HEYVANDARLIQ – heyvanların yetişdirilmәsi ilә mәşğul olan kәnd tәsәrrüfatı sahәsi. Əhalini qida mәhsulları (süd, әt, piy, yumurta, bal vә s.), qida sәnayesi, yüngül (yun, dәri, cod tük vә s.) vә tәkrar emal (mum, sümük vә s.) sәnayelәrini xammalla, tәsәrrüfatları qoşqu heyvanları (at, öküz, qatır, dәvә, maral) ilә tәmin edir vә s. H. mәhsullarından vә tullantılarından yem (üzsüz süd, әt-sümük unu vә s.), habelә müxtәlif dәrman preparatları (zәrdab, hormonal preparatlar vә s.) alınır. H. sahәlәrinә maldarlıq, donuzçuluq, qoyunçuluq, keçiçilik, atçılıq, dәvәçilik, quşçuluq, balıqçılıq, arıçılıq, dovşançılıq, xәzlik heyvandarlıq, maralçılıq, eşşәkçilik, qatırçılıq, itçilik, baramaçılıq aiddir. H. bitkiçiliklә sıx әlaqәdәdir, o, bitkiçilik mәhsullarından vә onların tullantılarından (saman, kökümeyvәlilәrin gövdә vә yarpaqları vә s.) yem bazasının yaranması üçün istifadә edir, öz növbәsindә bitkiçiliyә qiymәtli üzvi gübrә (peyin) verir ki, bunun istifadәsi nәticәsindә bitkilәrdәn alınmış qidalı maddәlәrin xeyli hissәsi yenidәn torpağa qayıdır. K.t.-nın uğurlu inkişafı bir çox cәhәtdәn bu әsas istehsal sahәlәrinin düzgün, elmi әsaslandırılmış fәaliyyәtindәn asılıdır. H. vә onun sahәlәrinin müxtәlif ölkә vә bölgәlәrdә inkişafı, әhalinin әrzaq mәhsulları ilә tәminatında rolu milli vә dini әnәnәlәrdәn, tarixi inkişafın xüsusiyyәtlәrindәn, tәbiәt-iqlim şәraitindәn asılıdır. H.-ın yaradılması üçün ilkin şәrt ixtisaslaşmış ovçuluq olmuşdur. Bir sıra ovçu vә toplayıcı cәmiyyәtlәrindә heç bir tәsәrrüfat mәqsәdi güdülmәdәn heyvanların әlә öyrәdilmәsi mәlum idi. Domestikasiyadan (әhlilәşdirmәdәn) fәrqli olaraq, әlә öyrәdilmә ayrı-ayrı fәrdlәrә tәtbiq olunur vә geri dönәn prosesdir. Domestikasiya H.-ın tәsәrrüfat sistemi kimi yaradılmasına sәbәb oldu vә ev heyvanlarının planlı şәkildә artırılmasına başlamağa imkan verdi. Bunun üçün yem tәdarük etmәyә, mәhsuldarlığı tәmin edәrәk nәsillәrin davamlılığını saxlamağa imkan verәn tәsәrrüfat sistemi (әkinçilik, daha az – intensiv balıq ovu) tәlәb olundu. Domestikasiya üçün xüsusi ali sinir fәaliyyәtinә, yüksәk morfofizioloji vә ekoloji plastikliyә malik heyvanlar seçilirdi. Heyvanların әlә öyrәdilmәsindәn onların әhlilәşdirilmәsinә keçirilmәsi ibtidai şәraitdә iki başlıca üsulun tәtbiqi ilә aparılırdı: imprintinq vә aclıqdan istifadә etmәklә zorla әhlilәşdirmә. Paleolitin sonlarında Avrasiyanın geniş әrazisindә ilk ev heyvanı olan әhlilәşdirilmiş it, yәqin ki, ilk vaxtlar ov vә mühafizә mәqsәdilә istifadә edilir, yaxud sadәcә bir kompanyon kimi saxlanılırdı. Digәr heyvanların domestikasiyası lokal xarakter daşıyırdı: Ön Asiyada (keçilәr, qoyunlar, iri buynuzlu qaramal, donuzlar, eşşәklәr, dromedar dәvәlәr), İran vә Belucistanda (zebu), Avrasiyanın çöllәrindә (atlar), Türk mәn-İran sәrhәdi әrazilәrindә (baktrian dәvәlәr), Mәrkәzi Asiyada (yak), Sayan-Altay bölgәsindә (Şimal maralları), Şәrqi Asiyada (donuzlar, qazlar, ördәklәr, ipәkqurdu), Cәnub-Şәrqi Asiyada (qayal, Bali qaramalı, camışlar, donuzlar, toyuqlar). Amerikada H. xüsusi xarakterә malik idi, belә ki, And dağlarında lamalar vә dәniz donuzcuğu, Mәrkәzi Amerikada hindtoyuqları artırılırdı. Ev heyvanlarının saxlanma tipi onların sürü halında otarılmasından tutmuş, onlar üçün xüsusi yerlәrin – ağıl, burdaq, qәfәs quraşdırılmasına kimi müxtәlif olmuşdur. Sonuncu әkinçiliyin nisbәtәn inkişaf etdiyi vә peyinin gübrә kimi istifadә edildiyi cәmiyyәtlәr üçün sәciyyәvidir. 16 әsrdә H.-da әmtәә-mal sahәlәri әmәlә gәlmәyә başlayır: Amerikada – iribuynuzlu qaramalın, Avropada – qoyunçuluğun artırılması. Nisbәtәn yüksәk dәyәrә malik, uzaq mәsafәlәrә daşınmaya dözümlü olan qoyun yunu dәniz ticarәti obyektinә çevrildi, otlaq qoyunçuluğunda güclü inkişaf, H.-da texniki tәrәqqi başladı. 17 әsrin sonlarında İngiltәrәdә minik atı cinslәrinin yaradılması H.-ın inkişafında böyük rol oynadı. Hәmin cins atlardan çarpazlaşdırmada yaxşılaşdırıcı material kimi geniş istifadә edilirdi. Bunun әsasında Avropada vә ondan kәnarda atçılıq yenidәn quruldu, yeni cinslәr yaradıldı, bu tәcrübә “qaramal zavod sәnәti”nin sonrakı inkişafı üçün әsas oldu. Digәr heyvan növlәrinin dә keyfiyyәt cәhәtdәn yaxşılaşdırılmasına başlandı. 18 әsrdә Avropada şәhәr әhalisinin artması ilә әlaqәdar әt mәhsullarına tәlәbat artdı. Bu isә k.t. heyvanlarının әt mәhsuldarlığının yüksәldilmәsi işini stimullaşdırdı (yeni cinslәrin yaradılması, mövcud olanların tәkmillәşdirilmәsi, yemlәmәnin yaxşılaşdırılması vә s.). London yaxınlığında yerlәşәn Smitfild sallaqxanasının mәlumatına görә 1720 ildә kәsilәn heyvanların orta kütlәsi (kq) aşağıdakı kimi idi: iriburnuzlu heyvanlar 168, qoç vә qoyunlar 28, 1795 ildә isә müvafiq olaraq 363 vә 36,3. Südlük heyvanların istifadәsindә arxaik formalar uzun müddәt saxlanılırdı. Qoyun vә keçilәr inәklәrә nisbәtәn daha әvvәl südlük heyvan kimi istifadә edilirdi. İribuynuzlu qaramalın erkәklәri әsas etibarilә işlәtmәk vә әt üçün yararlığına, inәklәr isә balavermәyә görә qiymәtlәndirilirdi. Separatorun yaradılmasından (1886) vә süd emalına proqressiv texnologiyanın daxil edilmәsindәn sonra süd mәhsulları әmtәәyә çevrildi. Bu, südlük maldarlığın inkişafı üçün stimul oldu, Danimarka, İsveç, Finlandiya, İsveçrә, Niderland bu sahәdә lider ölkәlәrә çevrildi. 20 әsrdә dünyada H. k.t. heyvanlarının genetik-seçmә prosesinin, yemlәnmә vә saxlanma sistemi texnologiyalarının müstәsna inkişafı ilә sәciyyәlәnirdi. 20 әsrin ortalarından 21 әsrin әvvәllәrinәdәk quşların (5,5 dәfә), donuzların (3,3 dәfә), qoyun vә keçilәrin (1,8 dәfә), iribuynuzlu heyvanların (1,7 dәfә) sayı әhәmiyyәtli dәrәcәdә artmışdır (cәdvәl 1). Sağılan heyvanların sayı nisbәtәn az (25%) artmış, atların sayı azalmışdır. H. mәhsullarının istehsalında davamlı artım müşahidә olunmuşdur: әt (5,3 dәfә, o cümlәdәn, mal vә dana әti 2,9 dәfә, donuz әti 6,2 dәfә, qoyun әti 2,1 dәfә, quş әti 9,6 dәfә), süd (2,3 dәfә), yumurta (5,8 dәfә). Bununla yanaşı, yun istehsalı bir qәdәr azalmışdır. H. mәhsullarının istehsalındakı artım heyvanların sayca artımını hәr şeydәn әvvәl mәhsuldarlığın genetik potensialının hәyata keçirilmәsi hesabına üstәlәmişdir; mәs., 1950 ildәn 2005 ilәdәk dünyada qoyunların sayı 40%, lakin qoyun әtinin istehsalı isә 2,1 dәfә artmışdır. Südçülük tәsәrrüfatlarının intensivlәşmәsi xüsusilә sürәtlәnmişdir. Orta hesabla bir inәkdәn süd sağımı (kq) İsraildә 10396, ABŞ-da 8504, İsveçdә 8107, Danimarkada 8000, Finlandiyada 7600, Kanadada 7524, Yaponiyada 7493, Niderlandda 7415, B. Britaniyada 6665, Almaniyada 6585, Fransada 5948 tәşkil etmişdir (BMT-nin Ərzaq vә Kәnd Tәsәrrüfatı Tәşkilatının mәlumatı, 2003-04). Daxili vә beynәlxalq bazarda sabit qiymәtli vә yüksәkkeyfiyyәtli әtә davamlı olaraq artan tәlәbat istehsal artımının inkişafına sәbәb olurdu. Dünyanın bir çox ölkәlәrindә donuzların, iribuynuzlu heyvanların kökәldilmәsi, yumurta vә quş әtinin istehsalı üzrә ixtisaslaşmış iri tәsәrrüfatlar yaradılırdı. Heyvanların intensiv yetişdirilmәsi texnologiyaları işlәnib hazırlandı, cavan heyvanların yetişmә müddәti azaldıldı (mәs., bir çox tәsәrrüfatlarda donuzlar 100 kq-a yaxın kәsilmә vәziyyәtinә 6–7 aya qәdәr 1 kq kütlәnin әldә olunması üçün 3,5–4 yem vahidi sәrf olunmaqla çatırlar).

Südlük inәklәrin әtlik cinslәrdәn olan öküzlәrlә çarpazlaşdırılması tәtbiq olunur. Bәzi ölkәlәrdә әtlik maldarlığın inkişafı daha geniş vüsәt alıb. AB ölkәlәrindә (2005) inәklәrin 34,4%-i әtlik maldarlıq texnologiyasına keçirilmişdir; әn yüksәk göstәricilәr İspaniya (65,9%), Portuqaliya (54,5%), İrlandiya (51,1%) vә Fransada (50,9%) qeydә alınmışdır. Dünyada adambaşına düşәn illik süd istehsalı 82,2 kq tәşkil edir (bu vә bundan sonrakı mәlumatlar BMT-nin Ərzaq vә Kәnd Tәsәrrüfatı Tәşkilatınındır, 2004–05). Ən çox süd istehsalı (adambaşına düşәn, kq-la) Yeni Zelandiya (3719,5), İrlandiya (1361,4), Danimarka (854,1), Niderland (646,1), Belarusiya (570,9), İsveçrә (530,9), Avstraliya (505,2), Estoniya (502,3), Litvada (499,9) olmuşdur. Dünyada әt istehsalı 265,2 mln/t-dur ki, bu da adambaşına 34,7 kq tәşkil edir. Dünya da әt istehsalı probleminin hәllindә aparıcı rol donuz yetişdirilmәsinә aiddir. Ət balansında donuz әti 38,6% tәşkil edir. Sayca әn çox donuz (mln. baş) yetişdirәn ölkәlәr Çin (473), ABŞ (60), Brazilya (33), Almaniya (26), İspaniya (24), Vyetnamdır (23). Adambaşına görә donuz әti istehsal edәn lider dövlәtlәr (kq) Danimarka (328,5), İspaniya (81,2), Niderland (77,1), Kanada (62,5), Polşa (54,4), Almaniyadır (52,9). Dünyada әn çox böyümә sürәti quş әtinin istehsalında qeydә alınır. Ət balansının tәrkibinә görә quş әti (30,7%) donuz әtindәn sonra 2-ci yerdә durur. Dünyada adam başına ildә 10,6 kq quş әti istehsal olunur. Dünya üzrә quş әti istehsalına görә lider dövlәtlәr (adambaşına düşәn, kq-la) ABŞ (52,8), İsrail (52,1), Brazilya (48,6), Danimarka (35,4), Kanadadır (30,8). Dünyada bir ildә adambaşına görә istehsal olunan mal әtinin miqdarı 7,9 kq tәşkil edir. Ən yüksәk göstәricilәr belәdir: Yeni Zelandiya (185,6), Avstraliya (103,0), Argentina (70,3), Kanada (46,3), Braziliya (43,6). Azәrb.-da iribuynuzlu qaramal 2,7 mln. baş (2015–19) hesabı ilә (o cümlәdәn südverәn inәklәrin sayı 12–13 mln. (2015–19), qoyun vә keçilәrin sayı 86 mln. başdan 83 mln.-adәk azalmışdır (2015–19, Cәdvәl 2) Azәrb.-da әtlik maldarlıq, әsasәn tәbii otlaq sahәlәri olan dağlıq vә dağәtәyi r-nlarda inkişaf etdirilir. Azәrb.-da mövcud olan qaramalın 10,3%-ini camış naxırı tәşkil edir.
Camışçılıqla Qarabağ, Mil-Muğan vә Şirvan bölgәlәrindә daha çox mәşğul olurlar. Lәnkәran-Astara zonasında geniş yayılmış Azәrbaycan zebusu tezye-tişkәn, әt çıxarı 58,8–60%-әdәk, illik süd sağımı orta hesabla 500 kq (yağlılığı 5–6%) olur. Ölkәmizdә camışçılıqla mәşğul olan 30-adәk kәndli-fermer tәsәrrüfatı var. Quşçuluğun illik istehsal gücü 55 min t quş әti vә 248,5 mln. әdәd yumurta olan 39 fabrik fәaliyyәt göstәrir. Resp. üzrә istifadә olunan 99,4 min t quş әtinin 64 min t-u, 1562,7 min yumurtanın 703,3 min әdәdi sәnaye üsulu ilә istehsal edilmişdir. Son illәrdә quşların sayı tәqr. 30 mln. baş olmuşdur. Azәrb.-da 74,1 min baş at (2016) olduğu halda, bu rәqәm azalmış, tәqr. 65 min baş (2019) olmuşdur. Donuzçuluq da artıbazalan xәtt üzrә inkişaf edir. 6143 min baş (2013) donuz 5485 baş (2019) olmuşdur. Arıçılıq tәsәrrüfatında 142000 arı ailәsindәn 1400 t bal mәhsulu alınmışdır (2010). Orta hesabla bir arı ailәsi 10 kq bal hasil edir.
Əd.: Б р а у н е р А.А. Животноводство. Од., 1922; Ш н и р е л ь м а н В.А. Происхождение скотоводства. М., 1980; К у л и к о в Л.В. История и методология зоотехнической науки. М., 2001; Наука о коневодстве на рубеже веков. Дивово, 2005; Ф и с и н и н В.И. Промышленное птицеводство: стратегия развития // Агрорынок. 2006. № 4; Rinderproduktion in Deutschland 2005. [В], 2006.










