HETT DİLİ (köhnә adı – nesi dili) – hettlәrin dili. Hett çarlığının rәsmi dili olmuşdur. Əhalisinin böyük әksәriyyәti üçün ikinci dil [hatt dili, hürri dili (bax Hürri-Urartu dillәri) vә Luviya dilindәn sonra] idi. Şimali Suriya vә Qәrbi Anadoluda da istifadә edilmişdir. E.ә. 2-ci minilliyin 2-ci yarısında Hett çarlığı sakinlәrinin gündәlik ünsiyyәt vasitәsi kimi Luviya dili tәrәfindәn fәal surәtdә sıxışdırılıb çıxarılmağa başlamış, onun süqutu әrәfәsindә isә (e.ә. 13–12 әsrlәrin ayrıcında) yalnız tәntәnәli mәrasimlәrdә zadәganlar tәrәfindәn, yaxud rәsmi vә dini sәnәdlәrin dili kimi istifadә olunmuşdur. H.d. hett-Luviya dillәrinin әn tam sәnәdlәşdirilmiş nümayәndәsi (on minlәrlә abidәsi mәlumdur; hamısının fraqmentlәri qalmışdır) vә hind-Avropa dillәrinin yazısı әldә olan әn qәdimidir. Ayrı-ayrı hett antroponimlәri vә başqa dildәn keçmiş ümumi isimlәr e.ә. 2-ci minilliyin әvvәllәrindә Kappadokiyadan olan Aşşur tacirlәrinin mixi yazılı lövhәciklәrindәn mәlumdur. H.d. abidәlәri – gil lövhәciklәr, onların fraqmentlәri, 1 tunc lövhәcik, üzәrindә hecalı mixi yazılı mәtnlәr olan digәr әşyalar e.ә. 17 әsrin ortaları – 13 әsrә aiddir. Abidәlәrә qanunlar külliyyatı, mәrasim vә magik ayinlәrinin tәsviri, fal, dini himnlәr, dualar, miflәr, tarixi salnamәlәr, mәktublar, müqavilәlәr, tәlimatlar, sözlәrin siyahısı, inzibati vә tәsәrrüfat sәnәdlәri daxildir. Onların әsas hissәsi Boğazköy ş.-ndәki Hett çarlığı arxivindәn, hәmçinin çarlığın әyalәt şәhәrlәrinin, Yaxın Şәrqin digәr qәdim şәhәrlәrinin arxivlәrindәn (Alalax, Uqarit, Amarna vә s.) aşkar edilmişdir. Xüsusi tәlim görmüş katiblәr tәrәfindәn yazıya alınmış H.d.-ndәki mәtnlәr ilk növbәdә cәmiyyәtin ali tәbәqәsinin üslubunu әks etdirir. Bir sıra tәdqiqatçılar vasitәsiz nitq yazılarında bәzi dialekt әlamәtlәrini fәrqlәndirir vә bunun xarici (hürri, yaxud Luviya dilinin) tәsirlәr ilә әlaqәli olduğunu ehtimal edirlәr. Hett sözlәrinin az qisminә (әsasәn, antroponimlәr) e.ә. 2-ci minilliyin 2-ci yarısına aid Akkad, Qәdim Misir vә Uqarit mәtnlәrindә rast gәlinmişdir. Yazıya alınmış H.d. tarixindә 3 dövr ayırd edilir: qәdim hett (e.ә. 16 әsrin sonuna qәdәr), orta hett (e.ә. 15–14 әsrin ortaları), yeni hett. İlk iki dövrdә o, canlı nitqә yaxın olmuşdur. Yeni hett dövrü abidәlәri katiblik mәktәblәrindә tәdris olunan sistemlәşdirilmiş dili әks etdirir. Bütün tarixi әrzindә H.d. orfoqrafiyası müәyyәn qaydalara tabe olmuşdur. Uzunqısalığı baxımından qarşılaşdırılan iki sıra samitlәrin mövcudluğu H.d. fonetikasının sәciyyәvi xüsusiyyәtidir. H.d. sintetik flektiv dillәrә aiddir. İsim, sifәt, әvәzlik, feil, müxtәlif sabit sözlәr H.d.-ndә olan nitq hissәlәridir. H.d.-ndә mәnşәyi mәlum olmayan çox sayda leksik iqtibaslar var. Yazıyaqәdәrki vә qәdim hett dövrlәrinin alınma sözlәrinin hatt dilindәn götürüldüyü müәyyәn olunmuşdur. Sami dillәrindәn dә az sayda alınma sözlәr var, lakin onların tarixini müәyyәn etmәk çәtindir. Hürri dilindәn çoxlu alınma sözlәr orta hett vә yeni hett dövrlәrinә aiddir; hürri dili vasitәsilә hәmçinin bәzi Akkad vә Şumer sözlәri, bir neçә hindari atçılıq termini keçmişdir. Bütün tarixi әrzindә H.d.-nә Luviya dilindәn sözlәr daxil olmuşdur. Abxaz-adıqe dillәrindәn, nax-Dağıstan dillәrindәn sözlәrin keçdiyi dә ehtimal edilir. Hett mixi yazısının dәqiq Şimali Suriya mәnbәyi müәyyәnlәşdirilmәmişdir. Müәyyәn olunmuş heca işarәlәrinin ümumi sayı 375-dәn çoxdur; әn çox işlәnәn işarә növlәri “samit+sait” vә “sait+samit” şәklindәdir. İşarәlәrin formasına, ideoqramların vә bәzi fonetik işarәlәrin tәtbiqinә görә fәrqlәnәn 3 әsas xüsusiyyәt ayırd edilir: qәdim hett, orta hett vә yeni hett. Yazı istiqamәti soldan sağa, sәtirlәrin sırası yuxarıdan aşağıyadır; fonetik sözlәr aralıq ilә ayrılır.










