HEYVANLAR (Animalia) – canlı orqanizmlәr alәmi; üzvi alәm sistemindә әn iri yarımbölmәlәrdәn biri. Heterotrofluq, yәni üzvi maddәlәrin müstәqil ilkin sintez qabiliyyәtinin olmaması (foto vә xemosintez), holozoy (faqotrof) qidalanma tipi, müxtәlif cür hәrәkәtetmә, xarici qıcıqlanmaları (sәs, işıq, iy vә s.) qәbul edәn vә keçirәn xüsusi orqanların (birhüceyrәlilәrdә orqanellәr) olması, mürәkkәb funksional sistemlәrin (hәzm, tәnәffüs, qan dövranı sistemi vә s.) formalaşması, bәrk hüceyrә divarının olmaması kimi әlamәtlәri birlәşdirәn hәyati formaların mürәkkәb mәcmusu. Eyni zamanda H.-ın üzvi alәmin digәr qruplarından fәrqi nisbidir. Mәs., göbәlәklәrdә heterotroflardır, bunlardan bәzilәri әsl yırtıcılardır; cücüyeyәn bitkilәr heyvanları tuta vә hәzm edә bilәr; bir sıra bitkilәr hәrәkәtin bu vә ya digәr formalarına malikdir; bәzi H. (mәrcanlar, briozoylar vә s.) hәrәkәtsiz hәyat tәrzi (onların sürfә mәrhәlәsinin hәrәkәtli olub yeni sahәlәrә yayılma funksiyasını yerinә yetirsә dә) keçirir vә i.a. H.-a aid edilәn orqanizmlәr Yer üzәrindә ehtimal ki, bakteriyalardan, yosunlardan vә göbәlәklәrdәn sonra, tәqr. 1 mlrd. il bundan әvvәl meydana gәlmişdir. Müxtәlif qrupa mәnsub ikiqatlıların, qurdların әlamәtlәri olan çoxhüceyrәli H.-ın qalıqları artıq Kembriyәqәdәrki çöküntülәrdә vardır (650–600 mln il әvvәl). Heyvan tiplәrinin әksәriyyәtinin nümayәndәlәri Kembridә yaranmışdır; primitiv onurğalılar da bu dövrün sonundan mәlum idi. H.-ın quruda yaşamağa öyrәnmәsi Silurda (445–420 mln il әvvәl) başlamışdı. İlk quru onurğalıları, arxaik suda-quruda yaşayanlar Devonun sonunda (tәqr. 355 mln il әvvәl ) meydana gәlmişdir.
Heyvanların sistemi vә onun tәşkili sәviyyәlәri. Üzvi alәmin ümumi sistemindә H.-ın mövqeyinә, taksonomik tәrkibinә vә digәr orqanizm qrupları ilә münasibәtlәrinә, zooloji sistematikanın ali kateqoriyalarının (alәmlәr, tiplәr, siniflәr) mәzmununa dair tәsәvvürlәr biologiyanın tarixi boyu xeyli dәyişikliklәrә uğramışdır; taksonomiyada vә filogenetikada molekulyar biol. metodlarından istifadә nәticәsindә hәyat sisteminә vә H.-ın orada mövqeyinә dair baxışların xüsusilә әhәmiyyәtli dәrәcәdә yenidәnqurulması (tәşkili) baş verdi. Aristoteldәn başlayaraq uzun müddәt H. iki üzvi alәmdәn (bitkilәrlә yanaşı) biri sayılırdı. 19 әsrin әvvәllәrindә göbәlәklәri dә müstәqil alәm hesab etmәyә başladılar. 20 әsrdә nüvәsiz orqanizmlәr olan prokariotlar üzvi alәmdә ayrıca bir yer tutdu; onlar müstәqil alәm kimi, yaxud heyvanların da aid olduğu, taksonomik dәrәcәyә görә bütün qalan orqanizmlәri özündә birlәşdirәn daha yüksәksәviyyәli kateqoriya olan eukariotlara bәrabәr qәbul edilmәyә başlandı. Beşalәmli sistem variantları meydana çıxdı, bunların bәzilәrindә içәrisindә hәm heyvan, hәm dә bitki orqanizmlәrinin olduğu birhüceyrәli eukariotlar – protistlәr müstәqil alәm kimi ayrıldılar. İndiyә qәdәr canlı orqanizmlәrin çox alәmli sisteminin külli miqdarda variantı tәklif edilmişdir; bunlarda heyvan әlamәtlәri olan orqanizmlәr 5–8 vә daha çox alәmin (çoxhüceyrәli H. arasında 3-әdәk alәm ayrılır) tәrkibinә daxildir. Heyvan sayılan bütün qruplar heç dә hәqiqi olaraq vahid mәnşәdә (monofiliya ilә) birlәşmir. Müasir tәsәvvürlәrә görә H. taksonomik yox, ekoloji kateqoriyadır; bu kateqoriyaya filogenetik birliyә (mәnşәnin ümumiliyinә) görә yox, hәyat funksiyalarının (morfoekoloji, yaxud hәyati forma anlayışlarında öz әksini tapır) oxşarlığı әsasında tamamilә müxtәlifcinsli orqanizm qrupları daxil edilir. Birhüceyrәli eukariotlar olan ibtidailәrin (protistlәrin) ali dәrәcә taksonlarına bölünmә problemi mürәkkәbdir. Onların bir çoxunda heyvan, bitki vә göbәlәk әlamәtlәri vardır. İbtidailәrin bir neçә qrupuna alәm dәrәcәsi verilir. Adәtәn, H.-a aid edilir: 1) Euglenozoa tipinә aid heterotrof qamçılılar, o cümlәdәn, bakteriya vә yosunlarla qidalanan formaların aid olduğu Kinetoplastidea sinfi, hәmçinin yırtıcılar vә parazitlәr (mәs., tripanosomlar ); 2) bağırsaq kommensalları olan opalinkimilәr tipi (Opalinata), çoxqamçılılar (Polymastigota) vә dәri qatlaqlı qamçılılar (Choanomonada) tipi; 3) hәrәkәt vә qida tutmaq orqanellәrinә malik ibtidailәrin böyük qrupu; bu orqanellәr formaca müxtәlif sitoplazma çıxıntıları (yalançıayaqlılar, yaxud psevdopodilәr) şәklindә olur; әvvәllәr vahid bir sinif, sonralar sarkodinlәr tipi sayılan bu qrup hazırda çılpaq vә çanaqlı amöblәr (Rhizopoda), heliozoykimilәr (Heliozoa), foraminiferlәr (Foraminifera) kimi bir neçә tipә ayrıldı; 4) infuzorların (Ciliophora), yaxud kirpiklilәrin monolit tipi; 5) parazit ibtidailәrin sporlular (Sporozoa), mikrosporidilәr (Microsporidia), knidosporidilәr (Cnidosporidia) vә s. kimi bir neçә qrupu. Ehtimala görә müasir dәri qatlaqlı qamçılılara yaxın olan birhüceyrәli formalardan törәmiş çoxhüceyrәli H. (Metazoa), hazırda bir neçә qeyri-bәrabәr qrupa bölünәn müstәqil alәm kimi izah olunur. Kembriyә qәdәrki dövrdә meydana gәlәn vә o zaman әn cox inkişaf etmiş süngәrlәr (Porifera), hәmçinin Kembri dәnizlәrinin nәsli kәsilmiş arxeosiatlar tipi (Archaeocyata) Mezozoyda aşağı sәviyyәli hüceyrә inteqrasiyası (sinir sistemi, әzәlәlәr, bağırsaqlar vә s. yoxdur) ilә sәciyyәlәnәn primitiv çoxhüceyrәlilәr (Parazoa) yarımalәminә (bәzi müәlliflәrә görә alәm) aid edilir. Sadә quruluşlu ikiqatlı orqanizmlәrin kiçik bir qrupu olan lövhәlilәr tipinin (Placozoa) mövqeyi çox da aydın deyildir. A.V.İvanov vә b. rus müәlliflәrinin fikirlәrinә müvafiq olaraq әsl çoxhüceyrәlilәr (Eumetazoa yarımalәmi, yaxud alәmi) heyvan morfologiyasında tәkamülün radikal dәyişiklik mәrhәlәlәrini әksetdirәn iki şöbәyә, bir neçә yarımşöbәyә vә tipüstünә bölünür. Radial-simmetriyalı şöbә (Radiata), әsasәn, әvvәllәr dalayıcılar vә dalamayanlar, yaxud daraqlılar tiplәrinә ayrılmış vahid bağırsaqboşluqlular tipidir. Onların bәdәni iki hüceyrә qatından (ektovә endodermadan) formalaşmış, hәmçinin anal dәlik (anus) funksiyası daşıyan ağzı var, bu da digәr çoxhüceyrәlilәrin rüşeym inkişafı mәrhәlәsi olan qastrulanın quruluşuna uyğundur. Növlәrin әsas hissәsi dalayıcılar tipinә aid olub su qatlarında Substrata yapışmış (poliplәr) passiv, yaxud aktiv üzәn (meduzalar) H.-dır. İkitәrәfli-simmetriyalı şöbә (Bilateria) üçqatlı H.-ı (orqanlar vә toxumalar-ekto-, ento- vә mezoderma adlı üç rüşeym vәrәqindәn formalaşmışdır) birlәşdirir. Bağırsaq ağız vә anusdan ibarәt olub hәr iki tәrәfi açıqdır. Bәzi qruplar ikinci dәfә natamam radial simmetriya qazanmışdır (dәrisitikanlılar). Bura ilkağızlı (ağız blastopordan әmәlә gәlmişdir) qurdabәnzәr H., ikinci bәdәn boşluğundan mәhrum olanlar (yastı qurdlar, nemertinlәr, әvvәllәr dәyirmi qurdların yığma tipinin tәrkibinә daxil olan nematelmintlәr, rotatorilәr, başıxortumlular, tikanbaşlılar), hәmçinin bir neçә tipüstündә birlәşәn qalan bütün tiplәrin daxil olduğu ikinciboşluqlular, yaxud sonboşluqlular (Celomata) daxildir. Sәciyyәvi sürfәsi olan troxoforanın adı ilә adlanan troxofora tipüstünә (Trochozoa) molyusklar, halqavarı qurdlar, sipunkulidlәr, exiuridlәr, asta yerişlilәr, buğumayaqlılar vә b. aiddir. Xarici vә daxili quruluşuna görә bu H. biri-birindәn olduqca çox fәrqlәnsәlәr dә tәdqiq edilәn ümumi filogenetik mәnbәlәri vardır, mәs., sinir sisteminin tәşkilinә görә. Çıxıntılılar tipüstü (Tentaculata) briozoylar, çiyinayaqlılar, foronidlәr kimi filogenetik mövqeyi tam aydın olmayan qrupları birlәşdirir. H.-ın iki kiçik qrupu – hәm ilk ağızlılara hәm dә ikinciağızlılara yaxınlaşan çәnәsiqıllılar (Chaetognata) vә poqonoforlar (Pogonophora) tipüstülәr dәrәcәsinә qaldırılmışdır. İkinciağızlılar, tipüstü (Deuterostomia) H. sistemindә xüsusi yer tutur; onun embrional inkişafı prosesindә ilk ağızın (blastopora) yerindә anal dәlik inkişaf edir, definitiv ağız isә sәrbәst olaraq öndә formalaşır. Dәrisitikanlılar, yarımxordalılar, xordalılar bu tipüstünә daxildir. Biol. tәkamülün zirvәsi sayılan onurğalılar sonunculara aiddir. Son onilliklәrdә zooloji sistematika molekulyar filogenetika metodları әsasında yenidәn işlәnmәyә mәruz qalmışdır. Bununla bәrabәr bilateral-simmetriyalı H. daxilindә ilk- vә sonağızlılara bölünmә qalır, lakin ilkağızlılar Lophotrochozoa (çıxıntılılar, troxoforlar, hәmçinin yastı qurdlar, rotatorilәr, tikanbaşlılar, nemertinlәr vә s.) vә Ecdysozoa (buğum ayaqlılar, astayerişlilәr, nematelmintlәr vә başı xortumlular ) tiplәrinә bölünür.
Heyvanların növ zәnginliyi. Tәqr. 1,5. mln müasir heyvan növü tәsvir edilmişdir. Bunların 1,2 mln.-u buğumayaqlılar, o cümlәdәn, tәqr. 1 mln. növü cücülәrdir. Növlәrin miqdarına görә ikinci olan molyusklar tipinә tәqr.135 min. növ daxildir. Xordalılar tipi tәqr. 52 min növü birlәşdirir. Birlikdә götürülmüş dalayıcılar, yastı, girdә, halqavari vә s. qurdların aid olduğu tiplәrin hamısından bir qәdәr azdır. Protistlәrin bütün tiplәrindә tәqr. 36 min növ vardır. Heyvan taksonlarının növ zәnginliyinin müqayisәli analizi zamanı nәzәrә almaq lazımdır ki, növәmәlәgәlmәnin templәri bәdәn ölçüsündәn әhәmiyyәtli dәrәcәdә asılıdır. Növlәrin çoxu xırda heyvan qrupları mәs., mәmәlilәr sinfindә gәmiricilәr, quşlar sinfindә sәrçәkimilәr, hörümçәk kimilәr arasında gәnәlәr, maksimum sayda növ әmәlә gәtirir. Yuxarıda göstәrilәn qiymәtlәndirmәlәr artıq mәlum növlәrin miqdarına әsaslanır. Bәzi zooloqlar yeni növlәrin tәsviri templәrinin uçotunu nәzәrә alaraq belә fәrz edirlәr ki, müasir faunanın növ zәnginliyi olduqca böyükdür (tәqr. 10 mln. heyvan növü, o cümlәdәn, 8 mln. cücü), bütün üzvi alәmin isә 12 mln. növdәn ibarәt olduğu hesab edilir. Göstәrilәn qiymәtlәrin (rәqәmlәrin) son dәrәcә mübahisәli olmasına baxmayaraq, daha böyük rәqәmlәr dә göstәrilir. 3–4 mln. heyvan növü barәdә mәlumatları daha münasib hesab etmәk olar. Klassik sistematika prinsiplәrinә vә meyarlarına müvafiq olaraq bütün üzvi alәmdәki növ zәnginliyinin 3/4-ü H.-ın payına düşür. Növlәrin müxtәlifliyinin vә orqanizmlәrin müxtәlif qruplarının morfoadaptiv әlamәtlәrinin müqayisәli analizi göbәlәklәrlә vә bitkilәrlә müqayisәdә H.-da onların quruluşunda vә hәyat tәrzindә növәmәlәgәlmәnin radikal yenidәnqurulmaların daha yüksәk templәrindәn xәbәr verir. Başqa orqanizmlәrdә olduğu kimi H. arasında da әn çox növ müxtәlifliklәri vә uyğunlaşma formaları tәkamülcә daha irәli getmiş, yüksәk tәşkilolunmuş qruplarda toplanmışdır.
Heyvanlar biosferdә. H. praktiki olaraq, tropiklәrdәn qütblәrәdәk, quru vә okean sәthindәn tutmuş çox böyük dәrinliklәrә vә әn yüksәk dağlara, yeraltı sulara vә torpağın dәrin qatlarına qәdәr praktiki olaraq bütün mühit tiplәrindә mәskunlaşırlar. Landşaftların vә biotopların әksәriyyәtindә onlar növ zәnginliyinә görә birlikdә götürülmüş bütün digәr orqanizm qrupları üzәrindә üstünlük tәşkil edirlәr. Bununla belә әn sәrt, ekstremal şәraitdә, mәs., qütb sәhralarında, әn yüksәk dağların zirvәlәrindә, çox şorlaşmış vә isti su hövzәlәrindә H., o cümlәdәn onların әn primitiv formaları müxtәliflik göstәricilәrinә görә birinciliyi prokariotlar, şibyәlәr, göbәlәklәr kimi qruplara verir. H.-ın biosfer proseslәrindәki rolu hәr şeydәn әvvәl onların heterotroflar kimi qidalanmaları ilә müәyyәn edilir. Ekolojitermi nologiyaya görә H. produsentlәrin (avtotroflar vә xemotroflar) yaratdığı mürәkkәb üzvi maddәlәrdәn istifadә edәn konsumentlәrdir. 1-ci, 2-ci vә i.a. dәrәcәli konsumentlәr (bitkiyeyәnlәr, yırtıcılar, parazitlәr) istehsal-enerji sәciyyәsi ilә fәrqlәnәn trofik sәviyyә yaradırlar. Bununla bәrabәr, digәr orqanizmlәr kimi H. mürәkkәb üzvi maddәlәri produsentlәrin istifadә etdiyi nisbәtәn sadә maddәlәrә qәdәr parçalayan redusentlәr rolunu oynayır. Bu proseslәrdә ölü heyvanları vә heyvan eks krementlәrini yeyәn nekrofaqlar vә koprofaqların (girdә vә halqavarı qurdlar, molyusklar, çoxayaqlılar, gәnәlәr, cücü sürfәlәri vә s.), yarıçürümüş üzvi maddәlәr vә bitki qalıqları ilә qidalanan detritofaqlar vә saprofaqların xüsusilә mühüm rolu var. Dәniz ekosistemlәrindә әsas, mikroskopik orqanizmlәrdәn ibarәt olan vә heyvanların tәkamülünün ilk mәrhәlәlәrinin baş verdiyi avtotrof halqanın, biokütlәdәki payı vә biomәhsuldarlıq proseslәrindә rolu quru ekosistemlәrindәkindәn xeyli yüksәkdir. Aralarında xüsusilә böyük trofoenergetik rol oynayan müxtәlif filtratorlar olan dәniz heyvanları ilkin mәhsulun xeyli hissәsini yeyir vә su hövzәsinin vahid hәcminә vә sahәsinә görә nisbәtәn çox ikincili mәhsul yaradırlar. Quruda H. makrofitlәrin (ağaclar vә otlar) әmәlә gәtirdiyi, әsasәn, saprofitlәr (bakteriyalar, göbәlәklәr) tәrәfindәn işlәnmiş ilkin mәhsulun kiçik bir hissәsini istifadә edir. Ümumi biomәhsuldarlıqla müqayisәdә H.-ın ümumi kütlәsi (zookütlә) vә quru ekosistemlәrindә onun artımı nisbәtәn azdır. Eyni zamanda hәm su, hәm dә quru ekosistemlәrindә H. biosenotik vә tәkamül proseslәrinin tәnzimlәnmәsindә mühüm vә hәrtәrәfli rol oynayır. Belә ki, bitki toxumalarını xırdalamaqla vә torpağı tәkrar qazımaqla H. ölü üzvi maddәlәrin çürümәsi vә torpaqәmәlәgәlmә proseslәrini intensivlәşdirir. Örtülütoxumlu bitkilәrin sürәtli tәkamülü tozlayıcı cücülәrin simbiozu nәticәsidir, bozqır vә savannalar kimi çox mühüm biomların mövcudluğu isә bitkiyeyәn mәmәlilәrin fәaliyyәti nәticәsindә saxlanılır.
Heyvanlar vә insan. İnsanın vә insan cәmiyyәtinin tәkamülündә H.-ın rolu çox böyük vә müxtәlifdir. İnsan fәaliyyәtinin ov vә ov tәsәrrüfatı, әkinçilik, heyvandarlıq vә marikultura, nәqliyyat vә hәrbi iş, hәmçinin üzәrindә tәcrübә aparılan H. -a әsaslanan elm vә tәbabәt kimi sferalarının inkişafı H.-la bağlıdır. Qәdimdәn bәri insan k.t. zәrәrverici, xәstәlik yayıcı, parazit H.-la mübarizә aparır. İnsanın tәbiәtә tәsirinin güclәnmәsi bir çox H.-ın, ilk növbәdә tәbiәtin toxunulmamış böyük sahәlәrindә yaşayan iri formaların, hәmçinin keçmiş dövrlәrdәn qalmış relikt növlәrin sayının vә arealının getdikcә sürәtlәnәn kәskin azalmasına sәbәb olur. İnsanın tәsәrrüfat fәaliyyәtinin son 500 ili әrzindә tәqr. 150 quş vә mәmәli heyvan növü mәhv olmuşdur. Tәqr. 12% quş, 20-30% mәmәli, tәqr. 30%-әdәk suda-quruda yaşayan vә sürünәn növü nәsli kәsilmәk hәddindәdir. H.-ın tәdqiqilә, zoologiya mәşğul olur, adәtәn, onurğalılar zoologiyası vә onurğasızlar zoologiyasına ayrılır; heyvanların ayrı-ayrı qruplarını xüsusi fәnlәr, o cümlәdәn, protistologiya, malakologiya, akarologiya, entomologiya, ixtiologiya, ornitologiya, teriologiya öyrәnir; H.-a bir sıra analitik vә sintetik xarakterli elmlәr – heyvan embriologiyası, morfologiyası, heyvan sitologiyası, genetikası, etologiyası, ictimai ekologiya vә ekologiya, zoocoğrafiya vә b.; parazitologiya, helmintologiya, tibbi zoologiya, k.t. vә meşә entomologiyası vә s. kimi, xüsusi vә tәtbiqi profilli elmlәr hәsr edilmişdir. H.-dan üzgüçülük vә uçuşla (biomexanika, bionika), siqnalizasiya vә sәmtlәşdirmә (bioakustika, xemokommunikasiya) ilә әlaqәdar bir çox mürәkkәb texnoloji problemlәrin hәlli üçün model obyektlәr kimi istifadә olunur. İnsan orqanizminin fәaliyyәt prinsiplәrini vә insan cәmiyyәtinin inkişaf qanunlarını daha tam anlamaq üşün H.-ın öyrәnilmәsi vacibdir.










