HEYKƏL (lat. statua, sto – dayanmaq sözündәn) – heykәltәraşlığın әsas növlәrindәn biri. H. bir insan fiqurunu (mәs., atlı, ayaq üstündә dayanan, oturan vә ya uzanan halda) tәcәssüm etdirir, zoomorf vә abstrakt H.-lәr dә mövcuddur. Adәtәn, postament üzәrindә qoyulur. H. müstәqil dayana vә divar oyuğunda yerlәşdirilә, bina vә ya zәfәr sütununu bәzәyә, monumental memarlıq vә bağ-park ansamblına daxil ola bilәr. H. dәzgah incәsәnәti vә ya monumental sәnәt әsәri kimi dә yaradılır; interyer bәzәyindә tәtbiq olunan kiçik H.-lәr heykәlcik adlanır.










