HEYKƏL (
) Mәhәmmәd Hüseyn (20.8.1888, Kәfr-Qәnnam – 8.12.1956, Qahirә) – Misir yazıçısı. Qahirә Un-tinin hüquq fakültәsindә tәhsil almışdır (1905–09). Tәhsilini tamamladıqdan sonra vәkillik etmiş, Əhmәd Lütfi әs-Seyidin “әl-Cәridә” qәzetindә siyasi yazılar dәrc etdirmişdir. Qәzet ingilislәrin tәzyiqi ilә bağlandıqdan sonra Mustafa Əbdürraziq, Taha Hüseyn, Mәnsur Fәhmi vә Əbdülhәmid Hәmdi ilә birgә hәftәlik “әs-Süfur” әdәbi-ictimai jurnalını çıxarmağa (1915) başlamışdır. 1917 ildә Qahirә Untinin hüquq fakültәsindә dәrs demişdir. H.1922 ildәn baş redaktoru olduğu “әs-Siyasә” qәzetini qısa müddәtdә Misir vә Orta Şәrqin mühüm mәtbu orqanına çevirmişdi. Bir müddәt siyasi fәaliyyәt göstәrmiş, maarif naziri (1937–44), Misir senatının sәdri (1945–50) vә s. vәzifәlәrdә işlәmişdir. 1954 ildәn daha çox bәdii yaradıclıqla mәşğul olmuş, “Əxbәrül-yәvm” qәzetindә siyasi yazılarını da dәrc etdirmişdir. Onun “Zeynәb, yaxud Misirin kәnd hәyatı vә adәtlәrinin mәnzәrәlәri” (1914) әsәri әrәb әdәbiyyatında realist sәpkili ilk romanlardandır. “O, belә yaradılıb” romanında (1955) Şәrq mәnәviyyatını burjua sivilizasiyasına qarşı qoymuşdur. “Sәvrәtül әdәb” (1933) әsәri H.-in müxtәlif qәzet vә jurnallarda nәşr etdirdiyi әdәbiyyatla bağlı bәzi mәqalәlәrini vә hekayәlәrini әhatә edir. “Mәhәmmәdin hәyatı” (1935) mәşhur tarixi romanı bir çox dilә tәrcümә olunmuşdur. “Misirin siyasәti haqqında xatirәlәr” [iki cildini (1951–53) H. özü, üçüncü cildini isә (1977–78) oğlu Əhmәd nәşr etdirmişdir] kitabı 20 әsr Misir tarixinә dair qiymәtli mәnbәdir.











