HƏBİBULLA XAN (3.6.1872, Daşkәnd – 20.2.1919, Lağman әyalәti) – Əfqanıstanәmiri [1901–19]. Hakimiyyәtinin ilk dövründә vәtәnpәrvәr dairәlәrin tәzyiqi ilә dövlәti möhkәmlәndirmәk vә B.Britaniyadan asılılığı azaltmaq mәqsәdilә islahatlar keçirmәyә cәhd göstәrmişdir. Onun әmri ilә nәşr olunan “Siracül-әhbar” qәzeti Əfqanıstanda millәtçiliyin inkişafında mühüm rol oynamışdır. Ölkәni müasirlәşdirmәyә çalışan H.x. tәhsil, hәrbi vә sәnaye sahәlәrindә dә islahatlar aparmış, dini biliklәrlә yanaşı dünyәvi tәhsil verәn Hәbibiyyә mәktәblәri vә Kabildә mәtbәә açdırmış, Cәbәlüs-Siracda ilk suelektrik stansiyasını inşa etdirmiş, Əfqanıstana telefon vә avtomobil gәtirtmişdir. 1905 il martın 21-dә İngiltәrә ilә bağlanmış müqavilәyә görә, Əfqanıstan faktiki olaraq Britaniya imperiyasının protektoratına çevrilmişdi. Birinci dünya müharibәsinin başlanğıcında İngiltәrәnin tәzyiqi ilә Əfqanıstanın bitәrәfliyini elan edәn H.x. bunun müqabilindә ingilislәrdәn tam müstәqillik tәlәb etmiş, ingilislәr isә bu mәsәlәyә müharibәdәn sonra baxılmasına dair vәd vermişdilәr. Bundan iki ay sonra H.x. Cәlalabadın şm.-ındakı iqamәtgahında sui-qәsd nәticәsindә qәtlә yetirilmiş, onun yerinә oğlu Əmәnulla xan keçmişdir.










