HETERAKİS, Heterakidae fәsilәsindәn nematod cinsi. Bu cinsin nümayәndәsi olan Heterakis gallinarum növü toyuqların, hinduşkaların vә firәng toyuqlarının bağırsağında parazitlik edir. Çox vaxt çöl quşlarında da aşkar edilir. Bәdәn uzunluğu 12 mm-әdәk olan xırda qurddur. İnkişafı aralıq sahibi olmadan gedir. Yumurtaları nәcislә quşun bağırsağından xarici mühitә düşür vә yumurtalar 1-3 hәftәdәn sonra invazion mәrhәlәyә çatır. Quşlar qidalandıqları vә saxlandıqları yerdә yem vә su ilә invazion heterakid yumurtalarını udmaqla yoluxurlar. Xәstә quşlarda ümumi zәiflik, hәzm prosesinin pozulması, iştahanın itmәsi, ishal, yumurta vermәnin azalması müşahidә olunur. Dehelmintizasiya mәqsәdilә fenotiazin, tetramizol vә karbontetra xloriddәn istifadә olunur.










