HERÓLD [alm. Herold, qәdim alm. hariowalt (Heerwalter – hәrbi başçı) sözündәn, son lat. heraldus] – 12–18 әsrlәrdә Qәrbi Avropa ölkәlәrindә әvvәl carçı, sonralar kral vә iri feodalların saraylarında tәşrifat mәmuru; şәnliklәrdә, cәngavәr yarışlarında sәrәncamçı. “H.” termini mәnbәlәrdә ilk dәfә tәqr. 1170 ildә qeyd olunmuşdur. H. toxunulmazlıq hüququna malik idi, döyüş zamanı silah gәzdirmir, danışıqlar aparır, arbitraj funksiyasını yerinә yetirirdi. 13 әsrin ikinci yarısından onlar gerb mәcәllәsinin tәrtibinә, 15 әsrin ortalarından gerblәrin ekspertizası vә qeydiyyatına nәzarәt edirdilәr. Vәzifәlәrinә görә H.-lar xüsusi geyim – üzәrindә gerblәrin tәsviri olan tabard geyinirdilәr. Hәr bir H.-un idarәçiliyindә olduğu әrazi, korporasiya, yaxud senyorla bağlı vәzifә adı var idi. H.-lar bir sıra imtiyazlara malik idilәr, o cümlәdәn vergilәrdәn azad edilirdilәr. H.-lar korporasiyası (fr. hérauderie) gerbli kral (1260 ildәn qeyd olunur; fr. roi dʼarmes, ing. king of arms, alm. Wappenkönig), H.-ların özlәri vә aşağı rütbәli persevantların (fr. poursuivant; 14 әsrdәn qeyd edilir) daxil olduğu xüsusi iyerarxiyaya malik idi. 16 әsrdәn gerbli krallar ağ rәngli xüsusi әsa gәzdirirdilәr. 15 әsrin ikinci yarısından H.-ların ali hakimiyyәtdәn asılılığı artdı vә onlar tәdricәn H. kollegiyalarında birlәşmiş dövlәt mәmurlarına çevrildilәr. Fransada H. institutu 1798 ildә lәğv edilmiş, B.Britaniyada bu günәdәk saxlanılmışdır.










