HESS German İvanoviç (German Henrix), [7.8.1802, Cenevrә – 30.11.(12.12). 1850, S.-Peterburq] – rus kimyaçısı, Peterb. EA akad. (1830). Derpt Un-tindә kimya vә tәbabәti öyrәnmişdir (tibb doktoru, 1825). 1825 ildә Stokholmda Y.Berseliusun yanında işlәmişdir. İrkutskda hәkim işlәmiş (1826 ildәn), eyni zamanda kimyәvi vә mineraloji tәdqiqatlar aparmışdır. 1828 ildәn S.-Peterbuqda yaşamışdır. S.-Peterburq Mәdәn İn-tunun prof.-u (1832–49), Baş Pedaqoji İn-tun prof.-u vә müfәttişi (1832–48) olmuşdur. Tәdqiqatları, әsasәn, termokimya sahәsindәdir. H. termokimyanın banilәrindәn biridir. Reaksiyanın istilik effekti kәmiyyәtinin kimyәvi hәrisliyin ölçüsü kimi istifadә olunmasını tәklif etmişdir. “İstilik miqdarının sabitliyi” qanununu kәşf etmişdir (1840). Bu qanuna görә reaksiyanın istilik effekti prosesin mәrhәlәlәrinin sayından asılı olmayıb, yalnız reaksiyaya girәn maddәlәrin başlanğıc vә son hallarından asılıdır (bax Hess qanunu). Neytral duz mәhlullarının qarışdırılması zamanı istilik ayrılmasını (termoneytrallıq qaydası) müәyyәnlәşdirmişdir. Platin tozunun oksigenlә hidrogenin qarşılıqlı tәsirindә katalitik rolunu vә hidrogeni adsorbsiyaetmә qabiliyyәtini aşkarlamışdır (1831). Domna sobalarında çuqunun әridilmәsi zamanı isti üfürmәnin tәsirini öyrәnmiş, Qafqaz nefti, ağac qatranı vә arı mumunun, yağların termiki parçalanma mәhsullarının tәrkibini öyrәnmişdir. Bir neçә mineral kәşf etmiş vә onların tәrkibini müәyyәnlәşdirmişdir (1830–34). Gümüş telluridi öyrәnmiş vә bu mineraldan tellurun alınma üsulunu tәklif etmişdir (1833). Gümüş tellurid H.-in şәrәfinә hessit adlandırılmışdır. 1831–49 illәr dә yeddi dәfә nәşr olunmuş “Tәmiz kimyanın әsasları” dәrsliyinin müәllifidir.










