HEYNİKE Samuel (10.4.1727, Hamburq yaxınlığında, Nautşüts – 30.4.1790, Leypsiq) – alman surdopedaqoqu, lal-karlar üçün şifahi (sәsli) tәhsil metodunun banisi. H. tәdrisi yalnız sәsli üsulla şifahi nitq formasında qurmuşdur. Tam tәhsildә sәsli metoda vә danışıq dilinә üstünlük versә dә, barmaq әlifbasının bәzi formalarından da istifadә etmişdir. Lal-karlar üçün ilk in-tu 1778 ildә Leypsiqdә yaratmış vә ömrünün sonuna kimi onun rәhbәri olmuşdur. “Lalkarların düşüncә tәrzi haqqında” (1780), “Lallar vә insan nitqi üzәrindә müşahidәlәr” (1788) vә s. әsәrlәrin müәllifidir. Leypsiqdә H.-yә abidә qoyulmuşdur (1881).










