HEYDƏR ƏLİ (tәqr. 1722, Kolar – dekabr, 1782, Cәnubi Hindistan, indiki Uttar-Pradeş ştatı, Çittur) – Hindistanda Maysur dövlәtinin hökmdarı [1761–82]. Racәlikdәki iğtişaşlardan istifadә edәn H.Ə. Vodeyarlar sülalәsindәn olan maharacәni Maysurun idarәetmәsindәn uzaqlaşdıraraq, hakimiyyәti әlә keçirdi. H.Ə. hәrbi xidmәt göstәrәn cagirdarlar institutunu lәğv etdi, Avropa tipli muzdlu ordu yaradaraq bir sıra işğalçı yürüş hәyata keçirdi vә qonşu racәliklәri tabe etdi. Onun istilaçı yürüşlәri qonşu hökmdarların, ilk növbәdә peşvaların (Marath konfederasiyasının başçıları) vә Hindistanın cәnubundakı mülklәrinin mәrkәzi Mәdrәs (indiki Çennai) olan ingilislәrin narahatlığına sәbәb oldu. Marathlara (1764, 1780) vә ingilislәrә (1767–69, 1780–84) qarşı müharibәlәrdә H.Ə. özünü mәharәtli sәrkәrdә kimi göstәrdi, onun qoşunları dәfәlәrlә düşmәn üzәrindә qәlәbә qazandı. H.Ə. ikinci İngiltәrә-Maysur müharibәsi (bax İngiltәrә-Maysur müharibәlәri) zamanı vәfat etdi vә hakimiyyәtә onun oğlu Tipu Sultan keçdi. H.Ə.-nin hakimiyyәti illәrindә Maysur dövlәtinin әrazisi xeyli genişlәndi. O, dini dözümlülük siyasәti yürüdürdü. H.Ə.-nin dövründә Maysur Hindistanın әn inkişaf etmiş dövlәtlәrindәn biri idi.










