HESSEN – Almaniyanın c.-q.-indә tarixi vilayәt vә federal әrazi. E.ә. 1 әsr – eramızın 3 әsrindә H. әrazisindә germanların hatt tayfası, sonralar onların nәsillәri olan hess tayfası (H. adı buradandır) mәskunlaşmışdı. 6 әsrdә onlar franklara tabe idilәr. Frank dövlәtinin, sonra isә Şәrqi Frank krallığının tәrkibindә H. qraflıq olmuşdur. 1130 ildәn Türingiya landqraflarının hakimiyyәtinә keçmişdir. Hessen-Türingiya irsi uğrunda müharibә (1247–64) nәticәsindә yenidәn müstәqil feodal mülkünә çevrilmişdi. 1292 ildәn H. Müqәddәs Roma imperiyasında mühüm rol oynayan imperiya knyazlığı idi. H.-in әn qüdrәtli dövrü I Filippin (Nәcib) [1509–67] hakimiyyәti illәrindә olmuşdur. Onun ölümündәn sonra knyazlıq 4 mülkә bölünmüşdü: Hessen-Kassel, Hessen-Marburq (1604 ildә Hessen-Kasselin tәrkibinә qatılmışdı), Hessen-Darmştadt vә Hessen-Reynfels (1583 ildә Hessen-Darmştadtın tәrkibinә qatılmışdı). 1803 ildә Hessen-Kassel kurfürstlük statusunu alaraq Kurhessen adlandırılmışdı. 1807 ildә o, Vestfaliya krallığına (bax Vestfaliya) birlәşdirilmiş, lakin Vyana konqresinin (1814–15) qәrarı ilә yenidәn bәrpa edilmişdi. Avstriya-Prussiya müharibәsindәn (1866) sonra Avstriyanın müttәfiqi olan Kurhessen Prussiya tәrәfindәn ilhaq edilmiş vә 1868 ildә Prussiyanın Hessen-Nassau (inz. mәrkәzi Kassel idi) әyalәtinin tәrkibinә qatılmışdı. 1622 ildә Hessen-Darmştadtdan Hessen-Homburq qraflığı (1868 ildә Prussiyanın Hessen-Nassau әyalәtinә birlәşdirilmişdi) ayrılmışdı. 1806–13 illәrdә Hessen-Darmştadt I Napoleonun protektoratı altında yaradılmış Reyn ittifaqına qatılaraq böyük hersoqluq statusunu almışdı; 1866 ildә Böyük H. hersoqluğu adlandırılmış vә 1871 ildә bu adla Almaniya imperiyasına qatılmışdı. 1918 ilin noyabrında H.-in böyük hersoqu devrilmiş, 1919 ilin dekabrında H. xalq dövlәti (inz. mәrkәzi – Visbaden; Almaniya dövlәtinin tәrkibinә federal әrazi kimi daxil olmuşdu) yaradılmışdı. Almaniyanın İkinci dünya müharibәsindә (1939–45) mәğlubiyyәtindәn sonra H.-in әrazisinin bir hissәsi ABŞ, digәr hissәsi Fransa işğal zonasına, 1949 ildә isә AFR-in tәrkibinә qatılmışdı; әrazinin böyük hissәsi H. federal әrazisini (әsas şәhәri – Visbaden) tәşkil etmiş, kiçik hissәsi Reynland-Pfalts federal әrazisinә daxil edilmişdir.










