HƏFTƏ – 7 gündәn ibarәt zaman müddәti. Hәr günün xüsusi adı var (bazar ertәsi – birinci, çәrşәnbә axşamı – ikinci, çәrşәnbә – üçüncü, cümә axşamı – dördüncü, cümә – beşinci, şәnbә – altıncı, bazar isә yeddinci gündür). Yeddigünlük H. ilk dәfә Qәdim Şәrqdә işlәdilmişdir. Bizim eranın 1-ci әsrindә Romada istifadә edilmәyә başladı vә oradan da bütün Qәrbi Avropaya yayıldı. Günlәrin adları o zaman mәlum olan 7 göy cisminin (şәnbә – Saturn, sonrakılar Günәş, Ay, Mars, Merkuri, Yupiter, Venera) adı ilә bağlıdır.










