HERŞ (Hersh) Seymur Mayron (d.8.4. 1937, İllinoys ştatı, Çikaqo) – ABŞ jurnalisti, hüquq müdafiәçisi. Çikaqo Un-tini (1958) bitirmişdir. 1959 ildә kriminal xronika müxbiri kimi işә başlamış, “United Press International” (1962) vә “Associated Press” (1963-67) agentliklәrinin, “Nyu-York tayms” (1972–81) qәzetinin vә “Nyu-Yorker” (1992–2004) jurnalının әmәkdaşı, “Atlantik Mansli” (1983–86) qәzetinin müxbiri olmuşdur. Onun Vyetnam müharibәsi (1964–73) zamanı Sonqmi k. әhalisinin ABŞ hәrbçilәri tәrәfindәn qәtlә yetirilmәsi (Maylay qırğını, 1968) haqqında reportajı Pulitser mükafatına (1970) layiq görülmüşdür. Bir çox ifşaedici mәqalәlәrin, publisistik әsәrlәrin vә sәnәdli filmlәrin müәllifidir. “Kamelotun qaranlıq tәrәfi” (1997), “Bütün düşmәnlәrin әleyhinә” (1998) vә s. kitabları var. Jurnalist tәhqiqatı janrında yazan әn yaxşı ABŞ müәlliflәrindәn biridir.










