HESS (Heβ) Rudolf (26.4.1894, Misir, İsgәndәriyyә – 17.8.1987, Berlin, Şpandau hәbsxanası) – Almaniya dövlәt vә siyasi xadimi, әsas hәrbi canilәrdәn biri. İsveçrә vә Almaniyanın kommersiya mәktәblәrindә tәhsil almışdır. Birinci dünya müharibәsi illәrindә cәbhәyә könüllü yollanmış (A.Hitlerlә eyni piyada polkunda xidmәt etmişdir), leytenant rütbәsinәdәk yüksәlmişdir. Müharibәnin sonlarında aviasiyada xidmәtә keçmişdir. Bavariya sovet respublikasının (1919) mәhvindә iştirak etmiş F.K. fon Eppin könüllü korpusunun döyüşçüsü olmuşdur. 1920 ildә Nasional-sosialist alman fәhlә partiyasına (NSAFP) üzv olmuşdur. “Pivә qiyamı”nın (1923) hazırlanması vә hәyata keçirilmәsindә mühüm rol oynamışdır. Qiyamın iflasa uğramasından sonra Avstriyaya qaçmışdır. 1924 ildә Almaniyaya qayıdan H. hәbs olunmuşdur. Hitlerlә birlikdә 9 ay Landsberq hәbsxanasında olarkәn onun diktәsi ilә “Mayn kampf” kitabını qәlәmә almışdır. Hәmin vaxtdan 1932 ilәdәk Hitlerin şәxsi katibi vәzifәsini icra etmişdir. 1932 ilin dekabrından NSAFP-nin mәrkәzi partiya komissiyasının rәhbәri, 1933 ilin aprelindәn “fürerin partiya üzrә müavini”, 1933 ilin dekabrından imperiya naziri, 1939 ilin avqustundan İmperiya müdafiә şurasının üzvü olmuşdur. 1939 il sentyabrın 1-dәn “fürerin ikinci varisi” (H. Gerinqdәn sonra) hesab edilmişdir. Nasist hökmranlığı sistemindә H. müstәsna geniş sәlahiyyәtlәrә malik idi. O, hökumәtin vә digәr dövlәt orqanlarının fәaliyyәti üzәrindә partiya nәzarәtini hәyata keçirirdi. “Fürerin tam hakimiyyәtә malik tәmsilçisi” elan olunmuş H.-ә Hitlerin adından qәrar vermәk hüququ verilmişdi. Hitler xarici vә daxili siyasәtlә bağlı bütün mühüm mәsәlәlәri H.-lә müzakirә edirdi. H.-in Almaniyanın SSRİ-yә hücumundan az әvvәl ingilislәrlә gizli sülh danışıqları aparmaq cәhdi uğur suzluqla nәticәlәnmişdi. 1941 ilin oktyabrında H. intihara cәhd etmişdir. Müharibәdәn sonra Nürnberqdәki Beynәlxalq hәrbi tribunal 1946 il oktyabrın 1-dә H.-i ömürlük hәbs cәzasına mәhkum etmiş vә o, Qәrbi Berlindәki Şpandau hәbsxanasına (1966 ildәn burada yeganә mәhbus olmuşdur) yerlәşdirilmişdi. 1960-cı illәrin sonlarından AFR-in vә digәr Qәrb dövlәtlәrinin sağ qüvvәlәri israrla H.-in әfv olunmasını tәlәb etmiş, lakin qalib ölkәlәr qәrarı dәyişmәmişlәr. Şpandau hәbsxanasına nәzarәt edәn Berlindәki Qәrb ölkәlәri hәrbi idarәsinin mәlumatına görә, H. intihar etmişdir (onun ölümündәn hәbsxana sökülmüşdür).










