sonradan Hipanis çayı (indiki Cәnubi Buq) boyunca skiflәrә mәxsus torpaqların içәrilәrinә gedib çıxmışdır. Müxtәlif ölkәlәrdә olarkәn H. qeydlәr aparmış, hәmin qeydlәr sonradan onun “Tarix” әsәrinin ayrı-ayrı eks kurslarının әsasını tәşkil etmişdir. H. sәyahәtlәri arasındakı müddәtdә uzun illәr Yunanıstanda, xüsusәn Afinada yaşamış, burada Perikl vә onun dәrnәyinin üzvlәri ilә (o cümlәdәn Sofoklla) yaxınlaşmışdır. E.ә. 444–443 illәrdә Periklin tәşәbbüsü ilә İtaliyanın c.-ş. sahilindә Afinanın Furiya koloniyasının salınmasında iştirak etmişdir. Furiya H.-un yeni vәtәninә çevrilmiş vә o, ömrünün sonunadәk orada yaşamışdır. Özünün bir çox hәmvәtәnindәn fәrqli olaraq H. hansısa bir polisin deyil, bütün yunan dünyasının vәtәndaşı idi. Onun tarixi-әdәbi “Tarix” әsәri universal yunan tarixşünaslığının parlaq nümunәsidir. H.-un әsәri dünya tarixinin mәrkәzi mövzusuna – yunan-İran müharibәlәri (e.ә. 500–449) ilә nәticәlәnmiş Şәrqlә Qәrbin әzәli qarşıdurmasına hәsr edilmişdir. Əsәrini әn qәdim (әfsanәvi) dövrlәrdәn başlayan H. tezliklә yunanların ilk tarixi antaqonisti – Lidiya çarı Krezә keçir, onun Əhәmәnilәr tәrәfindәn mәğlubiyyәtә uğradılmasının tәsvirindәn sonra sonuncuların yunan dünyasına hücumundan bәhs edir. Dünya tarixindәki hadisәlәri müәyyәn baxışla nәzәrdәn keçirmәsi, elәcә dә müasirliyә – yunan-İran müharibәlәrinә qәti müraciәti H.-u mifik dövrlәrә әnәnәvi marağı qoruyub saxlayan loqoqraflardan fәrqlәndirir vә onun sözün әsl mәnasında tarixçi olduğunu göstәrir. H.-un әsәrindә mövzunun tamlığına sәlis kompozisiya da uyğundur. Ellinizm dövründә H.-un “Tarix” әsәri sonralar muzaların adı ilә adlandırılmış 9 kitaba bölünmüşdür: Klio, Evterpa, Taliya vә s. Kimin tәrәfindәn aparılmasına baxmayaraq, bu bölgü H.-un klassik triada prinsipi әsasında qurulmuş әsәrinin hәqiqi mәzmununa uyğundur: ilk 3 kitabda hökmdarlar II Kir, II Kambiz vә I Daranın dövründә Əhәmәnilәr dövlәtinin tәdricәn formalaşması nәzәrdәn keçirilir. Növbәti üç kitabda farsların fәallığının artması vә I Dara dövründә onların Yunanıstana ilk yürüşlәrindәn bәhs edilir. Sonuncu üç kitab farsların Yunanıstana hәlledici hücumuna – Kserksin yürüşünә, Fermopila yaxınlığında yunanların göstәrdiklәri rәşadәtә, onların Salamin, Plateya vә Mikaledә qazandıqları qәlәbәlәrә (e.ә. 480–479) hәsr olunmuşdur. Əsәr zәngin mәnbәşünaslıq bazasına – rәvayәt vә әfsanәlәrә, erkәn şairlәrin vә nasir loqoqrafların әsәrlәrinә, sәnәdli dәlillәrә, şifahi әnәnәyә (H. şifahi әnәnәyә kifayәt qәdәr tәnqidi yanaşmırdı) әsaslanır. Tarixi cәhәtdәn mühüm olan mövzunun seçilmәsinә, mәtnin rasional şәkildә qurulmasına vә mәnbәlәrin seçilmәsinә konseptuallıq vә bәzi ümumi ideyalara riayәt dә әlavә olunur. Əsәrin әsas mәqsәdi hәmin ideyaların doğruluğunu tәsdiqlәmәkdir. Bu, ilk növbәdә yunan sivilizasiyasının Şәrq despotizmi, әdalәtli qanunların hәdsiz özbaşınalıq qarşısında üstünlüyünә әminlik, ümumi qaydaların pozulmasına görә ilahi qüvvә vә ya tale tәrәfindәn sәrt cәzanın labüdlüyünә inamdır. H.-un әsәri tәkcә elmi deyil, hәm dә bәdii keyfiyyәtә malikdir. İoniya dialektindә yazılmış әsәr erkәn İoniya әdәbiyyatının, qismәn novella janrı, qismәn dә daha erkәn epik janrı әnәnәlәrinә meyillidir. Aram vә dolğun ifadә tәrzi, ümumi plana riayәt haşiyәlәri, xüsusilә İran dövlәtinin formalaşmasına dair (Lidiya, Midiya, İran, Misir, Skifiya vә s. loqoslar) vә ya yunan-İran müharibәlәri әrәfәsindә Yunanıstandakı vәziyyәt haqqında hekayәlәrdә (qәdim tiranlar barәdә novellalar) yer alan etnocoğrafi vә novella tipli tarixi ekskursları istisna etmir. H.-un әsәri bu günәdәk öz әhәmiyyәtini saxlayır; tükәnmәz mәlumatlar mәnbәyinin ümumi mötәbәrliyi son arxeoloji, etnocoğrafi vә tarixi tәdqiqatlarla tәsdiqlәnir. Əsәr Azәrb.-ın qәdim tarixi, coğrafiyası vә etnoqrafiyasını öyrәnmәk baxımından da qiymәtli mәnbәdir. Müәllif Əhәmәni hökmdarı Kirin Midiyaya hәrbi yürüşünü (e.ә. 550) tәsvir edir. Midiya әfsanәlәri dә ilk dәfә olaraq H.-un “Tarix” әsәrindә yazıya köçürülmüşdür. Əsәrdә Atropatena vә Albaniyanın (Qafqaz) birbaşa adı çәkilmәsә dә, bu әrazilәr vә onlarla bağlı hadisәlәr, o cümlәdәn skiflәrin Dәrbәnd keçidindәn c.-a hücumları, Araz çayı vә Xәzәr dәnizi, Azәrb. әrazisindә yaşamış kaspilәr, utilәr, matianlar vә b. haqqında ayrı-ayrı mәlumatlar vardır.










