“HƏQQ YOLU” – hәftәlik ictimai-siyasi, elmi-әdәbi vә iqtisadi jurnal. Bakıda Azәrb. dilindә “Kaspi” mәtbәәsindә nәşr edilmişdir [ilk nömrәsi 1911 il dekabrın 14-dә, sonuncusu (№ 21, 8 sәh. hәcmindә) 1912 il noyabrın 28-dә]. Redaktoru vә naşiri Q.Qarabәyov idi. Jurnalda M.Nәdim, M.S.Axundov, F.Köçәrli, A.Divanbәyoğlu, M.Ə.Rәsulzadә, Ə.Fәhmi, M.Mahmudbәyov kimi mütәrәqqi ziyalıların yazıları dәrc edilmişdir. “H.y.”-nda Tolstoy, Puşkin, Qoqol vә b. haqqında mәlumatlar verilmiş, әsәrlәrindәn parçalar dәrc olunmuşdur.










