HƏQİQƏT (әr.
) – mәdәniyyәtin idraki vә әmәli fәaliyyәt oriyentiri kimi çıxış edәn vә müәyyәn meyarlar (gerçәkliyә uyğunluq, ideala yaxınlıq, daxili razılıq vә empirik haqlılıq, hәrәkәtlәrin uğurluluğu, daxili harmoniya duyğusu vә s.) ilә bağlı olan әn mühüm dәyәr universalilәrindәn biri. H. anlayışının mәzmunu meyar seçimindәn asılıdır, bu seçimin özü isә dünyagörüşünün xarakteri, fәlsәfi baxışlar sistemi, ictimai tәcrübәnin strukturu, insanın әqidә vә inanclarının mәcmusu ilә müәyyәnlәşir. H.-in Platon vә Aristoteldәn başlanan klassik fәlsәfi konsepsiyası ona әsaslanır ki, obyektiv (dәrkedәn subyektdәn asılı olmayan) gerçәkliyә uyğun gәlәn fikirlәr hәqiqidir. H.-in “korrespondent” (lat. correspondentia – uyğunluq) nәzәriyyәsi adlanan bu konsepsiya çәrçivәsindә formulә olunmuş tәrifdәki hәr üç terminin öz problematikası meydana gәlir. Birinci qrup problemlәr mәhz hansı fikirlәrin H. qismindә sәciyyәlәnә bilәcәyini göstәrәn mәhdudiyyәtlәrlә bağlıdır. Mәs., işlәrin müәyyәn vәziyyәtini tәsvir edәn hökmlәr hәqiqi ola bilәr, lakin әmr ifadә edәn, yaxud müәyyәn mәna daşımayan hökmlәr hәqiqi vә yayanlış kimi sәciyyәlәnә bilmәz; hәqiqiliyә iddia edәn hökmlәr dilin sintaktik vә semantik qaydalarına uyğun gәlmәlidir (mәs., “Bu kvadrat dairәvidir” hökmünә hәqiqi, nә dә yanlışdır, o, mәnasızdır). İkinci qrup problemlәr fikrin uyğun gәldiyi gerçәkliyin özünün nәdәn ibarәt olması ilә bağlıdır. Mәntiqi atomizmә (B.Rassel) görә, hökmlәr “faktlar”a uyğun gәldiyi halda hәqiqidir; lakin “faktlar” hissi qavrayışlardan vә konseptual interpretasiyalardan asılı olan idraki konstruksiyalar olduğu üçün, hökmlәri faktlarla qarşılaşdırmaqla biz müәyyәn fikirlәri digәr fikirlәrlә qarşılaşdırmış oluruq. İ.Kantın vurğuladığı әsas çәtinlik ondan ibarәtdir ki, fikir öz obyekti (“özündә şey”) ilә birbaşa qarşılaşdırıla bilmәz, ona görә bilik öz mәxsusi gerçәkliyinә malikdir vә mәhz bu gerçәklik çәrçivәsindә hәmin biliyin obyektivliyi mәsәlәsi qoyula bilәr. Üçüncü qrup problemlәr “uyğunluq” anlayışının traktovkasi ilә bağlıdır: burada gerçәkliyin “surәtini çıxarmaq”dan ibarәt bәsit konsepsiyadan tutmuş, bilik vә onun obyekti arasında uyğunluğun hәmin biliyin bütün praktiki nәticәlәrinin empirik yoxlanması ilә tәsbit edilmәsi haqqında praqmatik konsepsiyaya qәdәr müxtәlif variantlar mövcuddur (Ç.Pirs, dialektik materializm). H.-in “korrespondent” konsepsiyası realist idrak nәzәriyyәlәrinin (tәnqidi realizm, elmi realizm vә s.) ilkin şәrtlәrindәn biridir. Bir sıra metodoloji konsepsiyalarda bilik vә onun obyekti arasındakı “uyğunlu ğun” tәsdiq, verifikasiya dәrәcәsi (analitik fәlsәfә), “hәqiqәtәuyğunluq” (hipotez tәkzib olunmadıqca reallığa “uyğun” sayılır; K.Popper) vә s. bu kimi müxtәlif şәrh variantları tәklif edilmişdir. Biliyin instrumentalist, konvensionalist vә konstruktivist modellәri H.-i daxilәn tәnzimlәnmiş (ziddiyyәtsiz) sistem tәşkil edәn biliyin bir xassәsi kimi (H.-in “koherent” nәzәriyyәsi) şәrh edirlәr, bu zaman biliyin ayrıca fraqmentinin (cümlәnin, nәzәriyyәnin, hipotezin vә s.) hәqiqiliyi onun ziddiyyәtsiz vә tәnzimlәnmiş sistemә mәnsubluğu ilә tәsdiqlәnir. Yüksәk dәrәcәdә formallaşdırmaya imkan verәn mәntiqi vә riyazi nәzәriyyә (fizikanın bәzi nәzәriyyәlәri dә buna yaxındır, mәs., klassik mexanika vә kvant fizikası) buna nümunәdir. “Koherent” nәzәriyyә mahiyyәtcә “korrespondent” nәzәriyyәyә qarşı durmur, lakin onda xüsusi metodoloji aspekti aşkara çıxarır: bilik ilә reallıq arasındakı birmәnalı ifadә olunmayan “uyğunluq” problemi әvәzinә biliyin hansısa konkret fraqmentini mәnsub olduğu sistemin xarakteristikası ilә әlaqәlәndirmәklә onun hәqiqiliyini müәyyәnlәşdirmәk üçün mәntiqi tәhlil metodlarının tәtbiqi nәzәrdәn keçirilir. “Zәruri” vә “tәsadüfi”, nisbi vә mütlәq, faktiki vә mәntiqi H.-lәrin klassik fәrqlәndirilmәsi ona әsaslanır ki, bilik mәnbәyi vә yekun sәbәbi idrakdan asılı olmayan kimi düşünülәn reallığa nә qәdәr yaxın olduğu dәrәcәdә hәqiqidir. H.-in klassik konsepsiyalarından fәrqli olaraq, irrasional konsepsiyalarında onu insanın xüsusi әminlik vәziyyәti kimi şәrh edirlәr: H. hamının inandığıdır, nәyәsә uyğunluq tәlәb etmәyәn dәyәrdir, yaxud razılaşma nәticәsi, şәrh vә anlama xarakteristikası, kommunikativ fәaliyyәtin mühüm psixoloji şәrtidir. Belә konsepsiyalarda biliyin obyektiv gerçәkliyә münasibәti qismindә H. haqqında mәsәlә ya hәlledilmәz olduğu üçün nәzәrә alınmır, ya da ümumәn mәnasız sayılır. “H.” termini tavtoloji mәna qazanır: hәqiqi odur ki, hansısa mülahizәlәrә görә hәqiqi olaraq qәbul edilir. Hәqiqiliyin sübutunu intuitiv “aydınlanma”da, şәxsi-mәhrәm yaşantılarda vә s. tapırlar. Buradan da H.-in prinsipial “plüralizm”i meydana gәlir: “başqası”nın yaşantısı olan “hәqiqiliyi” şübhә altına almaq olmaz, lakin heç kimin H. üzәrindә inhisara malik olmadığı fikri ilә razılaşmaq olar, insanlar obyektiv-hәqiqi biliklәri deyil, onların daxili duyğularını әks etdirәn ya az, ya çox mәqbul olan fikirlәrini mübadilә edirlәr. H.-in bu cür konsepsiyaları elmin idraki müddәaları ilә mürәkkәb vә çox zaman ziddiyyәtli münasibәtlәrdә olur: bәzilәrindә insanın fәaliyyәt azadlığını onun obyektiv şәraitdәn asılı olan ümumәhәmiyyәtliliyi vә uğurluluğu tәlәbi ilә mәhdudlaşdıran “rasional diskurs” hökmran mövqedәdirsә (elm, texnika, istehsalat, iqtisadiyyat), digәrlәrindә “özünüifadә”yә istiqamәtlәnәn sәrbәst fәaliyyәt üstün mövqedәdir; üçüncü qisim konsepsiyalarda H. inancla, ali başlanğıca mәxsusluq hissi ilә vә s. sıx bağlıdır. H.-in anlaşılmasındakı bütün bu әhәmiyyәtli fәrqlәrlә yanaşı, insan mәdәniyyәtinin müxtәlif sahәlәrindәki konkret kontekstindә o, insan varlığının fundamental xarakteristikası kimi çıxış edir.










