HESABLAMA SİSTEMİ – informasiyanın (hesablamaların) emalı mәsәlәlәrinin hәlli üçün nәzәrdә tutulmuş vahid mühiti yaradan aparat-proqram vasitәlәri mәcmusu. İlk universal H.s.-lәri bir prosessorlu EHM-lәr bazasında onların mәhsuldarlığını (cәldişlәmәsini) artırmaq üçün yaradılmışdı. İlk EHM-lәrdә prosessorlar özlәri giriş-çıxış әmәliyyatlarını idarә edirdi. Lakin xarici qurğunun sürәti prosessorun sürәtindәn xeyli kiçik olduğundan, giriş-çıxış әmәliyyatları zamanı prosessor faktiki olaraq boş dayanırdı. Onların işini tarazlaşdırmaq mәqsәdilә 1950-ci illәrin sonu – 1960-cı illәrin әvvәllәrindә giriş-çıxış әmәliyyatlarını hesablama vә verilәnlәrin mübadilәsi әmәliyyatları ilә paralel aparmaq üçün EHM-lәr müstәqil prosessorla tәchiz edildi vә elә o zamanda “H.s.” termini yarandı. H.s.-ndә mәsәlәnin hәlli prosesinin statik vә ya dinamik paralellәşdirilmәsi (mәs., mәsәlәnin ayrı-ayrı hissәlәrinin müxtәlif prosessorlarda hәll edilmәsi) hesabına mәhsuldarlığın xeyli artması; avadanlığın tam yüklәnmәsi nәticәsindә istifadә effektinin artması; sistemin etibarlılığının yüksәlmәsi vә s. onun birprosessorlu EHM-dәn üstünlüklәridir. Müasir mikroprosessorların inteqrasiya dәrәcәsinin vә elementlәrinin sürәtinin daim artması, onların etibarlığının yüksәk sәviyyәsi vә nisbәtәn ucuzluğu lazımi sayda mikroprosessorları birlәşdirmәk vә verilәnlәrin paralel emalını tәşkil etmәklә H.s. qurmağa imkan verir. Hesablamalardakı paralellik hesablama prosesinin idarә edilmәsini, hәmçinin aparat vә proqram ehtiyatlarının paylaşdırılmasını xeyli çәtinlәşdirmişdir. Odur ki, H.s.-ndә әsas funksiya hesablama proseslәrinin planlaşdırılması vә ehtiyatların (әmәli vә xarici yaddaş, prosessor, periferiya avadanlığı vә s.-nin) paylaşdırılmasını yerinә yetirәn әmәliyyat sisteminә, hәmçinin yüksәk sәviyyәli dilә malik optimallaşdırıcı kompilyatora verildi. H.s.-nin işindә yüksәk effektivliyә nail olunmasında prosessorları bir-birinә vә ya әmәli yaddaşın modulları ilә bağlayan kommutasiya sistemi böyük әhәmiyyәt kәsb edir. Bir neçә prosessordan ibarәt H.s.-dә matris kommutatoru, hәmçinin dairә, ulduz vә s. rabitә topologiyaları istifadә edilir. H.s.-lәri EHM, yaxud prosessorların növlәrinә vә sayına, sistemin arxitekturasına, iş rejimlәrinә, sistem elementlәrinin idarәolunma üsullarına vә s. görә tәsnif olunur. H.s. bölüşdürülmüş (bir-birindәn asılı olmadan işlәyә bilәn EHM-lәrdәn ibarәt) vә bölüşdürülmәmiş (vә ya çoxprosessorlu; hәr biri yalnız H.s.-nin tәrkibindә öz funksiyasını yerinә yetirә bilәn prosessorlardan ibarәt), hәmcins (eyni tip EHM vә ya prosessorlardan qurulan) vә qeyrihәmcins (müxtәlif tip EHM vә ya prosessorlardan qurulan); çoxmaşınlı (hәr bir prosessor öz lokal әmәli yaddaşına malikdir vә öz әmәliyyat sisteminin idarәsi altında işlәyir) vә çoxprosessorlu (prosessorlar vahid әmәliyyat sisteminin idarәsi altında ümumi әmәli yaddaşla işlәyir) vә s. növlәrә ayrılır. Əgәr H.s.-nin tәrkibinә rәqәmli hesablama maşınından әlavә analoq hesablama maşını da daxildirsә, o, h i b r i d H.s.-nә aiddir. Bu H.s.-lәrindәn, adәtәn, mürәkkәb sistemlәrin, dinamik proseslәrin vә s. (mәs., neft vә qaz yataqlarının geolojitexnoloji modellәrinin, tәyyarә uçuşunun idarәetmә sisteminin) modellәşdirilmәsindә istifadә edilir.










