HƏLLAC (
), Əbül-Muğis Hüseyn ibn Mәnsur (858, İran, Beyza, Tur k. – 26.3.922, Bağdad) – sufi mütәfәkkir, şair. Kiçik yaşlarında ailәsi ilә Vasitә (İraq) köçmüş, ilk tәhsilini orada almışdır. 874 ildә Tüstәrә (Şüştәr) getmiş, Sәhl ibn Abdullahın tәlәbәsi olmuşdur. 876 ildә Bәsrәyә sürgün edilәn müәllimi ilә birlikdә oraya getmişdir. Cüneydin dostu Əmr ibn Osman Əl-Mәkkinin müridi olmuş, ondan xirqә almışdır. Bәsrә mәrhәlәsi H.-ın hәyatında vә düşüncәsindә dönüş nöqtәsi olmuşdur. Orada zincilәrlә yaxın olan Kәrnәba sülalәsinә mәnsub sufi Əbu Yaqub Əqtәnin qızı ilә evlәnmiş, buna görә ittihamla üzlәşmişdir. H. 878 ildә Bağdada gәlәrәk, Cüneydin söhbәtlәrini dinlәmişdir. 884 ildә Hәcc ziyarәtinә yollanmış, bir il Mәkkәdә qalmış, bu müddәt әrzindә ciddi riyazәtlә (cismani vә mәnәvi sınaqlardan ibarәt sufi praktikası) mәşğul olmuşdur. Mәkkәdәn qayıtdıqdan sonra mistik tәcrübә vә bilgilәrini geniş kütlә içәrisindә yaydığı üçün әksәr sufilәr (o cümlәdәn Cüneyd, Əmr vә Əqtә) ondan üz döndәrmişlәr. H. Bağdadın ortodoks sufi mühitindәn uzaqlaşaraq Tüstәrә dönmüş, sufi ideyalarının açıq tәbliğinә başlamışdır. Əmrin ardıcıl antitәbliğatı nәticәsindә tәqr. bir il sonra Tüstәri tәrk etmәk mәcburiyyәtin dә qalmışdır. 5 il әrzindә Xorasan, Mavәraünnәhr, Sicistan vә Kirmanda vәzlәr vermişdir. Geri qayıtdıqdan sonra 400-ә yaxın ardıcılı ilә birgә ikinci dәfә Hәccә getmiş, Mәkkә sufilәri tәrәfindәn sehrbazlıq vә şarlatanlıqda ittiham olunmuşdur. Bu dәfә fikirlәrini yaymaq üçün Hindistan, Çin vә Orta Asiyaya sәfәr etmişdir. Hindistanda dәrin tәsir buraxmış, “Əbül-Muğis” (“Xilaskar”) lәqәbini dә orada almışdır. Onun hәm tәsәvvüfi, hәm dә sosial-siyasi baxışlarının dәrinlәşmәsinә qәrmәtilәr vә Tәbәristan әlәvilәri ilә yaxınlığı tәsir göstәrmişdir. Böyük nüfuzla Bağdada qayıdan H. tәqr. 902 ildә üçüncü dәfә Hәcc ziyarәtinә yollanmışdır. Bundan sonra kәskin siyasi çağırışları vә qeyri-әnәnәvi ekstatik fikirlәri (“şәthlәr”) ilә geniş xalq kütlәlәri arasında mәşhurlaşan H. hakim dairәlәr vә ruhanilәr arasında narahatlıq doğurmuşdur. H.-ın kütlәvi çıxışlarının bir tәrәfdәn saray çәkişmәlәri, Qәrmәtilәr, Tәbәristan әlәvilәri vә Tunis Fatimilәrinin Abbasilәr xilafәti üçün doğurduğu tәhdidlә, digәr tәrәfdәn isә xalqın hakimiyyәtdәn narazılığı ilә sәslәşmәsi mövcud tәhlükәni daha da artırırdı. 909 ildә baş vermiş, onun da әlaqәli olduğu uğursuz saray çevrilişindәn sonra başlanan tәqiblәrdәn Əhvaza qaçan H. 3 il sonra xәyanәt nәticәsindә tutularaq Bağdada aparılmış vә Qәrmәtilәrlә әlaqәdә ittiham edilmişdir. Mühakimә işini aparan vәzir Əli ibn İsa ölüm hökmünü lәğv etsә dә, H. ömrünün qalan hissәsini hәbsdә keçirmәli olmuşdur. Zindanda vә saray daxilindә H.-ın ardıcıllarının sayının artmasından ehtiyatlanan yeni vәzir Hamid ibn Abbas 922 ildә H.-ın mühakimә işini yenidәn qaldırmış vә ölüm hökmü çıxarılmasına nail olmuşdur. H. Dәclә çayı kәnarında Babuttaq adlanan yerdә işgәncә ilә edam edilmişdir.
H.-ın tәliminin әsasını iki başlıca prinsip – tövhid vә mәrifәt (hәqiqi bilgi) tәşkil edir. Bunlar müvafiq olaraq teologiya vә idrak nәzәriyyәsinin mәrkәzi anlayışlarıdır, lakin ümumilikdә H.-a sistemli şәkildә nә teologiyanı, nә dә qnoseologiyanı isnad etmәk mümkün deyil. Çünki nәticә etibarilә yaradılandan Yaradana doğru bütün idrak yollarını vә münasibәtlәri mәhdudlaşdıran vә birmәnalı şәkildә fәrdi mәnәvi tәcrübә üzәrindә dayanan H. sözlәri işlәtmәyә belә ehtiyatlı yanaşır: “tövhid demә, çünki söz vә hәqiqәt xәlq üçün gerçәk deyil, Haqq üçün necә gerçәk ola bilәr?” H.-da tövhid anlayışı iki formada – Allahın öz vәhdәti vә Yaradan-yaradılan vәhdәti baxımından üzә çıxır. H. mütlәq Hәqiqәtin dәrkini birmәnalı şәkildә istisna edir. Yaradan-yaradılan vәhdәtini isә insanların Allahı necә dәrk etmәlәri kimi göstәrir. Burada tövhid Allah vә yaradılmışlar arasında münasibәti açıqlayan “mücәrrәd vә fәrdi elm”dir. Yaradan-yaradılan münasibәtini “hәqiqәt hәqiqәtdir, yaradılmış isә yaradılmış” şәklindә formulә edәn H. substantiv vәhdәtdәn vә Allaha qovuşmaqdan bәhs etmir. Bu baxımdan bütün müsәlman alimlәri üçün sәciyyәvi olan tәnzih (mücәrrәdlәşdirmә, pakbilmә) anlayışı H.-da öz zirvәsinә çatır. Tövhidә verdiyi müxtәlif tәriflәri tәhlil edәrәk, hәr birinin yanlış olduğunu vә sözlәrin hәqiqәti ifadә etmәdiyini göstәrәn H. onu birbaşa Allahın özünә isnad etmәkdә dә ehtiyatlı davranır: “Əgәr desәm ki, O Odur, bu, tövhid demәk deyil”. H.-ın idrak nәzәriyyәsi hәm dolayısı ilә onun tövhid anlayışında, hәm dә bilavasitә idraka dair görüşlәrindә әksini tapmışdır. Onun idrakın obyekti olan Hәqiqәtә dair fikri öz-özlüyündә idraka mәhdudiyyәt qoymuş olur. “Yaradılmışların idrakı hәqiqәtlә bağlı deyil, hәqiqәt kainatla bağlı deyil. Düşüncә әlaqәdir. Yaradılmışların әlaqәsi hәqiqәtlәrә aparmır. Hәqiqәt elminin idrakı çәtindir. Bәs hәqiqәtin hәqiqәti necә?” Tәsәvvüfdә geniş yayılmış yәqinlik dәrәcәlәrinin tәsnifatı – “elmül-yәqin” (yәqinlik elmi), “eynül-yәqin” (yәqinin özü) vә “hәqqül-yәqin” (yәqinin haqqı) H.-da “elmül-hәqiqәt” (hәqiqәt elmi), “hәqiqәtül-hәqiqәt” (hәqiqәtin hәqiqәti) vә “hәqqül-hәqiqәt” (hәqiqәtin haqqı) bölgüsü ilә әvәzlәnir. Klassik Şәrq әdәbiyyatının geniş yayılmış motivlәrindәn olan pәrvanә vә şam qarşılaşdırmasını ilk dәfә tәtbiq etmiş H. pәrvanәnin şamın şüasını görmәsini hәqiqәtin elmi, onun hәrarәtini hiss etmәsini hәqiqәtin hәqiqәti, özünü şamda yandırmasını isә hәqiqәtin haqqı ilә müqayisә edir. H.-da idrak tövhid düşüncәsi ilә sıx bağlı olduğundan mәsәlәyә iki aspektdәn yanaşma burada da özünü göstәrir. Birinci, Allahın hәqiqәtinin dәrkidir; bu, birmәnalı şәkildә istisna edilir. İkincisi, insanın öz idrak sәviyyәsinә uyğun dәrk etdiyi hәqiqәtdir; bu, mәkan vә zaman şәraitindәn asılı olaraq dәyişә bilir. Bu baxımdan kütlәnin düşüncәsini (zәnn) seçilmiş insanların düşüncәsindәn (fәhm) fәrqlәndirәn H. insanları dәniz kimi qәrq edәn fәhmә dair tәsviri (aralarından yalnız biri haqq olan eyniölçülü çoxlu nöqtәlәr) ilә artıq bu mәqama qәdәr gәlib çatmış bütün insanların hәqiqәt haqqında biliklәrinin doğruluq ehtimalını sıfra endirmiş olur. Tәsәvvüfün idrak nәzәriyyәsindә ali mәqam olan irfanın (batini bilik) gücünü belә hәqiqәtin dәrkinә nisbәtdә xeyli dәrәcәdә azaltdıqdan sonra H. növbәti sonuncu mәrhәlәdә tanımaya dair görüşlәrinin mehvәrini tәşkil edәn mәrifәtin tәrifinә keçir. Kainatdakı bütün bilgilәri Quranda, Quranı nöqtәdә, nöqtәyә dair bilgini mәrifәtdә yekunlaşdıraraq, “O”nun (“Huvә”) sirliliyindә dayanan H.-a görә, “Onun sirliliyinin elmi budur – “Onun bәnzәri kimi bir şey yoxdur” (Quran, 42:11), Onu da ancaq O bilir”. H. mәrifәti irfanın, Tanınanın (“Mәruf”un) özünü isә mәrifәtin fövqündә qәrarlaşdırmaqla transsendentlәşdir mәnin möhürünü vurmuş olur. H.-ın hәqiqәtә aparan bütün yolları birmәnalı şәkildә mәhdudlaşdırması insanın hәqiqәtdәn mәhrum qalmasını deyil, Allahın O özü olaraq hәr cür birlәşmә, qarışma, eynilәşmә, dәrkolunma kimi keyfiyyәtlәrin fövqündә olduğunu ifadә edir. H. Göstәrir ki, “tövhid Tәklәnәnin deyil, tәklәyәnin keyfiyyәtidir”. Bu isә öz növbәsindә mәnbәlәrdә H.-a aid edilәn hülul vә ya panteizm iddialarını inkar etmiş olur. H.-a görә, kainatdakı hәr zәrrә Allaha işarәdir, amma heç bir şey (hәtta bütövlükdә kainat) Allah deyil. H.-ın idrakı mәhdudlaşdırması digәr tәrәfdәn onun bütün formal vә nәzәri biliklәri inkar edәrәk mistik tәcrübә üzәrindә tәmәrküzlәşmәsinә gәtirib çıxarır. Bu tәcrübәnin mәrkәzindә isә sonralar, әsasәn, hürufiliyin vә bir çox başqa düşüncә sistemlәrinin başlıca qayәsinә çevrilmiş insan amili dayanır. İnsanın öz yaradılışındakı ilkin mәqsәdi reallaşdıraraq, hәqiqәtә varması, bütün tәsәvvüf tarixindә olduğu kimi, H. tәliminin dә başlıca ideyasıdır. Onun formulә etdiyi qırxpillәli mәnәvi yüksәliş sisteminin son iki pillәsini “hidayәt” (doğru yola girmә) vә “başlanğıc” kimi müәyyәnlәşdirmәsi hәqiqәt alәminin yalnız bundan sonra açıldığını göstәrir; H. bu alәmi mütlәq boşluq kimi tәsvir edir. İlkin mәqsәdi reallaşdırmanın dünyada insan tәrәfindәn ixtiyari hәyata keçirilmәdiyi tәqdirdә Qiyamәtdә icbari baş verәcәyi barәdә Quran ayәsindәn (75:11-13) çıxış edәn H. ilahi “xәbәr”dәn (hәqiqәt elmindәn) sәrf-nәzәr edәrәk mәsuliyyәtdәn qaçmağı tәhlükә kimi qiymәtlәndirir. Çünki bu mәsuliyyәt әzәlidir (Quran, 33:72). Lakin “xәbәr”in hәqiqәtinә çatmadan onunla razılaşmaq da H. üçün qeyri-kamillikdir. H. bunun әn bariz nümunәsi kimi Allahın Musa peyğәmbәrlә ağac (Bibliya versiyasına görә, kol; Çıxış, 3:2) vasitәsilә danışmasını göstәrir (Quran, 28:30). H.-ın tәsәvvüf tarixindә әn dәrin iz buraxmış vә әn çox müzakirә olunmuş “ Ənәlhәq” (Mәn haqqam) kәlamı bu ideya ilә sıx bağlıdır. H. göstәrir ki, mәnim “Mәn haqqam” demәyim ağacın Musaya “mәn Allaham” demәsi kimidir; çünki Musa ilә danışan ağac deyil, Allah özü idi. H. bu ideyanı fәna (bax Fәna vә bәqa) anlayışı ilә yekunlaşdırır; yәni fәrdi mәnin aradan qalxması ilә onun yerini mütlәq Mәn doldurur. Bu isә yalnız “yaradılmışdan imtina etmәk”lә mümkündür: “Hәqiqәt dairәsinә çatan mәni unudur vә mәni görmür”. İdeya etibarilә Bәyazid Bistamiyә gedib çıxan “Ənәlhәq” H.-da özünün bitkin şәklini almış vә tәsәvvüf düşüncәsinin zirvәsinә çevrilmişdir. H.-ın әsasını qoyduğu, sonralar Əhmәd Qәzzali, Eynülqüzat vә b. tәrәfindәn davam etdirilәn “İblisi müdafiә” әnәnәsi dә fәrdi “mәn”dәki qürurla bağlıdır. H.-a görә, İblisin insana sәcdә etmәkdәn imtinası vә әbәdi cәzaya razı olması onun öz nöqteyi nәzәrindәn Allaha mütlәq sevgi, Ondan başqasına baş әymәmәk vә әzәli ilahi iradәnin reallaşması kimi qiymәtlәndirilmәlidir. Hәqiqәt baxımından isә o, özünün üstünlüyü barәdә zәnnә qapılmış vә kamilliyә nail ola bilmәmişdir. H. bu nailiyyәtin әn mükәmmәl nümunәsi kimi Mәhәmmәd peyğәmbәri İblisә qarşı qoymaqla fәna konsepsiyasını tamamlamış olur. Bu konsepsiyanın mәğzini әzәli mәqsәddәn yayınmamaq, maddi bağlılıq vә fәrdi istәklәrdәn imtina tәşkil edir. Bunun nәticәsi isә H.-ın insanlığın әn uca nailiyyәti qismindә xüsusi tәsvir etdiyi merac hadisәsidir. Tәsәvvüf tarixindә yeni cığır açan vә “әnәlhәq” әnәnәsinin banisi kimi mәşhurlaşan H. özündәn sonrakı әksәr sufilәrin ilham mәnbәyi olmuş, düşüncәlәri vә hәyat tәrzi ilә klassik Şәrq, o cümlәdәn Azәrb. әdәbiyyatında azadlıq, cәsarәt, hәqiqәt pәrәstlik, ideya uğrunda fәdailik rәmzinә çevrilmişdir. Əbu Nәsr Sәrrac Tusi, Sülәmi, Əbülqasım Quşeyri, Xacә Abdullah Ənsari, Hücviri, Əbu Sәid Əbülxeyr, Əbdülqadir Geylani, Fәxrәddin Razi, Nәsirәddin Tusi, İbn Tüfeyl, Molla Sәdra H.-ın ideyalarının müdafiәçilәri, Eynülqüzat, Əhmәd Qәzzali, Ruzbehan Bәqli, Sәnayi, Fәridәddin Əttar, Cәlalәddin Rumi, Əhmәd Yәsәvi, İbn Ərәbi, Sührәvәrdi (Şeyx İşraq), Şeyx Mahmud Şәbüstәri, Hafiz Şirazi, İmadәddin Nәsimi vә b. H.-ın ideyalarının әn böyük davamçıları olmuşlar. Sührәvәrdi, Eynülqüzat vә Nәsimi hәm dә hәyat tәrzi vә edam olunmaları baxımından “әnәlhәq” әnәnәsinin görkәmli ardıcıllarına çevrilmişlәr. H.-ın dövrümüzә “Kitabüt-Tәvasin” әsәri vә şeirlәr “Divan”ı, hәmçinin hәyatına dair rәvayәtlәr toplusu olan “Əxbarül-Hәllac” әsәri çatmışdır.
Əd.: M. H a l l a c, Tavasin, çeviren Yaşar Günenç, İstanbul, 2002; Mәnsur Hәllacın sirli dünyası, Fәlsәfi incilәr kitabxanası, c. 8, B., 2006; Tәsәvvüf nurunun iki çırağı: Mәnsur Hәllac vә Sәrrac Tusi, Fәlsәfi incilәr kitabxanası, c. 8, B., 2007.










