HEYVANLARIN CİNSLİYİ (cinslilik) – genetik analiz metodları ilә müәyyәn edilәn, hәmçinin heyvanın nәslinin analizi zamanı vahiddәn kiçik paylarla hesablanan genetik saflıq. H.c. hәmçinin vizual olaraq orijinal cins heyvanın tipini bildirәn sәciyyәvi әlamәtlәrә görә cinsin standartına uyğunluğunu ifadә edir. İki müxtәlif cinsdәn olan heyvanların cütlәşmәsindәn әmәlә gәlmiş mәlәzin 1-ci nәslindә (“yarım cinslik”) cinslilik nisbәti 1/2 vә 1/2, mәlәzin valideynlәrdәn birinin cinsindәn olan cins heyvanlarla cütlәşmәsindәn alınan nәsillәrdә cinslilik nisbәti 3/4 vә 1/4, 1/8 vә 7/8 vә s. kimi dәyişәcәkdir. Eyni cinsin valideynlәrindәn alınmış vә ya mәlәzin cins heyvanlarla (cinslilik 15/16-dәn yuxarı) ardıcıl cütlәşmәsindәn alınan nәsil (adәtәn 5-ci nәsil) cins nәsil hesab olunur. H. c. heyvanın әrz olunan cinsә uyğunluq dәrәcәsinin qiymәtlәndirilmәsi, hәmçinin onun potensial mәhsuldarlıq proqnozunun dәqiqliyi üçün vacibdir vә heyvanın bonitirәsi zamanı qiymәtlәndirilir. H.c. heyvanların yetişdirilmә proqramlarının işlәnib hazırlanması, seleksiya işlәrinin hәyata keçirilmәsi zamanı heyvanların seçmә metodlarının müәyyәn edilmәsi, cinsin genetik pasportunun tәrtib olunmasında nәzәrә alınır.










